Lider yenə dəyişəcək?!

Lider yenə dəyişəcək?!

Favoritlər çətin sınaq qarşısındadırlar

Fevralın 14-dü Topaz Premyer Liqasında XXI tura start veriləcək. Təşkil olunacaq 5 oyundan yalnız 2-si paytaxtda olacaq.
İlk oyun günündə bir oyun keçiriləcək. Turun açılış oyunu Zaqatalada təşkil ediləcək. "Simurq” doğma azarkeşlər önündə "İnter” klubunu qəbul edəcək. Qeyd edək ki, tərəflər mövsümdə ilk dəfə olaraq Zaqatalada üz-üzə gələcəklər. İlk 2 dövrədə rəqibini qonaq edən bakılılar 2014-cü ildəki qələbə seriyasını səfərdə də davam etdirməyə çalışacaq. Bu oyun Premyer Liqada çalışan gürcüstanlı mütəxəssislər Kaxaber Sxadadze ilə Georgi Çixradzenin növbəti qarşılaşması olacaq.

İkinci oyun günü isə turun mərkəzi görüşü ilə start götürəcək. İlk "beşlik”də qərarlaşan "Neftçi” ilə "Bakı” paytaxt derbisində qarşılaşacaq. Çempionatın ən məhsuldar komandalarının görüşündəki qələbə "Neftçi”nin, ən azı, bir neçə saatlıq zirvəyə yüksəlməsinə imkan verə bilər. Müdafiə xəttində ciddi itkiləri olan "ağ-qaralar” liderlər sırasındakı mövqeyini qorumaq, paytaxtın eyniadlı təmsilçisi isə ilk "üçlüy”ə yaxınlaşmaq üçün mübarizə aparacaq.
Əyalət təmsilçilərinin Qəbələdəki qarşılaşması da az maraq kəsb etmir. Mustafa Dənizlinin baş məşqçi təyinatından sonra məğlub olmayan "Xəzər Lənkəran” liderliyi ötən tur itirən "Qəbələ”nin qonağı olacaq. Yuri Syominin yetirmələri çətin sınaqdan 3 xalla ayrılsa, çətin oyunları olan "Neftçi” və "Qarabağ”ın xal itirməsindən asılı olaraq irəliləyə bilər. Bu görüş həm də "Xəzər Lənkəran”ın keçmiş oyunçuları - Kamran Ağayevlə Elnur Allahverdiyevin cənublulara qarşı oynaması ilə əlamətdar olacaq.
"Qəbələ” və "Neftçi” kimi ilk "üçlük”də qərarlaşan "Qarabağ”ı da asan olmayan oyun gözləyir. Ağdamlılar cari mövsümdə məğlub edə bilmədikləri AZAL-la üz-üzə gələcək. Vaqif Sadıqovun yetirmələri autsayderlərin qonşuluğunda qərarlaşsa da, istənilən komanda üçün arzuolunmaz rəqib olduğunu sübut edə bilib. Lakin 8 turdur qol buraxan "təyyarəçilər”in "Qarabağ”ın hücum xətti qarşısında çətinlik çəkəcəyi də şübhə doğurmur.
Bu tur həm də autsayderlərin oyunu ilə də diqqət çəkir. 17 matçdır qələbə nə olduğunu bilməyən "Sumqayıt” 15 oyunluq qələbə həsrəti yaşayan "Rəvan”ı qəbul edəcək. Aqil Məmmədovun yetirmələri qalib gəlməyi bacarsa, son pilləni rəqibinə təhvil verəcək. Bakılılar isə 6 oyunluq məğlubiyyət seriyasına son qoymaqla mövqeyini qoruyacaq.

Topaz Premyer Liqası
XXI tur
14 fevral (cümə)
"Simurq” - "İnter”
Zaqatala. Şəhər stadionu. Saat 15:00.

15 fevral (şənbə)
"Qəbələ” - "Xəzər Lənkəran”
Qəbələ. Şəhər stadionu. Saat 15:00.

"Qarabağ” - AZAL
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00.

"Sumqayıt” - "Rəvan”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança. Saat 16:00.

"Bakı” - "Neftçi”
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 13:30.