Ağdamlılar dünya reytinqində gerilədilər

Ağdamlılar dünya reytinqində gerilədilər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb. 200 komandanın yer aldığı siyahıda Azərbaycanı yenə yalnız "Qarabağ” klubu təmsil edir.
Ağdam təmsilçisi ötən ayla müqayisədə, 2 pillə geriləyib. Ötən ay 111-ci olan Qurban Qurbanovun yetirmələri bu dəfə 119,50 xalla 113-cü pillədə qərarlaşıb. Kiprin APOEL və Küveytin "Qadisia” klubları da "Qarabağ”la eyni pillədədirlər. Son bir ayda 4 klub - "Əl-Əhli” (Misir), "Eştoril” (Portuqaliya), "Udineze” (İtaliya) və "Apollon” (Kipr) klubları ağdamlıları keçməyə müvəffəq olublar. "Qarabağ”ın 4 deyil, 2 pillə geriləməsi isə tanınmış klublar "İnter” (İtaliya) və "Betis”in (İspaniya) daha çox geriləyərək, təmsilçimizdən aşağı pillələrə yuvarlanması səbəb olub.
Siyahının ilk pillərində heç bir dəyişiklik olmayıb. Almaniyanın "Bavariya” klubu zirvədəki mövqeyini qoruyub. Münhen təmsilçisinin aktivində 370 xal var. Madrid "Real”ı 292 xalla ikinci, "Çelsi” klubu isə 275 xalla üçüncü pillədə qərarlaşıb.