Bakıda ilk beynəlxalq futbol könüllülüyü forumunun açılış mərasimi olub

Bakıda ilk beynəlxalq futbol könüllülüyü forumunun açılış mərasimi olub


Mayın 19-da "Abşeron Marriott Baku” mehmanxanasında ilk dəfə keçirilən beynəlxalq futbol könüllülüyü forumunun açılış mərasimi olub. Forumda AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Ceyhun Bayramov, tanınmış italiyalı futbolçu, tədbirə forumun səfiri qismində dəvət olunan Canluka Zambrotta və 8 xarici ölkəni təmsil edən beynəlxalq səviyyəli spikerlər iştirak ediblər.
Əvvəlcə UEFA-nın baş katibi Canni İnfantinonun forum iştirakçılarına ünvanlanan videomüraciəti nümayiş olunub. Sonra forumun yeni istifadəyə verilmiş rəsmi saytı - www.ifvf2014.com təqdim edilib.
Mərasimdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov forumun əhəmiyyətini yüksək qiymətləndirib, ölkəmizdə idmana və gənclərə göstərilən dövlət qayğısından danışıb. Baş katib bildirib ki, forum çərçivəsində müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq və müzakirələrin yekunu olaraq UEFA-ya üzv olan 54 ölkəyə tədbirin yekunları barədə məlumat göndəriləcək.
Könüllülüyün üstün cəhətlərindən danışan AFFA-nın baş katibi bunun bir mədəniyyət, insan xarakterinin göstəricisi olduğunu vurğulayıb. "Könüllü olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur. Bu insanlar öz ətraflarını genişləndirir, biznes əlaqələri yaradır və digər ölkələrdən olan insanlarla dostluq münasibəti qururlar”, - deyə o bildirib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları nailiyyətlərdən söz açıb. O bildirib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu xətt dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamız irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Bu prosesə minlərə könüllü cəlb olunur.
Cari ilin iyun ayında Bakıda bədii gimnastika üzrə Avropa çempionatının keçiriləcəyini xatırladan İsmayıl İsmayılov qitə birinciliyində 12 min könüllünün iştirak edəcəyini diqqətə çatdırıb: "Gələn il ölkəmizdə birinci Avropa Oyunları təşkil olunacaq. Bu mötəbər yarışda könüllü kimi iştirak etmək üçün 70 min müraciət daxil olub. Ancaq biz onların arasından 12 min könüllünü seçəcəyik. Onlar üçün müxtəlif mövzularda treninqlər təşkil ediləcək və I Avropa Oyunlarının başlanmasınadək onlar bu işə tam hazır olacaqlar”.
Təhsil nazirinin müavini Ceyhun Bayramov forumun əhəmiyyətini yüksək qiymətləndirib, könüllü olmağın uğurlarından danışıb və bu insanların cəmiyyətdəki rolu barədə məlumat verib.
Nazir müavini qeyd edib ki, MDB ölkələri arasında könüllülük haqqında qanunvericilik yalnız Azərbaycanda var. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqram”ında məhz könüllülük haqqında müddəalar mövcuddur. Bakıda təşkil olunmuş "Eurovision-2012” mahnı müsabiqəsində yerli könüllülərin əməyindən geniş istifadə olunub.
Forumun səfiri, məşhur italiyalı futbolçu Canluka Zambrotta Bakıda olmasından məmnunluğunu ifadə edib, komanda işinin təşkil olunmasının əhəmiyyətindən danışıb, könüllülüyün müsbət tərəfləri barədə iştirakçılara məlumat verib.
Sonra ölkəmizdə təşkil olunan yarışlarda könüllülərin işindən bəhs edən videoçarx nümayiş olunub. Forum işini sessiyalarla davam etdirib.
Qeyd edək ki, forum çərçivəsində 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələr zamanı qazanılmış təcrübələri forum iştirakçıları ilə bölüşməkdir. Forumda azərbaycanlı könüllülərlə yanaşı, onların Polşa, Çin və Türkiyədən olan həmkarları da iştirak edirlər.
Forumun əsas məqsədi həm Azərbaycan, həm də beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişaf etdirilməsi və regional təcrübələrin paylaşılmasıdır.