Balaca Araz hələ də əmisinin yolunu gözləyir
Azadlıq, müstəqillik hər bir xalq, hər bir millət üçün böyük nemətdir. Bütün xalqlar ona qovuşmağı özlərinin əzəli və əbədi arzusu hesab edir, bu yolda qətiyyətlə çarpışırlar. Qədim və şərəfli tarixə malik Azərbaycan xalqı da öz azadlıq və istiqlaliyyəti uğrunda əsrlərlə mübarizə aparmış, onun naminə minlərlə oğul və qızını qurban vermişdir. Azərbaycanı ucaldan, onu şöhrətləndirən də vüqarlı oğulları, yenilməz qızlarıdır. Onlar gənc nəsil üçün igidlik, vətənpərvərlik nümunəsidirlər. İnsanın vətənpərvərlik hissinə malik olması onun ən ali əxlaqi-mənəvi keyfiyyətləri sırasında birincilərdən hesab olunur. Çünki vətənpərvərlik doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda mübarizə aparmaq, faydalı olmaq, onu qorumaq kimi keyfiyyətləri özündə birləşdirir. Təsadüfi deyil ki, Vətən dara düşəndə insanlar onun azadlığı, xilası naminə qüvvələrini səfərbər edirlər. Mənfur qonşularımız gözəl yurdumuza göz dikəndə də belə oldu: Xalqımız bir yumruq kimi birləşərək bütün qüvvəsini torpaqlarımızın azad olunmasına yönəltdi. Qarabağ müharibəsində iyirmi mindən artıq şəhid verdik. Bu şəhidlər Azərbaycanın qüruru, şərəfi sayılır, onların heç biri yaddan çıxmır, unudulmur. Çünki bu savaşda şəhidlik zirvəsinə ucalanlar müqəddəs bir amal uğrunda-Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçiblər. Belə insanları nə vətən, nə də xalq unuda bilməz.
Vətən haqqında çox deyilib, çox yazılıb. Amma onun gözəlliyi, doğmalığı barədə sözlərimiz tükənməyib, onu sevən ürəyimiz yorulmayıb. Çünki bizim Vətən torpağına bəslədiyimiz məhəbbət əbədidir, sönməzdir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir insanın qəlbində Vətən sevgisi var, torpaq sevgisi var.
Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Xalqımız lap qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi yaradıblar. Bu məktəbdən keçənlər torpağını, vətənini öz qanı bahasına qoruyublar. Tariximizin şanlı səhifələrini vərəqləsək, ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Bu torpaq Babəklər, Cavanşirlər, Koroğlular yurdudur. Belə qəhrəmanlar xalqın qəlbində həmişə yaşayıb və daim yaşayacaq. Minlərlə Azərbaycan oğlullarının Qarabağda göstərdiyi şücaət bir daha sübut edir ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir.
Torpaqlarımızın bütövlüyü yolunda canını fəda edənlərdən biri Araz Quliyevdir. Bu yazıda igid el oğlumuzun həyatı, keçdiyi döyüş yolu barədə söhbət açacağıq. Şəhidlik zirvəsini özünə əbədi məskən seçən Arazın anası Sənubər xanımla görüşdük. Ağbirçək ana övladının igidliyi barədə qürurla danışdı.
Qayğısız uşaqlıq illəri və bu qayğısızlığa bir kədər toxumu səpən ata itkisi
Qarabağ savaşı, başqa vətən övladları kimi, Arazı da şəhidlik zirvəsinə ucaltdı. Doğma yurdu, Vətəni qorumaq lazım idi. Bu yol ölüm-dirim savaşına aparan bir yol idi. Araz bu yolu seçdi. Çünki o, vətəni özündən də çox sevirdi...
1971-ci il iyunun 18-də Abşeron rayonunun Xırdalan qəsəbəsindən başlayan qayğısız uşaqlıq illəri və bu qayğısızlığa bir kədər toxumu səpən ata itkisi...
Araz Quliyev hələ uşaq ikən atasını itirmişdi. Sənubər xanım bütün ömrünü iki balasının - Gündüz və Arazın böyüyüb boya-başa çatmasına həsr etmişdi. Orta təhsilini qəsəbədəki 2 saylı orta məktəbdə alan Araz ibtidai təhsilini bitirdikdən sonra 1985-ci ildə C. Naxçıvanski adına hərbi liseyə daxil oldu. Bu məktəbdə oxumaq onun uşaqlıq arzusu idi. O, kiçik yaşlarından bütün varlığı ilə hərbi sahəyə can atırdı. Tale Arazı sanki vətən keşikçisi kimi həm çətin, çətin olduğu qədər də şərəfli bir xidmətə hazırlamışdı. Onu qamətinə çox yaraşan hərbçi geyimində görəndə evdəkilərin sevinc, qürur hissləri qəlblərinə sığışmırdı.
