Yığmamız FİFA reytinqində mövqeyini qorudu

Yığmamız FİFA reytinqində mövqeyini qorudu

FİFA milli komandaların may ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2014-cü ildə açıqlanan beşinci cədvələ, əsasən, turnir cədvəlinin ilk 3 pilləsində dəyişiklik olmayıb.
Turnir cədvəlinə son dünya və Avropa çempionu İspaniya yığması başçılıq edir. İspanların aktivində 1460 xal var. 2-ci pillədə Almaniya yığması qərarlaşıb. 4 dəfə dünya çempionu olmaqla ən titullu yığma olan almanlar liderdən nə az, nə də çox, düz 120 xal geri qalmaqla bu pillədə yer alırlar (1340 xal). İlk "üçlüy”ü Portuqaliya millisi qapayır. Portuqaliyalıların aktivində 1245 xal var.

İlk "onluq”da 2 pillə irəliləyən Braziliya (1210 xal), 1 pillə geriləyən Kolumbiya (1186 xal), Uruqvay (1181 xal) və Argentina (1178 xal), mövqelərini qoruyan İsveçrə (1161 xal), İtaliya (1115 xal) və Yunanıstan (1082 xal) komandaları yer alıblar.
Azərbaycan milli komandası ötən reytinqlə müqayisədə, digər əksər komandalar kimi mövqeyini qoruyaraq, 85-ci pillədə qərarlaşıb. Hazırda Berti Foqtsun yetirmələrinin aktivində 398 xal var. Komandamız son 1 ayda heç bir matça çıxmasa belə, FİFA reytinqinin 20 illik tarixi ərzində özünün ən yüksək pilləsindəki yerini qoruyub.
Azərbaycan yığmasının siyahıdakı qonşuları isə Şimali İrlandiya (400 xal) və Uqanda (395 xal) milli komandalarıdır. MDB ölkələrinin reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 17-ci pillə, 913 xal. Rusiya millisi isə 18-ci (903 xal) pillədə qərarlaşıb. Ermənistan 33-cü (750 xal), Özbəkistan 53-cü (577 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Estoniya (93; 366), Moldova (99; 325), Gürcüstan (103; 303), Litva (104; 293), Latviya (109; 273), Qazaxıstan (118; 235), Tacikistan (121; 229), Qırğızıstan (146; 148) və Türkmənistan (156; 119) komandaları isə millimizdən alt sıralarda qərarlaşıblar. Qeyd edək ki, komandamız UEFA-nın reytinq cədvəlində 40-cı yerdədir.
Yeri gəlmişkən, FİFA-nın açıqladığı reytinq siyahısında ən çox irəliləyən və geriləyən komandanın adı da müəyyənləşib. Ayın ən yaxşı komandası 13 pillə irəliləyən Mavritaniya millisi olub. 5 pillə geriləyən Zambiya millisi isə ayın ən pis göstəricisinə imza atıb.
EURO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, qrupda ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisi ötən aydakı mövqeyini qoruyub. Çezare Prandellinin yetirmələri 1115 xalla 9-cu pillədə qərarlaşıb. Xorvatiya millisi də mövqeyini qoruyanlar sırasındadır. "Damalılar” 871 xalla 20-ci pillədə qərarlaşıblar. Digər rəqibimiz Norveç yığması 1 pillə irəliləməsi ilə diqqət çəkib. Norveçlilər 551 xalla 55-ci yerdədir. Bolqarıstan yığması ötən ayla müqayisədə, mövqeyini qoruyub. Bolqarlar 460 xalla 73-cü yerdədir. Malta komandası isə 1 pillə geriləyib. Qrupun reytinqdəki autsayderi olan "cırtdanlar” 204 xalla siyahıda 128-ci olub. Türkiyə millisi reytinq siyahısında mövqeyini qoruyanlar siyahısındadır. Qardaş ölkənin təmsilçisi 711 xalla 39-cu yerdə qərarlaşıb.
Mayın 28-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək ABŞ millisi də geriləyib. Amerikalılar 13-cü pillədən 14-cüyə enib. Millimizin baş məşqçisi Berti Foqtsun müşavir kimi çalışdığı komandanın hesabında 1015 xal var.
Qeyd edək ki, növbəti reytinq cədvəli iyunun 6-da açıqlanacaq.

1 (1). İspaniya 1460
2 (2). Almaniya 1340
3 (3). Portuqaliya 1245
4 (6). Braziliya 1210
5 (4). Kolumbiya 1186
6 (5). Uruqvay 1181
7 (6). Argentina 1178
8 (8). İsveçrə 1161
9 (9). İtaliya 1115
10 (10). Yunanıstan 1082
11 (11). İngiltərə 1043
12 (12). Belçika 1039
13 (14). Çili 1037
14 (13). ABŞ 1015
15 (15). Hollandiya 967
16 (16). Fransa 935
17 (17). Ukrayna 913
18 (18). Rusiya 903
19 (19). Meksika 877
20 (20). Xorvatiya 871
...55 (56). Norveç 551
...73 (73). Bolqarıstan 460
...85 (85). AZƏRBAYCAN 398
...128 (127). Malta 204