“Böyük oyun”un iştirakçısına sərt cəza

“Böyük oyun”un iştirakçısına sərt cəza

Fevralın 11-də AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XX turunun qarşılaşmaları zamanı qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. Toplantının əsas mövzusu isə "Xəzər Lənkəran”la "Neftçi” arasında keçirilmiş "Böyük oyun”da yaşanan hadisələr olub. Ümumilikdə, baş verən qalmaqala görə, "Neftçi” 30200, "Xəzər Lənkəran” 4000 manat cərimələnib.
Komitə matçda baş verənləri müzakirə etdikdən sonra müvafiq qərarlar çıxarıb. İkinci sarı vərəqə səbəbindən meydandan qovulan Tərlan Quliyev 1 oyunluq kənarlaşdırılıb və klubu 200 manat cərimələnib.
Qırmızı vərəqə alan digər futbolçuların cəzası daha ağır olub. "Neftçi” futbolçularına qarşı təhqiramiz jest edən Ağabala Ramazanov 3 oyunluq cəzalanıb. Cənub təmsilçisi bu səbəbdən 2000 manat ödəməlidir. Matçın gedişində azarkeşlərə qarşı qeyri-etik jest edən Mahir Şükürovun da cəzası eyni olub.
"Xəzər Lənkəran”ın gənc hücumçusunun jestini ona bağışlamayaraq, futbolçunu döyən Karlos Kardozo ilə Bruno Bertuççi "Neftçi”ni daha çox ziyana salıb. Onların hər ikisi 4 matçlıq cəzalandırılıb. Paytaxt təmsilçisi bu iki futbolçunun hərəsinə görə 4000 manat ziyana düşüb.
Qarşılaşma zamanı stadiona kənar əşya atıldığı üçün "Xəzər Lənkəran” 2000 manat ödəməli olacaq.
İK XVIII turun AZAL-la matçından sonra 5 oyunluq cəzalanan, lakin buna məhəl qoymadan "Neftçi”nin Lənkərandakı qarşılaşmasında stadiona daxil olan klub rəsmiləri - vitse-prezident Tahir Süleymanovla mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin məsələsinə baxılmayıb. Əvəzində T.Süleymanov KİV-də AFFA əməkdaşlarının (FİFA hakimi Əliyar Ağayev və FİFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyi üçün 10 oyunluq cəzalanıb, klub 20000 manat cərimə olunub. Verilmiş cəza onun mövcud cəzasının üzərinə əlavə edilir. Onun 5 oyunluq əvvəlki cəzasının 3 matçı hələ qaldığından ümumilikdə 13 görüşə çatıb.
Oyundan sonra "Neftçi” klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb ki, bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında "Neftçi” klubu ödəmə etməlidir.
Bundan başqa, çempionatın digər qarşılaşmalarında baş verənlər də müzakirə edilib və bəzi klublar cəzalandırılıb. AZAL - "Sumqayıt” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Qəbələ” - "Qarabağ” oyununda isə qonaqlar eyni səbəbdən 1000 manat ziyana düşəcək. Görüşün 80-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə ödəməlidir.
"Rəvan” - "İnter” qarşılaşmasında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 1000 manat ziyana düşüb. Matçın 44-cü dəqiqəsində "Rəvan”ın futbolçusu Hüseyn Axundov ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq cəzalanıb və komandasını 200 manat xərcə salıb.