Araz hərbi liseydə üç il oxuduqdan sonra təsilini davam etdirmək üçün Vladivostok şəhərinə yollanır. Uzaq Şərqə Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. Beş il Uzaq Uzaq şərqdə təhsil aldıqdan sonra 1992-ci ildə doğma vətəni Azərbaycana qayıdır. Hərbi məktəbdə əldə etdiyi bilikləri, təcrübəni Azərbaycanın hərb sənətində istifadə edir. Həmin dövrlərdə Dağlıq Qarabağ erməni işğalçılarının hücumlarına məruz qalmışdı. Respublikamızın suverenliyi, ərazi bütövlüyü təhlükə altında idi. Mhz belə bir çətin zamanda Araz öz xalqının köməyinə gəlir. O, respublikamıza qayıtdıqdan sonra təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirir.
Onun döyüşkənliyi, qələbəyə inamı hətta özündən yaşlı adamları da döyüşə ruhlandırırdı
1992-ci ildə A. Quliyev cəbhə bölgəsinə göndərilir. Qarabağda gedən ağır döyüşlər elə bil ki, hələ çoxdan gənc zabit Arazın yolunu gözləyirdi.
Bu, Arazın ürəyindən idi. Xain ermənilərin Qarabağı işğal altına salmaq istəyi Arazın cəbhəyə yollanmasının qarşısını ala bilmir. O, əvvəlcə Laçın, Füzuli, Qubadlının od-alovundan keçir. 1993-cü ilin aprel ayında isə Füzuli rayonunun Veysəlli, Çartaz, Qırmızı Bazar kəndləri istiqamətində gedən döyüşlərdə bölük komandiri kimi iştirak edir. Onun döyüşkənliyi, qələbəyə inamı, hətta özündən yaşlı adamları da döyüşə ruhlandırırdı. Komandir kimi yüksək keyfiyyətlərindən hiss olunurdu ki, Araz müharibədən sonra hərbi sahədə böyük uğurlar qazanacaq. O, igidliyi ilə Laçın, Qubadlı, Tərtər, Ağdam və başqa cəbhə bölgələrində ad çıxarmışdı. Əmralılar, Muğanlı, Kurapatkin, Divanlılar və başqa yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə, eləcə də digər yerlərdə həmişə öndə vuruşurdu. Cəbhə dostları arasında gözəl xasiyyəti, ağlı, cəsarəti, qorxmazlığı tanınırdı. Araz Quliyev özü şəxsən bir çox əməliyyatlarda yaxından iştirak edir, düşmənlərin yerləşdiyi ərazi və onun canlı qüvvəsi haqqında məlumatlar toplayırdı. Kəşfiyyat xarakterli bu cür əməliyyatlarda Araz dəfələrlə erməni quldurları ilə üz-üzə gəlmiş, düşmənin bir neçə canlı qüvvəsini məhv etmişdi. 1993-cü ilin aprelində Ağdərə bölgəsində Mehrətağ, Maqavus kəndləri uğrunda gedən çətin döyüşlərin uğurla başa çatmasında onun xüsusi rolu ıolub. Komandanlıq buna görə də Arazı və tabeliyində olan şəxsi heyəti layiqincə mükafatlandırıb.
Növbəti döyüş əməliyyatı zamanı düşmən tutduğu mövqelərdən xeyli geri oturduldu. Bu döyüşlərdə çoxlu canlı qüvvə itirən ermənilər artıq Arazı çox yaxşı tanıyırdılar. Akop Kamari kəndi yaxınlığında da düşmən xeyli itki verərək geri çəkilmişdi. Onun başçılıq etdiyi bölüyə ən məsuliyyətli tapşırıqlar verilir, dəstə ən çətin işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Dəstə komandiri Araz həmişə öndə gedir, sinəsini öz cəbhə yoldaşları üçün sipər edir, onlara nümunə göstərirdi. Cəsarət və mərdliyi ilə ad qazanmış bu igid ermənilərin qənimi sayılırdı. O, döyüşlərin ən qızğın getdiyi yerlərdə olur, təhlükəli anlarda hamıdan irəlidə gedir, düşmənə od yağdırırdı.
