Son çempion isə yalnız bürünclə kifayətləndi
Futzal üzrə IX Avropa çempionatı başa çatıb. Belçikanın Antverpen şəhərində keçirilən qitə birinciliyinin son mərhələsində qitənin 4 güclü millisi qalibi müəyyənləşdirmək uğrunda mübarizə aparıblar.
Eyni hesabla başa çatan yarımfinal qarşılaşmaları maraqlı mübarizə ilə əlamətdar olub. Belə ki, hər iki matçda minimum fərqli nəticə qeydə alınıb. 6 qat Avropa çempionu İspaniyanın Rusiya millisi ilə görüşünün taleyi isə əlavə vaxtda həll olunub. Ümumilikdə 7-ci, ardıcıl 5-ci titul qazanmaq iddiasında olan pireneylilər 2 il əvvəl finalda məğlub etdikləri ruslarla budəfəki görüşün əlavə vaxtında uduzublar - 3:4.
Digər matçda da pireneylilər uduzan tərəf olub: Portuqaliya yığması İtaliya komandasına uduzub. 4:3 hesablı qələbə qazanan apenninlilər həlledici görüşdə Rusiya millisi ilə üz-üzə gələcəkdi. Hərəyə 1 dəfə qitə çempionu olan rəqiblər ikinci titulu üçün "savaşacaqdı”. Pireney təmsilçiləri - İspaniya ilə Portuqaliya isə 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaqdı.
Qitə birinciliyinin son günündə əvvəlcə 3-cü yer uğrunda oyun keçirilib. 6 dəfə bu turnirin qalibi olmuş İspaniya yığması bürünc medallarla kifayətlənib. Belə ki, onlar Portuqaliya millisini 8:4 hesabı ilə məğlub ediblər.
Turnirin final matçında isə millimizlə eyni qrupda yer almış İtaliya komandası Rusiya yığması ilə qarşılaşıb. Hər 2 komanda tarixlərində 2-ci dəfə Avropa çempionu olmaq istəsə də, bu titul appeninlilərə qismət olub. Belə ki, italyanlar rusları 3:1 hesabı ilə məğlub edərək 2003-cü ildən sonra 2-ci dəfə qitənin ən güclü komandası adına layiq görülüblər.
Qeyd edək ki, millimiz bu turnirdə Sloveniya komandasını 7:6 məğlub etsə də, İtaliya yığmasına 0:7 hesabı ilə uduzmuş, top fərqinə görə qrup sonuncusu olmuşdu.
Məlumat üçün bildirək ki, növbəti Avropa çempionatı 2 il sonra Serbiyada keçiriləcək.
Futzal üzrə Avropa
çempionatının final mərhələsi
6 fevral
1/2 final mərhələsi
Rusiya - İspaniya - 4:3
Portuqaliya - İtaliya - 3:4
8 fevral
3-cü yer uğrunda
Portuqaliya - İspaniya - 4:8
Final
İtaliya - Rusiya - 3:1