"Xəzər Lənkəran” isə əsas rəqiblərini "büdrətməkdə” davam edir
Fevralın 14-15-də Topaz Premyer Liqasında XXI turun oyunları keçirilib. Turun 1 oyunu cümə, qalan 4 oyunu isə şənbə günü təşkil olunub. Keçirilən 5 oyundan 3-ü paytaxtdan kənarda olub. Liderlərdən yalnız "Qarabağ” klubu qələbə qazanaraq yaxın izləyicilərindən uzaqlaşıb. "Neftçi” və "Qəbələ” klubları isə növbəti dəfə xal itkisi ilə üzləşiblər.

İlk oyun günü yalnız bir matç keçirilib. "Simurq” Zaqatalada "İnter” klubunu qəbul edib. XX turda "Rəvan”la qarşılaşmanın 94-cü dəqiqəsində "bankçılar”ın heyətində Brüs Abdulaye və Vaqif Cavadov sarı vərəqə alaraq Zaqataladakı oyunu buraxmaq məcburiyyətində qalmışdılar. Bu da oyunun taleyinə müəyyən qədər təsirini göstərmişdi. Liderlərlə xal fərqini artırmamaq üçün Bakı klubuna mütləq qələbə lazım idi. Lakin son turlarda qələbəyə həsrət qalan Georgi Çixradzenin komandada əhval-ruhiyyəni qaldırmaq üçün qələbəyə hazırlaşdığını demək olardı. Gözlənildiyi kimi, turnir cədvəlində də daha yaxşı mövqedə olan bakılılar qalib gəliblər. "İnter” klubunun yeganə qolu Zaqataladakı görüşün taleyini həll edib. "Bankçılar” Dieqo Madrqialın debüt matçında vurduğu qolla 3 xalı bayram ediblər. 2014-cü ildə xal itirməyən "İnter” ardıcıl 3-cü qələbə ilə liderlərə bir az da yaxınlaşıb. Artıq "bankçılar”ı liderdən 6, özündən öndə qərarlaşan digər iki komandadan 2 xal ayırır. "Simurq” isə ardıcıl 3-cü dəfə xalsız qalıb.
Son oyun günündə turun digər 4 qarşılaşması olub. Turun mərkəzi görüşündə "Bakı” və "Neftçi” komandaları üz-üzə gəliblər. Bu oyunun favoriti kimi əvvəlcədən Milinko Pantiçin yetirmələri göstərilirdi. Buna səbəb "Bakı”nın son turlarda qazandığı qələbələr və "Neftçi”nin aparıcı futbolçularının bir neçəsinin meydanda olmaması idi. Gözlənilən proqnozlar özünü doğruldub və "ağ-qaralar” səfərdən xalsız qayıtmalı olub. Erik Ramos, Bruno Bertuççi, Mahir Şükürov, Karlos Kardoso və Tərlan Quliyevin xidmətindən məhrum olan "neftçilər” qapısından 2 cavabsız top buraxaraq turnir cədvəlində irəliləyə bilməyiblər. Böyükağa Hacıyevin yetirmələri Bakı derbisindən məğlub ayrılmaqla turnir cədvəlinin 2-ci pilləsində qalıblar. "Bakı” isə 21 turdan sonra 36 xalla 5-ci pillədə yer alıb.
Növbəti qarşılaşma Sumqayıtda keçirilib. "Sumqayıt” doğma azarkeşlər önündə "Rəvan” klubunu sınağa çəkib. Bu matç turnir cədvəlinin son pilləsinin sahibini müəyyən edəcəyindən hər iki komanda üçün əhəmiyyət kəsb edirdi. Yerli gənclərdən ibarət heyətə malik Aqil Məmmədovun şansı Güvənç Kurtara nisbətən daha az hesab edilirdi. Lakin ehtimallar özünü doğrultmayıb. 90 dəqiqə ərzində meydan sahibləri ərazi üstünlüyünə malik olublar. Elə ilk qol da meydan sahiblərindən gəlib. Rəhman Hacıyev oyunun 24-cü dəqiqəsində komandasını hesabda önə keçirib. Yeri gəlmişkən, bu, Topaz Premyer Liqasında 2013/14-cü illər mövsümünün 250-ci qolu olub. Lakin ilk hissənin sonlarında Güvənç Kurtarın yetirmələri hesabı bərabərləşdiriblər. Miloş Adamoviç matçın 44-cü dəqiqəsində hesabı bərabərləşdirib - 1:1. Rəqiblər daha sonra bir neçə dəfə dirəyi nişan alsalar da, oyunda 3-cü qol olmayıb. Nəticədə komandalar meydanı heç-heçə ilə tərk ediblər. Beləliklə, "Gənclik şəhəri” təmsilçisi sonuncu pillədən xilas ola bilməyib.

