Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü milli çempionatlarının siyahısını açıqlayıb. Qurum 2013-cü il üçün planetin 125 ən yaxşı liqasını müəyyənləşdirib.
Azərbaycan çempionatı bu siyahıda 43-cü pillədə qərarlaşıb. Klublarımızın 370,50 xal toplaması Topaz Premyer Liqasının fantastik sıçrayışına səbəb olub. 2012-ci ilin yekunlarına əsasən 84-cü olan liqamız 41 pillə irəliləməyə müvəffəq olub. Topaz Premyer Liqası ABŞ çempionatı (MLS), Belarus, İsveç, Slovakiya, Sloveniya birinciliklərini geridə qoyub.
Reytinq siyahısında ən çox inkişafa nail olan ölkələr məlum olub. Tərtib olunan cədvəldə rekord Azərbaycan çempionatına məxsusdur. Dünyanın 43-cü pilləsinə kimi irəliləyən Topaz Premyer Liqası planetin ən böyük inkişafına nail olub. Lakin bu rekordun şərikləri də var. Belə ki, 68-ci yeri 27-ciyə dəyişən Bolqarıstan və 87-dən 46-ya sıçrayan Misir də birdən-birə 41 addım atıb. Çin 36, İslandiya 26, Lüksemburq 25 pillə irəliləyişə nail olmaqla diqqət çəkib. Antirekord isə ekzotik çempionatlara məxsusdur. Sudan liqası 91-ci pilləyə yuvarlanmaqla, 56 mövqe aşağı düşüb. Geriləməsi 47-yə bərabər olan Avstraliya siyahıda 99-cu yerdədir. Zimbabve və Avropada ən çox geriləyən Macarıstanda isə bu rəqəm 30-a bərabərdir. Siyahıda 6 yeni ölkə də var. Bir il əvvəl ən yaxşılar arasında olmayanlardan ən yüksək mövqedə Konqo çempionatı qərarlaşıb - 98-ci yer.
Qeyd edək ki, siyahıya İspaniya (1155,00) başçılıq edir. İngiltərə (1128,00) ikinci yerdə qərarlaşdığı halda, Almaniya (1056,00) çempionatı ilk "üçlüyü” qapayır.