"Sevilya” (İspaniya) və "Benfika” (Portuqaliya) klubları arasında keçirilən qarşılaşma ilə UEFA Avropa Liqasının 2013/14-cü illər mövsümünə yekun vurulub. Yarış başa çatdıqdan sonra turnirin 50 ən yaxşı bombardirinin siyahısı açıqlanıb.
Təsnifat və əsas mərhələlərdə üst-üstə ən çox qol vuran futbolçuların cədvəlinə Adrian Soriano ("Zalsburq”, Avstriya) başçılıq edir. Onun hesabında 11 qol var. "Trabzonspor” (Türkiyə) klubunun üzvü Paulo Enrike 8 dəfə fərqlənib.
"Top-50”də Azərbaycan təmsilçisi də yer alıb. "Qarabağ”ın braziliyalı legioneri, Topaz Premyer Liqasının ən məhsuldar oyunçusu Reynaldo Silva UEFA Avropa Liqasının bombardirləri arasındadır. Təsnifat mərhələsində vurduğu 5 qol cənubi amerikalını ümumi siyahıda 14-cü edib.
Reynaldo 14-28-ci yerlərə şərik olan 15 futbolçudan biridir. Onun kimi 5 qol vuranlar arasında Roberto Soldado, Yelle Vossen, Andrey Yarmolenko kimi tanınmış simalar da var.