Araz döyüşçüləri ilə Akop Kamari kəndi yaxınlığında 40-dan çox erməni əsgərini məhv etmişdi. Onun bölüyü döyüş tapşırıqlarını yerinə yetirmədən geri qayıtmırdı. Papravənd kəndinin müdafiəsi zamanı isə ermənilərin bütün hücumlarının qarşısı mərdliklə alındı. Bu döyüşdə Arazın bölüyü yenə də xüsusi şücaət göstərdi. İyunun 26-da düşmən yenidən bu istiqamətdə hücuma keçdi. Ağır döyüşlər başladı. Bacarıqlı komandirin bölüyü ermənilərin bir neçə zirehli texnikasını və 30-dan çox əsgərini məhv etdi. Bununla belə, vəziyyət çox ağır idi. Onun bölüyü üç tərəfdən güclü atəşə tutulmuşdu. Ermənilər nəyin bahasına olursa-olsun bu bölüyü məhv etmək istəyirdi. Bölük komandiri son nəfəsədək öz mövqeyini qoruyub saxlamağa çalışırdı. Papravənd, Ağdərə istiqamətində gedən bu döyüşdə cəsur zabitimiz düşmənin amansız gülləsinə tuş gəldi və bu güllə iyunun 26-da Arazın vətən sevgisi ilə döyünən ürəyinin döyüntülərinə son qoyaraq onu əbədiyyətə qovuşdurdu. Vətənini canından artıq sevən Araz doğma torpağının şəhidinə çevrildi.
"Onsuz da ölürəm, məni yerə qoyun, özünüzü qoruyun, mühasirədən çıxmağa çalışın”
Əsgərləri onu qolları üstünə alıb təhlükəsiz yerə aparmaq istəyəndə: "Onsuz da ölürəm, məni yerə qoyun, özünüzü qoruyun, mühasirədən çıxmağa çalışın”,-demişdi. Onun son nəfəsində səsləndirdiyi bu sözlər hələ də döyüşçü dostlarının qulağında səslənir. O, yaralı olmasına baxmayaraq, mövqeyini tərk etmədi. Qorxmaz zabit qəhrəmancasına şəhid oldu... Anası Sənubər xanım iki oğul böyüdürdü: Gündüz və Araz. Onlara həm ana idi, həm də ata. Sənubər xanım həyat yoldaşını erkən itirmişdi. Gecə-gündüz övladları üçün çalışırdı. Araza nişanlı da tapmışdı. Amma zalım fələk ananın arzularını ürəyində qoydu.
Ötən illərin ağrı-acısını qəlbində məğrurluq hissi ilə daşıyan Sənubər xanım oğlu ilə bağlı ən kövrək xatirələrini bizimlə bölüşdü:
"Araz mehriban, qayğıkeş bir övlad, şücəati ilə fərqlənən əsl qəhrəman idi. Həyat yoldaşımı itirəndə Araz 8 aylıq, Gündüz isə 1 yaş 9 aylıq idi. Övladlarımı tək böyüdüb boya-başa çatdırmalı oldum. Çox çətinliklərlə üzləşdim. Övladlarımın firavan yaşaması üçün əlimdən gələni edirdim. İstəyirdim ki, onlar atasız böyüdüklərini hiss etməsinlər. Əlbəttə, ata qayğısı, ata məhəbbəti övlad üçün çox vacibdir. Amma nə etmək olardı ki. Yəqin bəxtimiz belə idi. Araz hərbçi olmaq arzusu ilə yaşayırdı. O, hərbi paltarı çox sevirdi. Ona görə də C. Naxçıvanski adına hərbi liseydə oxumağa qərar verdi. Düzü, heç ali məktəbə necə qəbul olduğundan xəbərim olmadı. Bir gün mənə dedi ki, ana, mən "Dalni Vostoka” oxumağa gedirəm. Ona xeyir-dua verməkdən başqa əlacım yox idi. Düzü, oğlumu gözümdən uzağa qoymaq istəmirdim. Lakin Araz qəti qərar vermişdi və öz istəyindən dönmədi. Uzaq Şərqdə hərbi məktəbi bitirdikdən sonra Azərbaycana qayıtdı və doğma torpağa sadiq qalacağına and içdi. Müharibəyə yollananda