Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Yarışların üçüncü günündə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, dəfələrlə dünya və Avropa çempionatlarının qalibi və mükafatçısı Azər Əsgərov növbəti dəfə ölkəmizi layiqincə təmsil edib.
M6 yaş kateqoriyasında, -100 kq çəki dərəcəsində çıxış edən usta cüdoçumuz 1/16 finalda ispaniyalı Jordi İglesias Mayanı məğlub edərək yarışa inamlı start verib. 1/8 finalda braziliyalı Markos Daudaya uduzan Azər Əsgərov təsəlliverici görüşlərdə əsl peşəkarlıq və döyüş əzmi nümayiş etdirib. O, ardıcıl olaraq rumıniyalı Roman Tansa və Beynəlxalq Cüdo Federasiyasının (IJF) təmsilçisi Aleksandr Mazayevi mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda qarşılaşmaya yüksəlib. Həlledici görüşdə fransalı Tyerri Lefevri üzərində parlaq qələbə qazanan usta cüdoçumuz dünya çempionatının bürünc medalına sahib olub.
Azər Əsgərovun bu uğuru onun usta cüdoçular arasında uzun illər ərzində qazandığı nailiyyətlərin davamıdır. Xatırladaq ki, o, 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən usta cüdoçular arasında dünya çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı. Parisdə əldə etdiyi bu nəticə isə onun veteran cüdo arenasında sabit və davamlı çıxışının növbəti göstəricisidir.
Qeyd edək ki, çempionatın əvvəlki günlərində “Judo Club 2012”nin digər təmsilçiləri - Qurban Məmmədli (M2, -100 kq) və Zaur Bağırov (M4, +100 kq) da bürünc medallara sahib olublar.
Usta cüdoçular arasında dünya çempionatına noyabrın 7-də yekun vurulacaq.
Azər Əsgərov dünya çempionatında bürünc medal qazandı


