Vətənpərvərlik hər bir insanda fədakarlıq, əməyə münasibət və mübarizlik hissi yaradır

Vətənpərvərlik hər bir insanda fədakarlıq, əməyə münasibət və mübarizlik hissi yaradır


Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu, əvəzolunmaz xoşbəxtlikdir. Azərbaycan xalqı xoşbəxtliyin yüksək zirvəsini dövlətin uğurlu siyasəti nəticəsində əldə edib. Azərbaycan bu gün müstəqil dövlətdir. Onun güclü ordusu, sağlam cəmiyyəti, gözəl rifahı olan milləti və ən əsası, bütün dünyada böyük nüfuzu var. Ümummilli liderimiz Heydər Əliyevin müstəqilliklə bağlı dediyi sözlər bu əvəzsiz nemətin əsl dəyərini ifadə edir. "Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
Məhz bu dahi şəxsiyyətin tarixi xidmətləri, xilaskarlıq, quruculuq missiyası, həyata keçirdiyi siyasi, iqtisadi, sosial, mədəni islahatlar dövlətimizin qüdrətini artırdı. İllər ötdükcə ümummilli liderimiz Heydər Əliyevin əzəmətini daha aydın dərk edir, qoyub getdiyi tarixi irsin, ideyaların yüksək dəyərlərini dərindən anlayırıq. Heydər Əliyevin həyat dərsləri insan ruhunun qüdrətinə, iradənin yenilməzliyinə parlaq nümunədir.
Qəhrəmanlığın, hünərin ən möhtəşəmi vətən naminə edildiyindən, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri vətən və dövlət, millət və xalq naminə göstərilən bütün xidmətlərin fövqündə dayanır.
Xalqların taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərə layiq olduqları əsl qiyməti vermək, onların vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri obyektiv dəyərləndirmək son dərəcə məsuliyyət tələb edən məsələdir. Belə gerçəklik fonunda qələmə alınan ən xoş xatirələr, siyasi, elmi, politoloji fikir və mülahizələr də Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin böyüklüyünün miqyası barədə dolğun təsəvvür yaratmaqda acizdir.
XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.
Böyük filosof Platon demişdir ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz bu dəyərləri birləşdirərək əbədi bir dövlət, xoşbəxt bir xaq yaratdı.

Ailə cəmiyyətin təməl daşı hesab olunur

Tarixə nəzər saldıqda müstəqilliyimizin heç də asan başa gəlmədiyini görə bilirik. Müstəqillik uğrunda xalqımızın minlərlə vətənpərvər övladı canını qurban verib. Bu gün də vətən uğrunda canlarından keçən şəhidlərin ruhu daim əziz tutulur, xatirəsi hörmətlə yad edilir. Gənc nəslin nümayəndələri olan idmançılarımız şəhidlərimizin xatirəsinə keçirilən turnirlərdə qələbə əzmi ilə yarışırlar. Həmçinin beynəlxalq turnirlərdə üçrəngli bayrağımızın yüksəklərdə dalğalandırılması, himnimizin səsləndirilməsi hər bir Azərbaycan vətəndaşının milli mənlik şüurunu və vətənpərvərlik hisslərini yeni mərhələyə qaldırır. Məktəblərdə verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış insanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyırlar. Bu isə onların formalaşmasına, vətənpərvər olmasına zəmin yaradır.
Bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olan insan isə, sözsüz ki, vətənpərvərdir. Bəzi mütəxəssislər hesab edirlər ki, vətənpərvərlik hissi uşağa, ilk növbədə, valideynlərindən keçməlidir. Bu fikrə ötəri yanaşmaq olmaz. Ailə uşağı elə tərbiyə edə bilər ki, o, vətənə, torpağa, elə-obaya, orduya, məhəbbətlə, düşmənə isə nifrətlə böyüyər. Bunun tam əksini də müşahidə etmək olar. Ailənin vətənpərvərlik tərbiyəsində rolu çox önəmlidir. Çünki ailə cəmiyyətin təməl daşı hesab olunur. Xalqımız üçün ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri bütün dövrlərdə xüsusi əhəmiyyət daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlarla yanaşı, milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Çox sevindirici haldır ki, əksər ailələrdə bu keyfiyyətlər bu gün də qorunur. Cəmiyyətimizdə, ailələrdə hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə qurulmazsa, bu, ciddi narahatlıq yarada bilər. Əgər sabahımız olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu bilmirsə, şəhidlərimizi tanımırsa, onun torpaqlarımız uğrunda müharibədə iştirakı heç də asan olmayacaq. Bu baxımdan uşaqlar Qarabağ müharibəsində neçə Azərbaycan övladının şəhid olduğunu, onlardan neçəsinin Milli Qəhrəman adına layiq görüldüyünü mütləq bilməlidirlər. Sevindirici haldır ki, bu gün orta məktəblərin ibtidai siniflərindən başlayaraq, uşaqlara yuxarıda qeyd etdiyimiz məsələlər haqqında ətraflı məlumat verilir. Əgər təhsil ocaqlarında sorğu keçirilsə, yəqin ki, şagirdlər bu barədə biliyə sahib olduqlarını nümayiş etdirərlər. Müasir dövrümüzdə, ölkəmizin 20 faiz ərazisinin işğal altında olduğu bir vaxtda biz hamımız - uşaqlar, yeniyetmələr və gənclər vətən, millət, torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri, o cümlədən milli qəhrəmanlarımızı tanımağa borcluyuq.