Arazın cəmi 21 yaşı var idi. Bir sıra döyüş bölgələrində qəhrəmanlıq göstərdi. Ağdamın Papravənd kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. O, mühasirəyə düşən bölüyünü xilas edərkən düşmən gülləsinə tuş gəldi. Araz cəbhə dostları arasında o qədər hörmət qazanmışdı ki, o gələndə komandiri ayağa qalxarmış. Dostları deyirdilər ki, Araz elə bil 21 yaşlı deyil, 40 yaşlı insanın ağlına, düşüncəsinə malik idi. Onu da deyim ki, Araz çox qısqanc idi. Onun cəbhə yoldaşlarından biri Bakıda olarkən məni ziyarətə gəlmişdi. Həmin dostu sonradan mənə dedi ki, Araz ona: "get anamı gör, amma onun üzündən öpməzsən, əlindən öpərsən”,- demişdi. Onun cəbhə yoldaşları həmişə mənə deyirdi ki, Sənubər xala, gərək fəxr edəsiniz ki, sizin Araz kimi oğlunuz var. Araz şücaətli olduğu qədər ağır xasiyyətə malik idi. Bütün dost-tanışları, qohum əqrəba onun xətrini çox istəyirdi. Mən kitabxanada çalışıram. Araz həmişə kitabxanaya gələr, iş yoldaşlarımla çox mehriban tərzdə görüşər, söhbətləşərdi. İş yoldaşlarım da onu çox istəyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əminəm ki, torpaqlarımız azad ediləcək, şəhidlərimizin ruhu rahat olacaq”.
"O, dünyasını dəyişəndə əsgərləri 7 gün qəbri üzərində qarovul dayandılar”
Uzun illər Sənubər xanıma övlad itkisi ilə barışmaq çətin oldu. Elə indi də belədir. Lakin bir təsəllisi var. Qəhrəman övladı Arazın adını Sənubər xanımın nəvəsi yaşadır: "Oğlumun yoxluğu ilə barışmaq çox çətin oldu. Böyük oğlum Gündüzün oğlunun adını Araz qoymuşuq. İndi balaca Arazla təsəlli tapıram. Balaca Araz evdə əmisinin şəkilini göstərib deyir ki, bəs əmi nə vaxt gələcək?. Evə qonaq gələndə o, birinci əmisinin divarda asılmış şəklini gösrərək deyir ki, bu, mənim əmimdir. Balaca Araz hələ də əmisinin yolunu gözləyir. Bir gün ona dedik ki, sən 11-ci sinifi qurtarandan sonra əmin qayıdacaq. Ondan sonra sakitləşdi”.
Sənubər ana Araza nişanlı da tapmışdı. Daha doğrusu, anasının rəfiqəsinin qızını Araz özü bəyənmişdi. Amma ədalətsiz müharibə hər şeyi alt-üst etdi: "Araza Tərtərdə yaşayan rəfiqəmin qızını istəyirdik. Arazın da o qızda könlü var idi. Birdəfə rəfiqəmgilə qonaq getmişdik. Həmin vaxt Araz bizimlə Tərtərə getmədi. Dedi ki, siz gedin, mən sonra gələcəyəm. İstəyirdi ki, qız onun gəlişinə qədər həyəcan keçirsin. Nişanlısı ilk görüşə həyəcanla hazırlaşırdı. Araz gələnə kimi bir neçə dəfə paltar dəyişdirdi (kədərlə gülümsünür). Ona təmtəraqlı toy edəcəkdim. Heyif, qismət olmadı. Araz evə gələndə ailəmizdə xüsusi bir ab-hava yaşanırdı. Qapını açana qədər əlini zəngdən çəkməzdi. O dəqiqə bilirdik ki, Araz gəlib. İdmana da maraq göstərirdi. Fiziki cəhətdən həmişə özünü formada saxlayırdı. Araz şəhid olanda əsgərləri 7 gün qəbri üzərində qarovul dayandılar. Adətən, evə gələndə döyüşdən, müharibədən danışmazdı. Araz müharibənin ağrı-acısını öz qəlbində daşıyırdı”.
