“Qarabağ” klubuna çempionluq kuboku təqdim edildi

“Qarabağ” klubuna  çempionluq kuboku təqdim edildi




Ölkə çempionatının "gümüş”ü"İnter”ə, bürüncmedalları isə"Qəbələ”yəqismət oldu

 Mayın 17-də Topaz Premyer Liqasında 2013/14-cü illər mövsümünə yekun vurulub. XXXVI tur qızıl və gümüş medalların sahiblərinə təqdim olunması, həmçinin bürünc mükafatçı ilə Topaz Premyer Liqanı tərk edən komandanın müəyyənləşməsi ilə əlamətdar olub. Belə ki, bu turadək ilk iki pillədəki yerlərini təmin edən "Qarabağ” və "İnter” öz meydanlarında nominal qonaq kimi çıxdıqları matçda medallarına yiyələniblər. "İnter” AZAL-a paytaxt derbisində qalib gəlməklə bayrama bayram qatıb. Çempionluq kuboku və qızıl mükafatlarını alan "Qarabağ” isə öz meydanında "Xəzər Lənkəran”ın qonağı olub. Ağdamlılar 1-ci yeri təmin edəndən sonra keçirdiyi 2-ci qarşılaşmada da məğlub olub və ardınca mükafatlandırılma mərasiminə qatılıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 21 illik fasilədən sonra çempion olan Ağdamın "Qarabağ” klubuna qızıl medallar və çempionluq kuboku təqdim edib. Mövsümü ikinci pillədə başa vuran Bakının "İnter” klubuna isə gümüş medallar təqdim edilib.

 

Topaz Premyer Liqası
XXXVI tur
17 may (şənbə)
"Simurq” - "Neftçi” - 0:0
Qırmızı vərəqələr: Elvin Yunuszadə (45+1); Mirhüseyn Seyidov, 90+4.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fərid Məmmədov.
Zaqatala. Şəhər stadionu.

İlk 3 dövrədəki oyunlar - 0:1, 0:0, 0:3
 
"Simurq” Zaqatalada "Neftçi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüş Zaqatala təmsilçisi üçün əhəmiyyət kəsb etməsə də, "neftçilər”nin mükafatçılar sırasına düşmək üçün tək şansı idi. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Lakin 1 xal Bakı klubuna bürünc medal qazandıra bilməyib. Artıq "ağ-qaraların mövsümün mükafatsız başa vurmamaq üçün yeganə şansı mayın 22-də kubokun finalında "Qəbələ”ni məğlub etməkdir. Bir məqamda var ki, Böyükağa Hacıyev kuboka sahib çıxmaq üçün əsas heyətin xeyli sayda aparıcı futbolçusunu Zaqatalaya aparmayıb. Onu da qeyd edək ki, "Neftçi” 3-cü pilləni məhz "Qəbələ”yə təhvil verib.
Nəticədə, "Simurq” "Neftçi”yə cari mövsümdəki 4-cü matçda da qol vura bilməyib. Bununla belə, 0:0 hesabı bakılıları medaldan məhrum edib. "Ağ-qaralar” 2 xal itkisi ilə 3-cü pilləni əldən veriblər. Bununla da son 3 ilin çempionu bu dəfə "üçlük”dən kənarda qalıb.
 
"Qəbələ” - "Sumqayıt” - 3:1
Qollar: Viktor Mendi, 39; Lorenzo Ebesilio, 89; Abdulvahid Afolabi, 90+1 - Məhəmməd Qurbanov, 7.
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Munis Abdullayev, Teymur Fərhadov.
Qəbələ. Şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar - 1:2, 2:0, 3:0
 
"Qəbələ” isə öz meydanında "Sumqayıt” klubunu qəbul edib. "Qırmızı-qaralar” qonaqlar üzərində əzmkar qələbə qazanaraq Topaz Premyer Liqasının 2013/14-cü illər mövsümünün medallarına sahib çıxmağı bacarıblar. Mövsüm ərzində qeyri-sabit oyun keçirən "Qəbələ” yalnız "Neftçi”nin Zaqatalada xal itirəcəyi təqdirdə buna nail olacaqdı. Artıq Yuri Syominin yetirmələri kubok hazırlığına rahatlıqla başlaya bilərlər. Həm də əyalət klubu bundan sonra avrokuboklarda şansını sınayacaq.
Beləliklə, "Qarabağ” və "İnter”in ardınca 3-cü mükafatçı isə tarixində ilk dəfə "Qəbələ” olub. "Sumqayıt” isə uduzsa da, Topaz Premyer Liqasında yerini qoruyub.
 