Milli adət-ənənələrə hörmət və ehtiram tərbiyə məsələsinin əsasında durur

Tarixən bütün millətlər bəşəriyyətə bəxş etdikləri dühaları, yaratdıqları maddi və mənəvi nemətlərlə fəxr edirlər. Müasir dünyamızda yaşayan bütün millətlər tarixi şərait yarandığı zaman inkişaf və tərəqqiyə nail olublar. İnsan uşaqlıq, gənclik və kamillik dövrü keçirdiyi kimi, millətlər də tarixin inkişaf mərhələlərində həmin yolu keçirlər. Hər bir millət uzun illər boyu öz adət və ənənəsini formalaşdırır, öz inkişafını yüksək mərhələyə qaldıraraq özünü təsdiq edir. Araşdırmalar göstərir ki, milli şüuru inkişaf etmiş hər bir xalq millətin ümumi mənafeyini dəyərləndirərək onun rifahı üçün fədakarlıqla çalışır. Tarix qarşısında öz missiyasını aydın dərk edən hər bir millət öz gələcəyini daha da xoşbəxt amillər üzərində qurmaq üçün inamla və ardıcıllıqla məqsədinə doğru irəliləyir.
Azərbaycan dövlətinin ən başlıca ideologiyasından biri uşaq və gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşmasına nail olmaqdır. Milli mənlik şüuru inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləməyə imkae verir. O, da məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. Mütəxəssislərin qeyd etdiyi kimi, mənlik hissi insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir və bu proses ictimai şüurun daxilində baş verir.
Bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr xalqımızın, millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoydu. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının siyasi və iqtisadi hüquqlarını müdafiə etməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun sosial şəraitinin yaxşılaşdırılmasına da xidmət edir. Dövlət həm də gənc oğlan və qızların sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürüb. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması dövlətimizi ciddi şəkildə düşündürən bir məsələdir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi də bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqəti çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi, insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram dövlətimizin vətənpərvərlik tərbiyəsi ilə bağlı proqramlarının əsasında durur. Doğma təbiətə bağlılıq, milli adət-ənənələrə hörmət də gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsl insan, vətənpərvər kimi yetişmək mümkün deyil. Dövlətimizin bu sahədə qəbul etdiyi qanunlar mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsini mühüm vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, fiziki cəhətdən möhkəm, sağlam uşaqların tərbiyə edilməsi, onlara milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin aşılanması məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir.
İnsan tərbiyəsi, tərbiyə prosesinin aktuallığı vacib məsələ kimi qarşıya qoyulub və bu, cəmiyyəti düşündürən bir işdir. Qeyd etdiyimiz kimi, bəzi mütəxəssislər tərbiyə məsələsində ailənin rolunu daha yüksək qiymətləndirirlər. Bəziləri isə vətənpərvərlik, vətəndaşlıq hisslərinin uşaq anadan olan gündən aşılanması məsələsini önə çəkirlər. Şübhəsiz ki, hər iki fikr məntiqi cəhətdən doğrudur. Yəni, hər bir uşaq kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə almalıdır.
Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə ifadəsidir. Burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Danılmaz faktdır ki, vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağın qədrini bilir və bu hissi digərlərinə aşılamağa səy göstərir. Əlbəttə, milli şüurun formalaşmasında xalqın tarixi, ənənənəsi, onun görkəmli mütəfəkkir və şəxsiyyətləri, həmçinin milli atributlar da güclü təsirə malikdir. Yəni hər bir insan milli atributlara hörmətlə yanaşmalı, onları uca tutmalıdır. Bu isə mənlik şüuru ilə vəhdətdən yaranır.
Vətənpərvərlik hissinin güclənməsində milli-mənəvi dəyərlərin rolu danılmazdır. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizəyə inam hissini gücləndirir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinmək deməkdir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən biridir. Böyüməkdə olan uşaq, yeniyətmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi isə bu keyfiyyətlərin ən başlıcasıdır.

