Xalqımız öz yurduna bağlıdır

Xalqımız öz yurduna bağlıdır

"Hamımızın ümumı vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”
Heydər Əliyev

Xalqımız gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və bu işə əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, həyatın bütün çətinliklərinə sinə gərmək bacarığı aşılayır.
Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Qurur duyduğumuz bu insanların qəhrəmanlığının kökündə onların vətənpərvərliyi dayanır. İgid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman, öz yurduna bağlı xalqdır və öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Erməni qəsbkarlarına qarşı müharibədə həlak olan qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi, ölkəmizdə aparılan hərbi vətənpərvərlik tərbiyəsi bu gəncləri daha da ruhlandırır.
Yaxın keçmişin acı təcrübəsi sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən, əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçılık tərbiyəsi, sən demə, genosid planının və antitürk siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün.
Keçmiş Sovetlər birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar ümumiləşdirilmişdi və Sovetlər birliyinin bir vətən olaraq qəbul olunmasına, bir ideologiyaya xidmət edirdi. Əslində bu, şüurlu surətdə edilirdi ki, milli respublikalarda yaşayan gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Onlar ancaq bir dövlətin təmsilçiləri, müdafiəçiləri və vətənpərvərləri ola bilərdilər ki, bu da SSRİ idi.
Müstəqillik əldə etdikdən sonra isə respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar dərsliklərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır. Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsi o zaman daha yaxşı aşılanır ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə, ali məktəblərdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənlərin və ixtisas kurslarını tədrisi ilə yanaşı, onlara hərbi məzmunlu biliklər də verilsin.
Şübhəsiz ki, hərbi biliklər tədris olunarkən tariximizi də xatırlamalıyıq. Ən azı ona görə ki, müəyyən dövrlərdə yaşayan, mübarizə aparan tarix yaradan insanlar tariximizin bir parçasıdır. Müdriklərimizdən birinin belə bir kəlamı var: "Əgər keçmişinə güllə atsan, gələcək səni topa tutar”. Bu fikrə əsaslanıb hərbi-vətənpərvərlik hissini təbliğ edərkən, II Dünya Müharibəsində iştirak edən soydaşlarımızı yaddan çıxartmamalıyıq. Bəşəriyyəti faşizm zülmündən xilas edən bu nəslin nümayəndələri yüksək hörmətə, ehtirama layiqdirlər. Ölkəmiz müharibə vəziyyətində olduğu bir vaxtda, vətənin azadlığı üçün çox şey öyrənəcəyimiz nəslin nümayəndələri kimi, onlara çox ehtiyacımız var.

Vətənpərvərlik emosional hissdir

Ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Azərbaycan müharibə şəraitində yaşadığından vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması da ən vacib məsələlərdən biridir. Ölkə əhalisini vətənpərvər ruha kökləmək üçün təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik daim təbliğ olunmalıdır. Həmçinin ordu, şəhidlər, Milli Qəhrəman haqqında və eyni zamanda düşmənə qarşı nifrət yaradacaq söhbətlər aparılmalı, məqalələr yazılmalı, verilişlər hazırlanmalıdır.
Azərbaycan xalqı qəhrəman xalqdır

Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa, ilk növbədə, atadan, anadan keçməlidir. Bu fikirlə razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşməninə isə nifrət hissləri ilə böyüsün. Ailə cəmiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu "kiçik dövlət”lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu mövqeyə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Bütün bunların fonunda milli mentalitetə bağlı ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Müşahidələr isə son illər bəzi hallarda ailə dəyərlərinin aşındığını göstərir. Qarabağ müharibəsi, məcburi köçkünlük həyatı, informasiya məkanında müxtəlif ideoloji ünsürlərin meydana çıxması, fərqli dünyagörüşünün və fərqli mədəniyyətlərin təbliği, Qərbə inteqrasiya meyli milli ailə dəyərlərinin aşınmasına, gənclərin, uşaqların psixologiyasına təsir göstərən amillərdir.
Bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Bu baxımdan uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu vardır.

Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir

Qeyd etdiyimiz kimi, uşaqlar bir insan, vətəndaş kimi ilk tərbiyəni ailədən alırlar. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. keyfiyyətləri qazanırlar. Tərbiyənin əsas məqsədi isə kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-həmin vətəndaşın mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulur. Tərbiyə-təhsil və əmək prosesində vətəndaş hazırlığı keçir. Əsil vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməlı, vətəni sevməlıdirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdırlar. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, böyüklərə, ailə üzvlərinə hörmət kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətləri uyğun qiymətləndirilməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Əlbəttə, Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olub. Lakin respublikamızın hazırda müharibə şəraitində olması, torpaqlarımızın hələ də işğal altında qalması bizi hər an müharibəyə hazır olmağa məcbur edir.



