Klubların baş məşqçiləri ilə görüş keçirilib

Klubların baş məşqçiləri ilə görüş keçirilib


Legioner limitinin yenidən dəyişməsi gündəmə gəlib


Topaz Premyer Liqasında legioner limitinə yenidən baxılacaq. Buna səbəb çempionatda mübarizə aparan klubların hazırda qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemindən narazı olmalarıdır.
Bununla bağlı bu həftə AFFA-nın Futbol Akademiyasında görüş keçirilib. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri - Qurban Qurbanov ("Qarabağ”), Böyükağa Hacıyev ("Neftçi”), Kaxaber Sxadadze ("İnter”), Mustafa Dənizli ("Xəzər Lənkəran”), Georgi Çixradze ("Simurq”), Vaqif Sadıqov (AZAL), Güvenç Kurtar ("Rəvan”) və Aqil Məmmədov ("Sumqayıt”) ilə görüşüblər. 

Milli komandanın baş məşqçisinin köməkçiləri, AFFA-nın texniki direktoru, müxtəlif yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləri və klub rəsmilərinin də iştirak etdiyi görüşdə İcraiyyə Komitəsinin Topaz Premyer Liqasının 2014-2015-ci illər mövüsümü üçün legioner limiti barədə qəbul etdiyi qərarla əlaqədar məşqçilər fikirlərini bildirib və İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib. Bundan başqa, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub. Millinin baş məşqçisi Berti Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüb.
Qeyd edək ki, ötən il avqustun 14-də keçirilmiş İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara əsasən, 2014-2015-ci illər mövsümündən başlayaraq limit 6+5 sistemi ilə tətbiq edilməli və 5 yerli futbolçudan 2-si 21 yaşınadək olmalıdır.