Mənəvi keyfiyyətlərə təsir edən mühüm 
vasitələrdən biri də bədən tərbiyəsi və idmandır

Bədən tərbiyəsi şagirdlərdə vətənpərvərlik hissinin yaranmasına xidmət edir, vətənə və ictimai əməyə şüurlu məhəbbət yaradır. Əsası məktəbyaşından qoyulmuş vətənpərvərlik hisslərinə malik gənclərimizin beynəlxalq yarışlarda ölkəmizin idman şərəfi və ləyaqəti uğrunda apardığı mübarizə buna canlı sübutudur. Bəzən idmançı öz dövlətinin bayrağının yüksəklərə qaldırmaq üçün yarış zamanı min-bir əzab əziyyətlərə qatlaşır. O zədələnsə də, yarışdan uzaqlaşmır. Məşhur rusiyalı güləşçi İqor Kotkas dünya çempionatlarının birində görüşün ilk dəqiqələrindən çox ciddi zədə alır. O, bədəninin ağrılarına baxmayaraq, yarışı inadla davam etdirir. Axırıncı dörd görüşdə rəqibinə lazımi müqavimət göstərib qalib gəlir və dünya çempionu kimi şərəfli ada layiq görülür. Kotkasın qabırğalarının əzildiyini komanda yoldaşları yalnız o, soyunma otağına yaxınlaşıb huşunu itirdikdən sonra biliblər. Bu güləşçi ciddi zədələndiyinə görə yarışı davam etdirməyə də bilərdi. Lakin vətənpərvərlik hissi onun mübarizliyini cilovlaya bilməyib. Rusiyalı güləşçinin bu hərəkəti əsl vətənpərvərlik nümunəsidir. Bu bir daha göstərir ki, idmançılar öz vətənpərvərliyi ilə digərlərindən fərqlənirlər. İdman yalnız yarışmaq üçün deyil. İdman tərbiyənin ən mühüm əlamətlərini özündə əks etdirir. Azərbaycan dövləti təkcə idmanla məşğul olan adamlar deyil, cəmiyyətin mövcud ictimai quruculuğunda çalışmalı olan sağlam vətəndaşlar hazırlayır və onların yalnız möhkəm əzələsi deyil, habelə vətənpərvərlik hissləri də güclü şəkildə inkişaf etdirilir. Bədən tərbiyəsi və idman uşaqlara vətənpərvərliklə bərabər, dostluq hissləri də aşılayır. Məktəbdaxili, şəhər və rayonlararası keçirilən idman yarışlarında müxtəlif bölgələrdən olan uşaqlar iştirak edirlər. Belə yarışlarda hər bir məktəbli öz komandasının qalib gəlməsinə çalışır. Yarışlara hazırlaşarkən ayrı-ayrı yığma komandaların üzvləri birgə məşq edir və dostlaşırlar. Yarış vaxtı isə bir-biri ilə daha mehriban olur, qalib adı uğrunda qətiyyətlə mübarizə aparırlar. Lakin bu, onların dostluğuna, isti münasibətinə xələl gətirmir.
Kollektiv oyunlarda inadla məqsədə can atan, başqalarını öz arxasınca apara bilən təşkilatçı uşaqlar yetişir. Kollektiv şəkildə, mütəşəkkil hərəkət etmək bacarığını xüsusi inkişaf etdirən oyunların keçirilməsi uşaqların kollektivçiliyə marağını daha da artırır. Oyunlar məhz bu nöqteyi-nəzərdən şagirdləri möhkəm bir kollektivdə birləşdirir. Komandalı oyunlarda uşaqlar kollektivinin qələbə çalması üçün öz şəxsi marağını ümumi mənafeyə qurban verir. Belə oyunlar zamanı şagirdlərdə yoldaşlıq, dostluq hissi yaranır və möhkəmlənir. Onlarda belə bir əqidə formalaşır ki, çətin anlarda bir-birinin köməyinə gəlməlidirlər. Belə hisslər aşılayan oyunlara "Topu qonşuya ötür”, "Topu kapitana ver”, "Komanda, irəli!”, "Ovçular və ördəklər”, "Topu ortadakına” və s. daxildir.
Sadə icraçılıq kollektiv iş zamanı get-gedə şüurlu və könüllü intizamlılığa çevrilir. Unutmaq olmaz ki, kollektiv yalnız şüurlu intizam əsasında ciddi fəaliyyət göstərə bilir. Sadə bir oyunda öz komandasının - kollektivinin mənafeyini uca tutan şagird gələcəkdə daha böyük bir kollektivin - öz xalqının mənafeyini qoruyacaq.