Vətənpərvərlik hissinin formalaşdırılmasında ideya-siyasi tərbiyə

Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.
Vətənpərvərlik bizə ulularımızdan qalan mirasdır. Bu mirasa sahib çıxmaq, onu qoruyub gələcək nəsillərə də catdrmaq hər bir vətən övladının borcudur. Bu hissi qoruyan ulularımız, öndərlərimiz indi bizim yaşadığımız, suyu, havası ilə qidalandığımız bu diyar üçün canlarından, qanlarından keçərək yadellilərə qarşı mübarizə aparmışlar. Bunlar yadellilərə qarşı cəsarətlə vuruşan Cavanşir, son nəfəsində "mən həmişə səninləyəm, Azərbaycan” deyən Babək, vətəndən ayrı düşsə də, onunla bir olan Şəhriyar və digərləri əsil örnəkdirlər. Onlar bizdə vətənpərvərlik hissinin formalaşmasında , onun daha da böyüməsində mühüm rol oynayırlar. Biz bu hissi qorumaqla yanaşı, gələcək nəsillərə də çatdırmalıyıq. Bu da bizim vətən üçün yerinə yetirməli olduğumuz müqəddəs bir borcdur.
Vətənpərvərlik hissi vətəni sevən hər bir kəsin ruhi qidası olmalıdır. Daima onun ürəyində yaşamalıdır. Bu hiss yaşından, cinsindən asılı olmayaraq hər bir vətən övladına mənəvi qida kimi verilir. Vətənə bağlılıq, vətən sevgisi hər bir Azərbaycan övladına lazımi səviyyədə öyrədilərsə, Azərbaycanın vətənpərvər oğullarının, qızlarının sayı çoxalar. Bu tərbiyə radio, televiziya, qəzet və jurnallar, dərsliklər vasitəsilə həyata keçirilməlidir və keçirilir. Azərbaycanlı gənc öz vətəninin tarixini, onun keçmişini, indiki vəziyyətini dərindən bilsə, başa düşsə onda vətənpərvərlik hissləri daha da güclənər.
Azərbaycan türklərinin sahib olduğu bu hisslər hələ lap qədimdə dillər əzbəri olmuşdur. Qədim türk dastanlarında, "Kitabi - Dədə Qorqud " dastanında və digər tarixi əsərlərdə azəri türklərinin vətənpərvərliyi , onların vətənə sevgisi xüsusi qeyd olunur. Oğuzların ən əziz saydığı varlıqlardan biri ana, o birisi vətən olmuşdur. Onlar vətəni hər şeydən üstün tutmuş, onun uğrunda canlarını belə əsirgəməmişlər.
Xalqımızda vətənpərvərlik hissinin yüksək olduğunu bizim düşmənlərimiz belə, etiraf ediblər. Məsələn, Babəkin ərəblərə qarşı vuruşduğu dövrdə, ərəblər türklər kimi vətənpərvər, vətəni sevən bir xalq görmədiklərini deyiblər.
Lakin buna baxmayaraq zaman - zaman bizdə olan bu hisslər nəzərə alınmamış, düşmənlərimiz zor gücünə də olsa bizi əyməyə, boyunduruq altına salmağa çalışmışlar. Amma xalqımız sınmayıb, əyilməyib.1813-cü ildə dövlətimiz və xalqımız iki yerə parçalandı: Şimali və Cənubi Azərbaycan dövlətlərinə. Lakin bu parçalanma bizim vətənpərvərlik hisslərimizi əlimizdən ala bilmədi, əksinə, xalqımızın vətən sevgisi daha da artdı. Cənublu qardaşlarımız daima şimallı qardaşları ilə, öz doğma vətənləri ilə birləşməyə çalışmışlar. Cənubda yaşayan həmvətənlərimiz bu həsrətin bitməsi üçün hər zaman mübarizə aparıblar. Onlar tikanlı məftilləri keçə bilməsələr də, qəlbləri hər zaman şimali Azərbaycanla döyünüb. Məsələn,unudulmaz şairimiz Məhəmmədhüseyn Şəhriyar cənub Azərbaycanda ömür sürsə də, o, daim Bakıya gəlmək, öz qan qardaşlarını görmək arzusu ilə alışıb-yanıb. Məşhur şairimizin qələmə aldığı əsərlərin əksəriyyətində vətənpərvərlik, vətən sevgisi önə çəkilir.