Sənubər xanım oğlu ilə son görüşünü maraqlı bir məqamla xatırlayır. Bu görüşdə Araz bütün cidd-cəhdlərilə evdəkilərdə özünə nifrət qazandırmağa çalışırmış: "Son dəfə cəbhə bölgəsinə gedəndə elə bil ürəyinə dammışdı ki, bir daha geri qayıtmayacaq. Uşaqlara tapşırmışdı ki, mən ölsəm, anamdan muğayat olun. O, evimizdə keçirdiyi sonuncu gün özünü çox qəribə aparırdı. Nədənsə, özünə nifrət qazandırmağa çalışırdı. Sonradan başa düşdüm ki, Araz ölümündən sonra bizə acı çəkdirməmək üçün belə edirmiş”.
Döyüşçü yoldaşları igid komandirin xatirəsini yad etmək üçün anası və qardaşı Gündüz ilə birlikdə tez-tez Şəhidlər xiyabanına onun məzarını ziyarətə gəlirlər. Gündüz üçün də qardaş yoxluğu ilə barışmaq çətindir. Sənubar xanımla söhbətimizdə Gündüz də iştirak edirdi. O, qardaşı barədə qürurla danışdı: "Əlbəttə, qardaş itkisi çox ağırdır. Arazla dərd-sərimiz bir idi. Bir-birimizə çətin anlarda dayaq idik. Qardaşımın cəmi 22 il ömür sürməsi qəlbimi daha çox yandırır. Yalnız onunla təsəlli tapıram ki, Araza şərəfli ölüm nəsib oldu. O, öz qəhrəmanlığı ilə adını tarixə yazdırdı. Araz öz arzularını həyata keçirməyə can atırdı. Hərbçi olmağı uşaqlıqdan arzulayırdı. Məndən kiçik olsa da, bir insan kimi, ona həmişə etibar edirdim. Oğlum dünyaya gələndə anama dedim ki, övladımın adını Araz qoyacağam. Balaca Araz da əmisi kimi hərbçi olmaq istəyir”.
Ana Vətənin, doğma diyarın, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını fəda edən Araz ölümü ilə şəhidlik zirvəsinə ucaldı. Arazın ən böyük mükafatı onun Tanrının yalnız öz xoşbəxt bəndələrinə nəsib etdiyi şəhid adıdır. Vətən uğrunda canından keçən qəhrəmanlar, belə cəsur vətən övladlarının adı əsrlər boyu dillər əzbəri olacaq və xalqımızın yaddaşından silinməyəcək.
Bu gün Vətənə igid oğlullar, qeyrətli qızlar gərəkdir!
Araz Quliyev Qarabağ torpaqlarına tökülmüş qanı ilə böyük bir qəhrəmanlıq tarixi yazan Azərbaycan oğullarından biridir. Əgər bircə anlıq geriyə boylanıb onu bu zirvəyə ucaldan yola nəzər salsaq, gözlərimiz önündə bu tarxin səhifələri vərəqlənəcək.
Əlbəttə ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən Azərbaycan oğulları haqqında nə qədər yazsaq, onların şücaətinin gənc nəslə çatdırılması baxımından yetərli deyil.
Fərəhli haldır ki, onun şücəat və qəhrəmanlığı dövlət rəhbərimizin də diqqətindən yayınmadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2005-ci il tarixli Sərəncamı ilə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Araz Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Bu gün vətənimiz Azərbaycanın qəlbindəki Qarabağ dərdi, Qarabağ nisgili ən ağrılı yerimizdir. İndi Azərbaycanın torpaqlarının iyirmi faizi yağı düşmənin tapdağı altındadır. Qarabağ kimi dilbər guşə düşmən tapdağı altında olduğu bir halda biz heç vaxt özümüzü rahat hiss edə bilmərik. Buna bizim mənəvi haqqımız da yoxdur. Bu gün Vətənə igid oğlullar, qeyrətli qızlar gərəkdir: Vətəni müdafiə etmək və azğın düşmənlərdən xilas etmək üçün. Vətinin azadlığı, müstəqilliyi üçün! Biz mütləq Qarabağ torpağını qaytaracağıq, Cıdır düzünə, İsa bulağına, İstisuya, Turşsuya qovuşacağıq.
Əlbəttə ki, ən böyük arzumuz odur ki, ulu Tanrı ölümlə üz-üzə qalan, torpaqlarının azadlığı uğrunda ədalətli savaşa qatılan igidlərimizə qalibiyyət nəsib etsin. Bu qələbə mütləq olacaq. Ən azı, ona görə ki, biz Araz kimi qeyrətli, vətənpərvər igidlərimizin ruhunu şad etməli, onların qanını yerdə qoymamalıyıq.
Aysel Sultanova
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.