Liderliyə yüksələn “Qarabağ”, qələbəni əldən verən “Neftçi” və sensasiyaya imza atan “Sumqayıt”

Liderliyə yüksələn “Qarabağ”, qələbəni əldən verən “Neftçi” və sensasiyaya imza atan “Sumqayıt”

Ötən həftə Topaz Premyer Liqasında XX turun oyunları keçirilib. Təşkil edilən 5 oyundan 3-ü paytaxtdan kənarda olub. Cari mövsümün ən məhsuldar turunda üz-üzə gələn rəqiblər yenidən münasibətlərinə aydınlıq gətiriblər. Belə ki, 22 qolun vurulduğu XII turda qarşılaşan cütlər yenidən görüşüblər. Əyalətdə təşkil olunan qarşılaşmaların heç birində meydan sahibləri qalib gələ bilməyiblər. Tur liderin növbəti dəfə dəyişməsi ilə əlamətdar olub. Şübhəsiz ki, bu tur hamının diqqəti Lənkərana yönəlib. Burada maraqlı mübarizə şəraitində keçən matçda azarkeşlər 4 qolun və 4 qırmızı vərəqənin şahidi olublar.

Topaz Premyer Liqası
XX tur
8 fevral (şənbə)
"Qəbələ” - "Qarabağ” 0:1
Qol: Reynaldo Silva, 74.
Qəbələ. Şəhər stadionu.
İlk iki dövrədəki oyunlar: 0:1, 3:4


İlk oyun günündə 3 qarşılaşma keçirilib. Tura Qəbələdəki mərkəzi görüşlə start verilib. Çempionatın lideri "Qəbələ” bu mövqeyi ötən tur əldən verən "Qarabağ” klubunu qəbul edib. Bu mövsümdə rəqibini məğlub edə bilməyən Yuri Syominin yetirmələri uğursuz seriyanı qırmağa və mövqeyini qorumağa çalışıb. Ardıcıl 6 oyunda meydanı qolsuz tərk etməyən meydan sahibləri ən az top buraxan qonaqların müqavimətini qırmaq əzmində idi. Amma meydan sahibləri stadiona toplaşan azarkeşləri sevindirə bilməyiblər. Ağdam təmsilçisi zədəsini tam sağaltmamış Rəşad Sadıqovun meydana çıxmasından ruhlanaraq səfərdən 3 xalla qayıdıb. İlk hissədə tərəflərin səyinə baxmayaraq, fasilədək qol vuran olmayıb. İkinci hissəyə hücumlarla başlayan ağdamlılar hesabı açıblar. Reynaldo fərdi ustalığı sayəsində bir neçə müdafiəçini keçib, qapını dəqiq nişan alıb - 0:1. Hücumlarını davam etdirən qonaqlar növbəti dəfə fərqlənməyə yaxın olublar. Lakin baş hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Almeyda dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini "Qəbələ”nin yeni transferi Kamran Ağayev dəf edib. Oyunun sonlarına kimi qələbə hesabını qoruyan Ağdam təmsilçisi səfərdən 3 xalla qayıdıb. Nəticədə, Yuri Syominin yetirmələri bir mövsümdə 3-cü dəfə "Qarabağ”a uduzub.
Yeri gəlmişkən, "Qarabağ”la oyunda "Qəbələ”nin heyətində daha iki futbolçu debüt edib. Belə ki, rusiyalı baş məşqçi Yuri Syomin ilk dəqiqələrdən yeni transferlərdən ikisinə etimad göstərib. Bunlardan biri Rusiya futbolunun ulduzlarından olan Marat İzmaylovdur. Portuqaliya təmsilçisi "Porto”dan icarəyə götürülən yarımmüdafiəçi 5 aydan sonra yaşıl meydana çıxıb. Bununla da Yuri Syomin sözünün üstündə durub. Belə ki, tanınmış mütəxəssis Rusiya mətbuatına açıqlamasında Maratın "Qarabağ”la görüşdə debüt edəcəyini açıqlamışdı.
Azərbaycan futbolunun ən yaxşı qapıçısı Kamran Ağayev də əyalət təmsilçisinin heyətində debüt edib. Əvvəllər paytaxtdan kənarda "Turan” və "Xəzər Lənkəran”da çıxış etmiş qapıçı "Qarabağ”a qarşı oyuna start heyətində çıxıb.
Qeyd edək ki, 2014-cü ilin ilk oyununda daha iki futbolçu - Rafael Santosla Ruslan Tağızadə "Qəbələ”də debüt etmişdi.