Azərbaycanda həyata keçirilən ideya-siyasi tərbiyə bəşəri dəyərlərə laqeyd deyildir

Uşaqlarda vətənpərvərlik hisslərinin inkişafına təsir edən müxtəlif amillər vardır. Bunlar vətənpərvərlik ruhunda çəkilmiş filmlər, bu mövzuda yazılmış əsərlər və digər nümunələrdir. Gənclər belə filmlərə nə qədər çox baxsalar, belə əsərləri oxusalar onlarda vətənpərvərlik hissləri daha da güclü olar. Y.V.Çəmənzəminlinin "Qan içində " (yaxud "İki od arasında”) əsəri, S. Vurğunun "Vaqif” dramı, M.S. Ordubadinin "Qılınc və qələm” romanı, filmlərdən isə "Babək”, "Qaçaq Nəbi”, "Dədə Qorqud” və başqaları gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynaya bilən əsərlərdir. Ümumilikdə Azərbaycanın tarixinə, onun keçmişinə aid olan hər bir mətbuat nümunəsi vətənpərvərlik incisi kimi qeyd edilə bilər. Bu sahədə nəinki bədii ədəbiyyat nümunələri, hətta uşaq ədəbiyyatları da xüsusi əhəmiyyətə malikdir. Məsələn, "Ağ atlı oğlan”, "Fəryad”, "Dolu” və s. əsərlər də uşaqlarda milli vətənpərvərlik ruhu aşılayır.
Vətənpərvərliyin inkişafında ideya-siyasi tərbiyənin rolu boyükdür. Zaman-zaman nankor qonşularımızın bizə qarşı təcavüzlərini, təzyiqlərini, ərazi iddialarını gənc nəslə çatdırmaq ideya-siyasi tərbiyənin əsasını təşkil edir. Bu cür tərbiyə vasitəsi ilə gənc nəslin tarixi yaddaşı möhkəmləndirilməli, keçmişimizin unudulmasının qarşısı alınmalıdır.
Vətənpərvərlik, vətənə məhəbbət, vətənə xidmət, lazım gələrsə vətən yolunda canını qurban verməyə hazır olmaq ideyası indi Azərbaycanda getdikcə genişlənən ideyalardan biridir.
Uşaqları, yeniyetmələri və gəncləri Vətən təəssubkeşliyi ruhunda, Vətəninə, doğma elinə, obasına bağlılıq ruhunda yetişdirmək də ideya-siyasi tərbiyənin bir vəzifəsidir.
Pedaqogika sahəsində fəaliyyət göstərən alimlərimizdən biri bu barədə deyib: "Azərbaycanda milli mənlik şüurunun formalaşdırılmasına, milli mədəniyyətin öyrənilməsinə, tarixi yaddaşımızın qorunub saxlanılmasına və nəhayət, vətən təssübkeşliyinə qətiyyən millətçilik kimi baxıla bilməz. Hər şeydən əvvəl ona görə ki, Azərbaycanda həyata keçirilən ideya-siyasi tərbiyə bəşəri dəyərlərə laqeyid deyildir”.

Vətənin, xalqın hər bir uğuruna sevinmək vətəndaşı olduğun ölkəyəməhəbbətdən qaynaqlanır

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən biri olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”. Müəllimlərimiz öz fəaliyyətlərində ulu öndərimizin bu tövsiyəsini həmişə diqqət mərkəzində saxlayır və ona əməl etməyə çalışırlar. Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Məhz bütün bunları nəzərə alaraq ibtidai siniflərdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilməli, istər dərslərdə, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı bu istiqamətdə müntəzəm iş aparılmalıdır. Şagirdlərin vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır.
Bu məqsədlə müəllimlər istər dərslərdə ayrı-ayrı mövzuların, mətnlərin öyrədilməsi zamanı, istərsə də müxtəlif mövzularda tez-tez keçirilən dərsdənkənar tədbirlərdə vətənimiz, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət abidələri haqqında geniş məlumat verməyə çalışmalıdırlar.
Ölkəmizin tarixi haqqında sistemli, lakin onların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mübarizələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.
Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.