Azərbaycan milli güləşində musiqinin rolu

Azərbaycan milli güləşində musiqinin rolu

Ta qədimdən Azərbaycan milli güləşi musiqi ilə müşayiət olunub. Xalq musiqinin böyük ruhverici qüvvəsinə yaxşı bələd idi və buna görə də, qoşa zurnanın səsi güləş meydanından heç vaxt əskik olmazdı. Müasir dövrdə də məşqlər və yarışlar zamanı musiqidən geniş istifadə olunur. Xüsusən təlim-məşq prosesində istifadə olunan musiqi bir neçə hissəyə bölünür.
Qarşılayıcı musiqi. Bu, təlim-məşq məşğələlərinə 15 dəqiqə qalmış səsləndirilir. Məqsəd idmançıların əhval-ruhiyyəsini qaldırmaq, onların əsəb sistemindəki xoşagəlməz psixi emosional gərginliyi azaltmaqdır.
Burada şən enerjili və ritmik musiqindən də istifadə olunur.
Məşğələyə hazırlayan musiqi. Məşğələnin hazırlıq hissəsində istifadə olunan musiqinin məqsədi (20-25 dəqiqə) güləşçiləri təlim-məşq prosesi ritminə hazırlamaqdır. Belə musiqi orqanizmin hərəki fəaliyyətini oyandırır. Musiqidə gümrahlıq, həyatsevərlik, dəqiq ritm olmalıdır.
Əsas musiqi. Bu musiqi periodik xarakterlidir. Məşğələnin əsas hissəsində avtomatlaşdırılmış texniki hərəkətləri təkmilləşdirməkdən ötrü istifadə olunur və 10 dəqiqə davam edir. Belə musiqi ritmik olmalıdır.
Sakitləşdirici musiqi. Təlim-məşq məşğələsinin qurtarmasına 5-7 dəqiqə qalmış sakitləşdirici musiqi çalınmağa başlayır və məşğələ qurtarandan 5 dəqiqə sonra başa çatır. Məqsəd yorğunluğu və əsəb gərginliyini aradan qaldırmaqdır. Belə musiqi sakit, metodik, süstləşdirici olmalıdır.

Müşayiətedici musiqi. İdmançılar duş qəbul edəndə və idman salonundan çıxıb gedəndə çalınır (10-15 dəqiqə). Məqsəd bərpa prosesini təzələmək, diqqəti qarşıdakı ictimai fəaliyyətə yönəltməkdir. Şən, gümrah musiqi idmançıları sanki məktəbə, işə, evə, istirahətə yola salır. Müşayiətedici musiqi bir qədər yavaş tempdə olur.
Ümumiyyətlə, musiqi ürək fəaliyyətinə yaxşı təsir bağışlayır, onu sakitləşdirir, əsəb sisteminin gərginliyini azaldır, məşqdən sonra bərpaedici prosesi gücləndirir. Maraqlıdır ki, Azərbaycan milli güləşində təkcə təlim-məşq prosesində deyil, yarış və görüşlərin özündə də musiqi böyük rol oynayır. Meydana çıxan və güləşən idmançını müşayiət edən "Qaytağı”, "Mirzeyi”, "Cəngi” qəhrəmanlığa, vətənpərvərliyə, igidliyə, cəsarətli olmağa, inamlı və inadkar olmağa çağırır. Musiqi vasitəsilə milli güləşçilərin fiziki və və psixi fəallıqlarını stimullaşdırmaq, tədris-təlim məşğələlərinin səmərəliliyini artırmaq mümkündür.
İdman məşğələlərində musiqidən istifadə etmək problemi üzərində tədqiqatlar aparılıb. Tədqiqat nəticəsində tədris-təlim məşğələlrində müxtəlif musiqidən istifadə etməyin vacibliyi aşkara çıxarılıb. Məlum olub ki, musiqi məşğul olanların fiziki işgörmə qabiliyyətini, onların fiziki funksiyalarını fəallaşdırır, hərəki reaksiyalara, əzələ qüvvəsinin aşkara çıxarılmasına, ürək fəaliyyətinə, habelə fiziki hazırlığa müsbət təsir göstərir. Tədqiqat nəticəsində müəyyən edilib ki, tədris-təlim məşğələlərində musiqinin səs səviyyəsinin optimal surətdə dəyişdirilməsinin qanunauyğunluğu gözlənilməlidir. Bu proses zamanı istifadə olunacaq musiqi janrı, musiqi tərkibi, musiqi alətləri və s. konkretləşdirilib.
