Mayın 27-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək ABŞ yığması daha bir rəqiblə anlaşıb. Millimizin alman baş məşqçisi Berti Foqtsun müşavir olduğu Şimali Amerika təmsilçisi Belçika yığması ilə yoxlama matçında qüvvəsini sınayacaq.
İyunun 12-də Braziliyada start götürəcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə təşkil olunacaq oyun elə mundialın açılış günündə keçiriləcək. Qarşılaşma Braziliyada olacaq.
Qeyd edək ki, Yurgen Klinsmannın baş məşqçisi olduğu amerikalılar Azərbaycan və Belçika komandaları ilə matçların arasında daha iki qarşılaşma keçirəcək. Onlar iyunun 1-də Türkiyə, 7-də Nigeriya milliləri ilə oynayacaqlar.