Azərbaycan kubokunun sahibi müəyyən olundu. 2013/14-cü illər mövsümündə son titulun qalibi «Qəbələ» - «Neftçi» matçında müəyyənləşdi. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan oyunda bakılılar 6-cı dəfə ölkə kubokunu qazandılar.
Azərbaycan kuboku
Final
«Qəbələ» - «Neftçi» - 1:1 (penalti seriyası - 2:3)
Qollar: Marat İzmaylov, 71 - Samir Məsimov, 52.
"Qəbələ": 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenso Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 44. Rafel Santos, 46. Davronjon Erqaşev.
"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov, 22. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev.
22 may. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Tərəflərin səyinə baxmayaraq, ilk hissədə hesab açılmadı. Fasilədən sonra "Neftçi"nin oyunçusu Samir Məsimovun uzaqdan vurduğu top rəqib qapıçı üçün qarşısıalınmaz oldu. Bundan sonra ruhdan düşməyərək irəli atılan "Qəbələ" matçın 72-ci dəqiqəsində hesabı bərabərləşdirdi. Cavab qolunu Marat İzmaylov vurdu.
Matç 1:1 hesabı ilə başa çatdığından baş hakim Əliyar Ağayev qalibi müəyyənləşdirmək üçün 2 hissədən ibarət əlavə vaxt təyin etdi. Əlavə edilən vaxtda komandalardan heç biri qol vura bilmədi. Penaltilər seriyasında isə "Neftçi" zərbələri daha dəqiq yerinə yetirdi.
Bununla da, "Neftçi" tarixində 6-cı dəfə Azərbaycan kubokunun sahibi oldu. «Ağ-qaralar» ardıcıl ikinci mövsüm kuboku başları üzərinə qaldırdılar.
Qeyd edək ki, finalın qalibi UEFA Avropa Liqasına II təsnifat mərhələsindən başlamaq hüququ da əldə edir. Məğlub komanda isə I təsnifatdan yarışa qatılacaq. Bundan başqa, qalib Azərbaycan Superkubokunda oynamaq imkanı qazandı. Bu ilin payızında keçirilməli olan Superkubok qarşılaşmasında "Neftçi" ölkə çempionu «Qarabağ» klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Rahib Səmədov