Güləşçilərin tədris-təlim məşğələlərində səmərəli musiqi vaxtı rejmi də müəyyən edilib. Qarşılıqlı musiqi, əsas musiqi, sakitlləşdirici musiqi, müşayiətedici musiqinin ümumi məqsədi bunlardır:
- İnsanın işgörmə qabiliyyətini stumllaşdırmaq sahəsində tarixən yaranmış təcrübəni ümumiləşdirmək;
- Güləşçilərin tədris-təlim məşğələlərini səmərələşdirmək üçün istifadə olunan optimal stimulaşdırma metodikasını müəyyn etmək;
- İdmançıların işgörmə qabiliyyətinə musiqinin təsirinin psixi-fizioloji mexanizmini nəzəri cəhətdən əsaslandırmaq.
Bu məsələni hərtərəfli öyrənmək məqsədilə kompleks pedaqoji, sosioloji və psixoloji tədqiqatlar aparılıb və bu işdə aşağıdakı metodlardan istifadə olunub:
- Ədəbiyyatın təhlili, anket sorğusu, söhbətlər, pedaqoji müşahidələr;
- Pedeqoji eksperiment, səsin tempinin ölçülməsi, dinamometriya;
- Fiziki və idman hazırlığı göstəricilərinin müəyyən edilməsi.
Tədqiqat 3 eksperimental qrup tərəfindən idman salonunda musiqinin müşayiəti ilə aparılıb. Ümumilikdə, eksperimental qruplarda 12 nəfər iştirak edib. Bu qruplarda 13 yaşından 22 yaşınadək olan güləşçilər yer alıb. Musiqinin təsiri həm adi şəraitdə, həm də dəyişən şəraitdə sınaqdan çıxarılıb. Bütün bu tədqiqatların nəticəsində təcrübədə musiqini tədbiq etmək sahəsində bir sıra variantlar işlənib hazırlanıb. Musiqidən istifadə etməyin məqsədyönlü olmasını müəyyən etmək üçün tədqiqatın birinci ayında güləşçilərin məşqləri büsbütün musiqinin müşayiəti ilə keçirilib. Tədqiqat zamanı müəyyən olunub ki, musiqidən tədris-təlim məşğələsinin yalnız o hissəsində istifadə olunmalıdır ki, həmin hissədə sadə və ya möhkəm öyrənilmiş hərəkətlər icra olunur. Özü də belə hərəkətlər məşğul olanlardan fəal fəaliyyət və icraya böyük diqqət tələb etmir. Belə hissələrə məşğələnin hazırlıq hissəsi, texniki hərəkətlərin avtomatlaşdırılmasının təkmilləşdirilməsi və tamamlayıcı hissə daxildir. Bunlarla bərabər, məşğələnin başlamazdan əvvəl və qurtardıqdan sonra musiqi ilə müşayiət olunması daha böyük effekt verir.
Məşğələnin qeyd olunan hissələrində çoxlu miqdarda məlumat xarakterli işarələr və bu işarələrin yüksək tempdə verilməsi tələb olunduğu üçün bu hissələrdə musiqinin müşayiəti məsləhət görülmür. Çünki bu hissələr musiqi ilə müşayiət olunsa, musiqi güləşçilərin diqqətini yayındıra bilər və bu da məlumatı, qəbuletməni azaldar, güləşçinin reaksiyasına mənfi təsir göstərir.
İdman fəaliyyətinin spesifik xüsusiyyətlərini və məşğələnin hazırlıq, əsas və tamamlayıcı hissələrinin ümumi vəzifələrini nəzərə alaraq, vəsaitin giriş hissəsində güləşçilərə stimullaşdırıcı musiqinin xüsusi növləri haqqında geniş məlumat verilib.