Daha bir maraqlı oyun Qəbələdə təşkil olunub. Artıq yüksəlişdə olan "Xəzər Lənkəran” çempionluğa iddialı "Qəbələ” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşma turun ən bol qollu oyunu olub. Daniel Subotiçin dubluna "ağ-yaşıllar”dan Tounkara bir qolla, Mbilla isə dublla cavab verib. Beləliklə, qarşılaşma meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, demək olar ki, Yuri Syomin və komandası üçün gözlənilməz olub. Əvvəlki turda "Qarabağ”, daha sonra "Xəzər Lənkəran”a uduzması Qəbələ klubunu 3-cü pillədə və liderdən 4 xal geridə qərarlaşmağa məcbur edib. Mustafa Dənizlinin yetirmələri isə 21 turdan sonra xal ehtiyatını 29-a çatdıraraq 6-cı pillədəki yerini qoruyub.
Turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Çempionluğa iddialı "Qarabağ” doğma meydanda AZAL klubunu qəbul edib. Bu oyunda Qurban Qurbanovun yetirmələrinin qələbə qazanacağı heç kimdə şübhə doğurmurdu. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə liderliyini daha da möhkəmləndirəcəkdi və ən yaxın izləyiciləri olan "Neftçi” və "Qəbələ” ilə xal fərqini artıracaqdı. Gözlənilənlər özünü doğruldub və tur "Qarabağ” üçün daha uğurlu alınıb. Ağdam təmsilçisi öz meydanında çətinliklə də olsa, AZAL-ı məğlub edib. Çumbinyo və Leroy Corcun qoluna Şüvəlan klubundan yalnız Viktor İqbekoyi bir qolla cavab verib. Nəticədə, mövsümdə ilk dəfə "təyyarəçilər”i məğlub edən Qurban Qurbanovun yetirmələri xal ehtiyatını 42-yə çatdıraraq yaxın izləyiciləri arasında xal fərqini artırıblar.
Topaz Premyer Liqası
XXI tur
14 fevral (cümə)
"Simurq” - "İnter” - 0:1
Qol: Dieqo Madriqal, 72.
Zaqatala. Şəhər stadionu.
15 fevral (şənbə)
"Qarabağ” - AZAL - 2:1
Qollar: Corc Leroy, 33; Marinaldo da Silva, 47 - Viktor İqbekoyi, 66.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Sumqayıt” - "Rəvan” - 1:1
Qollar: Rəhman Hacıyev, 24 - Miloş Adamoviç, 44.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança.
"Qəbələ” - "Xəzər Lənkəran” - 2:3
Qollar: Daniel Subotiç, 25, 65 - Sadio Tounkara, 52; Etame Mbilla, 56, 84.
Qəbələ. Şəhər stadionu.
"Bakı” - "Neftçi” - 2:0
Qollar: Cavid Hüseynov, 61; Alberto Noquera, 86.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
XXII tur
19 fevral (çərşənbə)
"Rəvan” - "Qarabağ”
Bakı. "Bayıl Arena” stadionu. Saat 17:00.
AZAL - "Qəbələ”
Bakı. "AZAL Arena” stadionu. Saat 15:00.
"Xəzər Lənkəran” - "Bakı”
Lənkəran. Mərkəzi şəhər stadionu. Saat 17:00.
"Neftçi” - "İnter”
Bakı. "Bakcell Arena” stadionu. Saat 16:00.
"Simurq” - "Sumqayıt”
Zaqatala. Şəhər stadionu. Saat 16:00.