"Rəvan” - "İnter” - 1:2
Qollar: Oke Akpoveta, 58 - Aleksandr İaşvili, 17; Vaqif Cavadov, 90+4 (pen.).
Qırmızı vərəqə: Hüseyn Axundov, 44.
Bakı. "Bayıl Arena” stadionu.
İlk iki dövrədəki oyunlar: 1:5, 2:3

"Rəvan” doğma azarkeşlər önündə "İnter” klubunu qəbul edib. Son 14 qarşılaşmada qələbəyə həsrət qalan, ardıcıl 5 turda məğlubiyyətləri sıralayan "Rəvan”ın işi bu oyunda çətin idi. Liderlərdən geri qalmamağa çalışan Kaxaber Sxadadzenin yetirmələrinin sensasiyaya imkan verəcəyi inandırıcı deyildi. Gözlənildiyi kimi, "bankçılar” paytaxt derbisində "Rəvan”ı məğlub ediblər. Azlıqda qalan Güvənc Kurtarın yetirmələri matçın gedişində hesabı bərabərləşdirsə də, bu hesabı sonadək qoruya bilməyiblər. Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Vaqif Cavadov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə, komandasını önə keçirib. Beləliklə, "İnter” qələbə sayəsində 4-cü pillədəki mövqeyini qoruyub.
"İnter”ə 1:2 hesabı ilə uduzan "Rəvan” isə ardıcıl 6-cı dəfə xalsız qalmaqla mövsümün antirekordunu təkrarlayıb. Bakılılar sonuncu dəfə ötən il noyabrın 24-də 14-cü turun "Qarabağ”la görüşündə xal qazanmışdılar. Həmin qolsuz heç-heçədən sonra "Rəvan” 6 dəfə məğlub olub. Bakı təmsilçisi, həm də artıq 15 turdur qələbə qazana bilmir.

AZAL - "Sumqayıt” - 2:2
Qollar: Nedo Turkoviç, 45; Viktor İqbekoyi, 80 - Tərzin Cahangirov, 59; Pərdis Fərcad-Azad, 90 (pen.).
Bakı. "AZAL Arena” stadionu.
İlk iki dövrədəki oyunlar: 1:0, 0:0

AZAL və "Sumqayıt” komandaları Bakıda qarşılaşıblar. Klublar arasındakı ilk iki qarşılaşmada cəmi 1 top vurulsa da, bu matçın məhsuldar keçəcəyi ehtimal olunurdu. Amma 6 matçdır xal, 16 oyundur qələbə nə olduğunu bilməyən "Sumqayıt”ın seriyaları səfərdə dayandıracağı da o qədər inandırıcı deyildi. Buna baxmayaraq, autsayder "Sumqayıt” sensasiyaya imza atıb. "Gənclik şəhəri” təmsilçisi AZAL-la məhsuldar heç-heçə edərək (2:2) məğlubiyyət seriyasını qırıb.
Qeyd edək ki, "Sumqayıt” sonuncu dəfə noyabrın 8-də (13-cü tur) "Rəvan”la heç-heçə etmişdi (1:1). 93 gündən sonra xal sevinci yaşayan "Sumqayıt” qələbəsiz oyunlar seriyasını hələ dayandıra bilmir. 3-cü turda "Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən autsayder ardıcıl 17 matçdır qələbə üzünə həsrətdir.

9 fevral (bazar)
"Simurq” - "Bakı” - 0:1
Qol: Rauf Əliyev, 18.
Zaqatala. Şəhər stadionu.
İlk iki dövrədəki oyunlar: 0:3, 2:3

İkinci oyun günü turun digər 2 görüşü təşkil edilib. "Bakı” Zaqatalada "Simurq”un qonağı olub. Əvvəlki görüşlərdə rəqibinin qapısına 3 qol vuran paytaxt təmsilçiləri liderlərdən geri qalmamaq üçün bu dəfə də turu itkisiz keçməli idilər. Son 5 turda qapısını toxunulmaz saxlaya bilməyən qonaqların işi isə asan olmayacaqdı. Çünki uduzacağı halda, "beşlik”dən daha da uzaq düşmək qorxusu olan meydan sahibləri xal üçün "döyüşəcəkdi”. Oyunun taleyini 1 qol həll edib. Yeganə qol qonaqlardan gəlib. Rauf Əliyevin ilk hissədə vurduğu qol "Bakı”ya 3 xal qazandırıb. Xalını 33-ə çatdıran paytaxt təmsilçisi liderləri izləməkdə davam edir.

