Futbolçumuz “Aberdin”də baxışdadır

Futbolçumuz “Aberdin”də baxışdadır


19 yaşınadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Cem Fələk karyerasını Şotlandiyada davam etdirə bilər. Almaniya əsilli futbolçu Böyük Britaniya təmsilçisinin "Aberdin” klubunda baxışdadır.
4 qat Şotlandiya çempionu, əfsanəvi Aleks Ferqyussonun baş məşqçi kimi ilk uğurlarını qazandığı klub Cemi yoxlama oyununda da sınaqdan keçirib. 18 yaşlı hücumameylli yarımmüdafiəçi Aberdinin eyniadlı təmsilçisinin "Kove Reyncers”lə yoxlama oyununda meydana çıxıb. "Allan Park”dakı görüş 5:5 hesabı ilə başa çatıb.
"Aberdin”in baş məşqçisi Derek Makinnes Cem və baxışda olan digər oyunçu - hollandiyalı Coy Qroenbastla bağlı qısa fikirlərini də açıqlayıb. Vaxtilə Şotlandiya millisinin futbolçusu olan çalışdırıcı qeyd edib ki, hər iki gənc gələn mövsüm klubun U-20 komandasında oynaya bilər. Yeni heyət formalaşdıran rəhbərlik Cemlə Coyu yoxlayıb qərar verəcək.
Qeyd edək ki, 2009-cu ildə "Xəzər Lənkəran”la da müqavilə imzalayan Fələk Almaniyanın "Ayntraxt” və "Bohum” klublarının aşağı yaş komandalarında çıxış edib.