Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol turniri keçirilib. "Universitet”, "DİN FK”, "Araz-2”, "Babək”, "Batabat”, "Arpaçay”, "Əlincə”, "Sədərək”, "Dübəndi” və "Kəngərli” komandalarının mübarizə apardıqları turnir Olimpiya sistemi üzrə keçirilib.
Final oyununda Naxçıvan Dövlət Universitetinin komandası ilə "Araz-2” komandası qarşılaşıb. Daha maraqlı oyun göstərən tələbələr meydanı 2:1 hesablı qələbə ilə tərk ediblər. Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev və Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov qalib komandanı təbrik edərək, ona gələcək oyunlarında uğurlar arzulayıb.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Turnirin qalibi olan Naxçıvan Dövlət Universitetinin komandasına kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib. Finalda oynamaq hüququ qazanan "Araz-2” komandası da mükafatlandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi turnirə aprelin 26-da start verilib.