"Xəzər Lənkəran” - "Neftçi” - 2:2
Qollar: Junior Nildo, 90; Adrian Skarlatake, 90+2 - Tyeqo, 9 (öz qapısına); Araz Abdullayev, 52.
Qırmızı vərəqələr: Tərlan Quliyev, 90 ((ikinci sarı vərəqəyə görə); Bruno Bertuççi, 90+4, Karlos Kardoso, 90+4 - Ağabala Ramazanov, 90+4.
Lənkəran. Mərkəzi şəhər stadionu.
İlk iki dövrədəki oyunlar: 0:0, 1:4

XX tura Lənkəranda yekun vurulub. Əzəli rəqiblər - "Xəzər Lənkəran”la "Neftçi” klubları növbəti "böyük oyun”a çıxıblar. Mustafa Dənizlinin gəlişindən sonra uduzmayan cənublular II dövrədə "ağ-qaralar”a böyük hesabla məğlub olduqları oyunun əvəzini çıxmaq iddiasında idilər. 8 oyunda meydandan qolsuz ayrılmayan "ağ-qaralar” isə 7 ildir qələbə qazanmadıqları Lənkərana 3 xal dalınca yollanmışdılar. 1 gün əvvəl Qəbələdə meydan sahiblərinin xal itirməsi "Neftçi”nin lehinə idi. Belə ki, Böyükağa Hacıyevin yetirmələri qələbə sayəsində turnir cədvəlinin lideri ola bilərdilər. Matça gəldikdə isə, Lənkəranda keçirilən oyun 4 qol və 4 qırmızı vərəqə ilə əlamətdar olub. Cənublular məğlubiyyətdən son anda qurtulublar. Belə ki, qonaqlar matçın gedişində 2:0 hesabı ilə öndə olsalar da, qələbə hesabını qoruya bilməyiblər. Meydana sonradan daxil olan Junior Nildo (90-cı dəqiqə) və Adrian Skarlatake (90+2-ci dəqiqə) fərqləniblər - 2:2. Bərabərlik qolundan sonra Lənkəran stadionunda ara qarışıb. Nəticədə, son dəqiqələrdə qonaqların futbolçusu Tərlan Quliyevə qırmızı vərəqə göstərən baş hakim Rəhim Həsənov əlavə vaxtda Bruno Bertuççi, Karlos Kardoso və Ağabala Ramazanovu da meydandan qovub.
Yeri gəlmişkən deyək ki, Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb. "Xəzər Lənkəran”la "Neftçi” arasında keçirilmiş matçda ilk top braziliyalı Tieqo de Xesusun avtoqolu sayəsində qeydə alınıb. Lənkəran təmsilçisinin cənubi amerikalı futbolçusu 2:2 hesabı ilə başa çatan görüşdə öz qapılarına vurduğu qolla rəqib komandanı sevindirib.
Tieqo mövsümdə ilk, çempionatlar tarixində 15-ci futbolçu olub ki, "Neftçi” ilə oyunda öz qapısına qol vurub. Paytaxt təmsilçisi isə biri bu mövsümdə olmaqla, ümumilikdə 10 dəfə avtoqola üzülüb.
İndiyədək 5 dəfə rəqib avtoqoluna sevinən "Xəzər Lənkəran” nəinki cari mövsümdə, ümumiyyətlə Premyer Liqa tarixində ilk dəfə öz qapısına qol vurulmasının acısını yaşayıb. Bu matçadək "Xəzər Lənkəran”ın heç bir üzvü çempionatda öz qapısına qol vurmamışdı.
"Böyük oyun”lar tarixində isə 2-ci avtoqol qeydə alınıb. İlk belə uğursuzluğa "Neftçi”də oynadığı vaxt öz qapısına qol vuran Ruslan Abışov məruz qalmışdı.
Qeyd edək ki, mövsümün ilk 19 turunda 5 avtoqol qeydə alınmışdı. "Sumqayıt”ın futbolçuları Adil İbrahimov "İnter”, Anar Nəzirov "Qarabağ”, "Neftçi”nin legioneri Erik Ramos "Bakı”, "Qəbələ”nin oyunçusu Amit Quluzadə "Simurq”, "Bakı”nın ispaniyalısı Mario Alvares isə "Sumqayıt”la oyunda öz qapısına qol vurmuşdu.

Rahib