Müşahidələr göstərib ki, istifadə edilən musiqinin səs ucalığı həmin tədris-təlim məşğələsi hissələrinin qarşısındakı vəzifələrə uyğun olmalıdır. Bir məsələni qeyd edək ki, iş tempi nə qədər tez, sürətlidirsə, musiqi də həmin tempə uyğunlaşdırılmalıdır. Yorğunluq nə qədər yüksəkdirsə, musiqi də bir o qədər sakit tempdə səsləndirilməlidir. Tədqiqat zamanı sübut olunub ki, güləşmə texnikasını sərbəst tempdə təkmilləşdirmə zamanı güləş fəndlərinin müsiqi templərinə uyğun icrası idmançılara sakitləşdirici təsir göstərir. Belə hallarda musiqinin tez-tez çalınan növlərindən istifadə etdikldə isə, adi şəraitə nisbətən, hərəkətlərin iş tempi faiz hesabı ilə yüksəlir. Tədqiqat göstərib ki, belə halda sürətlə ifa olunan musiqi idmançıları həyəcanlandırır.
Sürət hərəkətlərini maksimal tempdə ica etdikdə, adi şəraitdən fərqli olaraq, işgörmə bacarığı aşağı düşür, azalır. Məşğul olanların dediyinə görə, iş tempinin daha da azalmasının qarşısını almaq üçün onlar əlavə qüvvə sərf etməli olurlar. Yüksək tempdə icra olunan musiqi isə, musiqisiz görülən eyni işə nisbətdə işgörmə qabiliyyətini yüksəldir.
Deməli, fiziki işgörmə bacarığını yüksəltmək üçün yüksək templi, orqanizmi sakitləşdirmək üçün isə sakit templi musiqilərdən istifadə etmək məsləhətdir. Tədqiqatın nəticələri göstərib ki, musiqi ilə stimullaşdırmanın real imkanları var. Belə ki, bu zaman mərkəzi sinir sistemi qıcıqlanır və məşğələlərin faydalı əmsalının artması üçün yeni perspektivlər yaranır.
İdmançılarda ürək yığılması tezliyinə müxtəlif templi musiqinin təsiri elektrofizioloji tədqiqat zamanı öyrənilmişdir. Bununla da, sakit vəziyyətdə 13 dəqiqə ərzində musiqiyə qulaq asmaq nəticəsində ürək fəaliyyətinin dəyişməsi sübuta yetirilmişdir. Eyni qruplar üzərində aparılan birillik müşahidələr göstərib ki, vahid proqram əsasında dərs keçən müəllim-məşqçilərin qrupları arasında müəyyən fərqlər mövcuddur. Məlum olub ki, hansı məşqçi-müəllim məşğələ zamanı musiqidən istifadə edibsə, onun qruplarında məşğul olanların fiziki imkanı daha yüksəkdir.
Halbuki eksperimentin əvvəlində qruplarda vəziyyət eyni idi. Elə ki, eksperimental qrup musiqidən istifadə etməklə məşğələyə başlayıb, bir ildən sonra o qrup adi qayda ilə məşğul olan qrupu bütün göstəriciləri üzrə ötüb keçib. Müşahidə aparılan ilin sonunda bu qruplar arasında yarış keçirilib. Eksperimental qrupun orta nəticələri belə olub: 150 m məsafəyə qaçışda -052 san, 1500 m. məsafəyə qaçışda - 5,56 san, uzununa tullanmada - 11,56 sm, xalça üzərində qarşılıqlı görüşlərdə 12 qələbə. Buna səbəb məşğul olanlarda musiqinin təsiri ilə işgörmə qabiliyyətinin artması idi.
Sosioloji tədqiqatlar göstərir ki, musiqi, xüsusilə də məşğul olanların xoşuna gələn musiqi onların psixi vəziyyətinə və işgörmə qabiliyyətinə yaxşı təsir edir. Buna görə də, musiqini seçərkən məşğul olanların zövqünü nəzərə almaq lazımdır. Ümumiyyətlə isə, bu cəhətdən estrada musiqisi, rəqs və xalq mahnıları daha üstün və faydalıdır. Yaxşı olar ki, bu musiqi əsərləri elektroalətlər ansamblı, gitara, zərb alətləri, fortepiano, saksafon və truba ilə səsləndirilsin.
Məşğələlərdə idmançıların işgörmə bacarığına musiqinin psixi-fizioloji təsir mexanizmi 2 əsas amil üzərində qurulur:
a) əlverişli emosiyaların müsbət rolu;
b) musiqinin hərəki fəaliyyət ritmini stimullaşdırmaq bacarığı.
Qeyd edək ki, musiqi, əlavə qıcıqlandırıcı kimi, mərkəzi sinir sistemini də əvəz edir.