Fiziki hərəkətlərlə müntəzəm məşğul olan şagirdlər 
bədəncə möhkəm və sağlam olurlar

Məktəbdə şagirdlərin əməyə hazırlanmasında fiziki hərəkətlərin öyrədilməsinin böyük əhəmiyyəti var. Yeriş, qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və s. hərəkətlərin təlimi şagirdlərdə sürət, çeviklik, dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir. Bu isə onları əməyə hazırlayır. Başqa sözlə desək, şagirdlərin gələcək istehsalat təliminə mənəvi, fiziki, əxlaqi cəhətdən hazırlığı artır, onlar bədən tərbiyəsi və idmana yaxşı münasibət bəsləyirlər. Fiziki hərəkətlərlə müntəzəm məşğul olan şagirdlər bədəncə möhkəm və sağlam olurlar. Belə şagirdlər bədəncə zəif olan həmyaşıdlarına nisbətən gec yorulur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər. Əzələnin gücünü və uşağın çevikliyini artıran fiziki hərəkətlər və bunların bir-biri ilə düzgün əlaqələndirilməsi əməyə hazırlıq üçün böyük zəmin yaradır. Belə hərəkətlərin şagirdlərə öyrədilməsi, onların bədən tərbiyəsi dərslərinə olan marağını artırır və hərəkətlərin icraedilmə keyfiyyətini xeyli yaxşılaşdırır. Respublikanın şəhər və kənd məktəblərində aparılan müşahidələr göstərir ki, təbii hərəkət keyfiyyətlərinə yiyələnmiş şagirdlər iş görərkən əzələ gücü enerjisinə qənaət edir, dəqiq olmağa, habelə artıq hərəkətlərə yol verməməyə çalışırlar. Onlar hər hansı fiziki işi başqalarından fərqli olaraq az enerji sərf etməklə, qısa bir vaxt ərzində yerinə yetirirlər.
Fiziki tərbiyə məşğələlərində ritmin gözlənilməsi, bilik, bacarıq və vərdişlərin aşılanması, müvazinət hərəkətlərinin mənimsədilməsi şagirdlərin əməyə hazırlanmasında mühüm rol oynayır. Bundan əlavə, bədən tərbiyəsi üzrə nəzəri məlumatların şagirdlərə çatdırılması da həmin hərəkətlərin icrasının səmərəsini artırır, bacarıq və vərdişlərin aşılanmasına kömək edir. Fizioloji və psixoloji tədqiqatlardan aydın olur ki, fiziki hərəkətlər şagirdlərin iş qabiliyyətini artırır, sağlamlığını möhkəmləndirir, fiziki inkişafına müsbət təsir göstərir. Eyni zamanda, bu hərəkətlər üzrə nəzəri məlumatların mənimsədilməsi şagirdlərin hərəkətləri şüurlu icra etməsinə kömək edir. Nəticədə, şagirdlər həmin hərəkətlərlə ardıcıl məşğul olmağa, onları düzgün və dəqiq yerinə yetirməyə çalışırlar. Bu kimi hərəkətlər həm də ürək fəaliyyətinin yaxşılaşmasına, maddələr mübadiləsinin tədricən sürətlənməsinə, əmək prosesi ilə əlaqədar keyfiyyətlərin yüksədilməsinə müsbət təsir göstərir. İdman əşyalarının və avadanlıqlarının təmiz saxlanılması, hərəkətin icrası zamanı təhlükəsizlik qaydalarına riayət olunması da şagirdlərin sağlamlığının qorunmasında əvəzsiz rol oynayır. Bu da əməyə hazırlığın əsas amillərindəndir. Şagirdlərin əmək qabiliyyətini artıran şərtlərdən biri əmək elementlərinə malik fiziki hərəkətlərin tənəffüslə uyğunlaşdırılmasıdır. Hərəkətlərin tənəffüslə əlaqələndirilməsi şagirdləri əməyə hazırlamağa zəmin yaradır. Təbii amillərin (hava, günəş, su) vasitəsilə bədənin möhkəmləndirilməsi də uşaqlarda əmək qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. Şagirdlərin şəxsi həyatında və fiziki inkişafında mütəhərrik oyunların rolu böyük olub, onları əməyə hazırlayır, əmək prosesində lazım olan şərtləri (intizam, qayda-qanun, çeviklik, dəyanətlilik və s.) yerinə yetirməyə alışdırır. Mütəhərrik oyunlar təşəbbüskarlıq, müstəqillik, mətanət, işgüzarlıq, yenilməzlik və s. kimi yüksək keyfiyyətlərin mənbəyi olmaqla, uşaqları yaşadıqları cəmiyyətə bağlayır, kollektivin şərəfini üstün tutur və bunu yerinə yetirməyə cəhd edir. Qeyd etdiyimiz bu proseslərdən keçən, özünün fiziki sağlamlığını qorumağı bacaran hər bir şagird, hər bir gənc gələcəkdə doğma yurdunun keşiyində ayıq-sayıq dayanmağı bacarır.
Azər Əlizadə

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.