Berti Foqts ABŞ-a 21 futbolçu aparır

Berti Foqts ABŞ-a 21 futbolçu aparır

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Mayın 27-də San Fransiskoda ABŞ millisi ilə keçiriləcək yoldaşlıq oyunu üçün komandamıza 21 futbolçu cəlb edilib.
Almaniyalı baş məşqçi Berti Foqts mayın 20-dən 28-dək davam edəcək oyunlara yeni simalar da çağırıb. Belə ki, "Araz Naxçıvan”ın qapıçısı Emil Balayev I diviziondan yığmaya dəvət alıb. Əvvəllər milliyə çağırılan, lakin sonradan diqqətdən kənarda qalan Dmitri Nazarov da yenidən Berti Foqtsun siyahısında yer alıb. 21 futbolçudan üçü - Kamran Ağayev, Elvin Yunuszadə və Araz Abdullayev təlim-məşq toplanışında mayın 23-dən iştirak edəcəklər. Buna onların Azərbaycan kubokunun finalında çıxış edəcək klubları təmsil etməsi səbəb olub. Artıq bu futbolçulardan biri - Araz Abdullayev "Neftçi” klubunun məşqində zədələnib və heyətdən çıxarılıb. Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak və Pərdis Fərcad-Azad heyətə dəvət edilib.
Berti Foqts 4 nəfərlik ehtiyat siyahı da tərtib edib. Bu oyunçular, əsas "21-lik”dən zədələnən olacağı halda, ABŞ-a yollanacaqlar.

Qapıçılar: Kamran Ağayev ("Qəbələ”), Səlahət Ağayev ("İnter”), Emil Balayev ("Araz-Naxçıvan”);
Müdafiəçilər: Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov (hər üçü "Qarabağ”), Rasim Ramaldanov ("Xəzər Lənkəran”), Mahir Şükürov, Elvin Yunuszadə (hər ikisi "Neftçi”), İlkin Qırtımov ("Simurq”), Şəhriyar Əliyev ("Bakı”);
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev ("Xəzər Lənkəran”), Ruslan Abışov ("Rubin”, Rusiya), Qara Qarayev ("Qarabağ”), Abdulla Abasiyev ("İnter”), Ufuk Budak ("Qaziantep BB”, Türkiyə);
Hücumçular: Vaqif Cavadov ("İnter”), Rauf Əliyev ("Bakı”), Cihan Özkara ("Sivasspor”, Türkiyə), Rüfat Dadaşov ("Kaizerslautern-II”, Almaniya), Dmitri Nazarov ("Karlsrue”, Almaniya), Pərdis Fərcad-Azad ("Sumqayıt”).

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Vüqar Nadirov (hər ikisi "Qarabağ”), Vurğun Hüseynov ("Sumqayıt”), Taşkın İlter ("Ayntraxt”, Braunşveyq, Almaniya).