Çempion cəzalandırıldı

Çempion cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XXXIV turunda yaşanalar müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.
"Qarabağ” - "İnter” matçının 75 və 80-ci dəqiqələrində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub. Qeyd edək ki, "Qarabağ” həmin görüşdə qalib gələrək, çempion adını qazanmışdı.
"Xəzər Lənkəran” - "Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından klub 1000 manat ziyana düşüb.
AZAL - "Neftçi” qarşılaşmasında qırmızı vərəqə alanların cəzası fərqli olub. Matçın 58-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan AZAL-ın futbolçusu Kərim Diniyev 1 oyunluq cəzalanıb, həmçinin klubunu 200 manat xərcə salıb. Onun komanda yoldaşı Murad Ağayevin cəzası daha ağır olub. Oyunun 86-cı dəqiqəsində kobudluq etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçu 2 oyunluq cəza və 2000 manat cəriməyə layiq görülüb. Bu isə o deməkdir ki, M. Ağayev üçün mövsüm başa çatıb.
"Rəvan” - "Simurq” görüşünün 73-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan İlkin Qırtımov isə 1 matçlıq cəza alıb və klubunu 200 manat ziyana salıb.