 
 
"Rəvan” - "Bakı” - 2:3
Qollar: Miloş Adamoviç, 90; Xuan Manuel Varea, 90+3 - Rauf Əliyev, 24; Aleksandar Soliç, 83; Tural Qürbətov, 90+1.
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, Rəşad Əhmədov.
Bakı. "Bayıl Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar - 0:5, 0:0, 1:5
 
"Bayıl Arena”da "Rəvan” və "Bakı” klubları üz-üzə gəliblər. "Sumqayıtın səfərdə məğlubiyyətlə üzləşdiyini nəzərə alsaq, Bayıl klubu bu oyunda mütləq qələbə qazanmalı idi. Əks təqdirdə, "aslanlar” elitadan getmək təhlükəsi ilə üzləşəkdi. Proqnozlar özünü doğruldub. "Bakı” bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb. Bununla da Güvənc Kurtarın komandası I diviziona yuvarlanan yeganə komanda olub. "Rəvan” yeni mövsümdən aşağı dəstədə mübarizə aparmamaq üçün yalnız Premyer Liqanın reqlamentinin dəyişməsinə ümid etməlidir.
 
AZAL - "İnter” - 1:3
Qollar: Aydın Qasımov, 71 - Samir Zərgərov, 2; Dieqo Madriqal, 9; 83.
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, İsgəndər Əliyev, Mahir Məmmədov.
Bakı. "Şəfa” stadionu.
İlk 3 dövrədəki oyunlar - 2:1, 0:2, 1:2
 
"İnter” doğma azarkeşlər önündə AZAL klubu ilə üz-üzə gəlib. Bu qarşılaşma da medal baxımından heç bir önəm daşımırdı. Çünki Şüvəlan təmsilçisinin əli hər şeydən üzülmüşdüsə, "bankçılar” bir neçə tur əvvəl gümüş medalları qazanmışdı. Kaxaber Sxadadze bir neçə aparıcı futbolçusunu meydanda buraxmsa da, komandası uğurlu çıxış edərək mövsümün son oyununu da qələbə ilə başa vurub. Oyun Şüvəlanda keçirilməli olsa da, sonradan matç "Şəfa” stadionuna təyin edilib. Bu qarşılaşmada maraqlı məqamlardan biri də Kərim və Coşqun Diniyevlərin bir-birinə qarşı mübarizə aparması olub. Hər iki gənc futbolçu Şahin Diniyevin oğludur. Oyun "bankçıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
"Xəzər Lənkəran” - "Qarabağ” -  2:1
Qollar: Tyeqo de Xesus,5; Elnur Abdullayev, 86 - Ulrix Kapolonqo, 44.
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Kamran Bayramov, Nail Nağıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk 3 dövrədəki oyunlar - 0:2, 0:3, 1:0
 
Mövsümün son görüşündə "Xəzər Lənkəran” və "Qarabağ” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə nominal meydan sahibi qismində "ağ-yaşıllar” çıxış edirdi. Buna səbəb isə əslində Lənkəranda keçirilməli olan oyunun Bakıya təyin olunması idi. 90 dəqiqə sonra qələbəyə sevinən tərəf Lənkəran klubu olsa da, bu, Ağdam təmsilçisi üçün heç bir əhəmiyyət kəsb etmirdi. Çünki artıq 2 tur əvvəl Ağdam təmsilçisi çempionluğu özləri üçün təmin etmişdi. Beləliklə, "Qarabağ” 21 il sonra qızıl medallar və çempionluq kubokuna sahib çıxıb.
Yeri gəlmişkən, Azərbaycan çempionatlarında ardıcıl 4-cü dəfədir ki, qızıl medalların sahibi erkən bəlli olur. "Qarabağ” "Neftçi”nin vaxtından əvvəl çempionluğu bayram etmək ənənəsini davam etdirib.
Topaz Premyer Liqasının sonuna 2 tur qalmış "İnter”i 4:1 hesabı ilə məğlub edərək çempionluğu yeri təmin edən Qurban Qurbanovun yetirmələrinədək bakılılar da son turları formallığa çevirmişdi. "Neftçi” 2010/11-ci illər mövsümündə 3, 2011/12-ci illər mövsümündə 2, 2012/13-cü illər mövsümündə isə 1 tur qalmış hamıdan güclü olduğunu sübut etmişdi.

Bununla da erkən çempionluğa ardıcıl 4-cü dəfə təsadüf olundu. Son turda çempion olmasına axırıncı dəfə 2009/10-cü illər mövsümündə təsadüf olunmuşdu. Həmin vaxt dramatik sonluqla nəticələnən çempionatın qızıl medallarını "İnter” əldə etmişdi.
Beləliklə, Topaz Premyer Liqasının XXXVI turu mükafatçıların tam tərkibini müəyyənləşdirib. "Qarabağ” və "İnter”in ardından ilk "üçlüy”ə düşən "Qəbələ” tarixində ilk dəfə belə uğura imza atıb.
XXII Azərbaycan çempionatının bürünc medalını qazanan əyalət təmsilçisi mükafat qazanan 15-ci klub kimi tarixə düşüb. "Qarabağ” isə 8-ci mükafatı ilə medal sıralamasında 3-cü pilləyə yüksəlib. Ağdamlılar qızıl sayının azlığı səbəbindən yalnız "Kəpəz”dən geri qalır.  Ümumi medal sayında isə "Neftçi” hamıdan öndədir.
"İnter” isə 6-cı medalla bu siyahının 4-cüsü olan "Bakı”ya çatıb. İki paytaxt klubunun göstəricilərində mütləq bərabərlik hökm sürür.