Azərbaycan millisi FİFA reytinqində irəliləyəcək. Fevralın 13-də açıqlanacaq siyahıda yığmaların yer alacağı mövqelər müəyyənləşib.
Komandamız 2 gün sonra açıqlanacaq siyahıda 93-cü yerdə olacaq. Hesabında 372 xal olan Berti Foqtsun yetirmələri ötən ayla müqayisədə 1 pillə irəliləyəcəklər. Düzdür, siyahının yanvarda açıqlandığı tarixdən sonra millimiz heç bir matça çıxmayıb, bununla belə, xal hesabı artacaq.
Ötən ay 363 xalı olan komandamız aktivinə daha 9 vahid əlavə edəcək. Futbolçularımızın gözlənilən irəliləyişində Anqola millisinin enişi də rol oynamalıdır. Ötən ay planetin 89-cusu olan afrikalılar 6 pillə geriləməklə millimizdən geri düşəcək.
Qeyd edək ki, martın 5-də komandamızla yoxlama oyunu keçirəcək Filippin millisi 219 xalla 127-ci yerdə qalacaq.
Siyahının ilk 3 pilləsi isə dəyişməyəcək. İspaniya 1-ci, Almaniya 2-ci, Argentina isə 3-cü yerdə mövqeyini qoruyacaq.