Azərbaycanın gənc nəsli müstəqilliyimiz, suverenliyimiz uğrunda aparılan çətin mübarizədə həmişə fərqlənib. Torpaqlarımızın işğal altından azad olunması uğrunda aparılan mübaribədə də gənclər aparıcı rol oynayırlar. Təsadüfi deyil ki, müharibədə şəhid olanların, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclərdir. Elə öz şücaəti, qəhrəmanlığı sayəsində ən böyük ada - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərin də sırasında gənclər çoxluq təşkil edir. Bu, Azərbaycan gəncliyinin öz Vətəninə, torpağına, elinə, obasına olan sədaqətinin göstəricisidir. Gələcəyin etibarlı təminatçısı olan gənclər cəmiyyətdə aparıcı qüvvəyə çevrilib. Bu gün ölkəmizin gəncləri bütün sahələrdə fəallıq göstərir, dövlətimizin həyata keçirdiyi siyasətin təbliğində yaxından iştirak edirlər.
Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin düzgün qurulması, heç şübhəsiz ki, istənilən dövlətin gələcəyinin qarantıdır. Azərbaycanın gənc nəsli məhz belə bir məsuliyyətin daşıyıcısıdır. Məhz bu reallığı nəzərə alan Azərbaycan dövləti öz siyasətində gənclərlə işi diqqətdə saxlayır. Bu yöndə aparılan fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi həyatında, eləcə də digər sahələrdə öz fəallığı ilə seçilirlər. Gənclərə xüsusi diqqət göstərilməsi Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu sahədə düzgün qurulan siyasət respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklərin ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirakını təmin edir.
Azərbaycan gəncləri işğal faktı ilə barışmırlar
Azərbaycan dövləti Qarabağın erməni tapdağından azad olunması uğrunda illərdir mübarizə aparır. Dövlətimiz əvvəlki sərhədlərimizin bərpası üçün əlindən gələni əsirgəmir, Qarabağda baş verən mövcud vəziyyətlə barışmır. İqtisadi gücümüz artdıqca Azərbaycan inkişaf edir, çiçəklənir. Ancaq torpaq itkisi qəlbimizdə qara bir ləkəyə çevrilib. Azərbaycan gəncləri işğal faktı ilə barışmırlar. Daha doğrusu, heç bir vətəndaşımız torpaqlarımızın yağı tapdağında qalmasını istəmir.
Gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Bu yöndə böyük işlər görülür. Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Dövlətimizin həyata keçirdiyi gənclər siyasəti bütün vətəndaşların, o cümlədən, ziyalılarımızın da ürəyincədir. Gənc tarixçi Aydın Əliyev hesab edir ki, milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır: "Bir şeyi unutmaq olmaz ki, gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, ardıcıl işlər görülür, müəyyən layihələr həyata keçirilir. Bununla belə, düşünürəm ki, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması, ilk növbədə, onların milli-mənəvi dəyərlərimizə sədaqəti ilə sıx bağlıdır. Hər bir gənc, vətəndaş Vətəni, milləti, milli xüsusiyyətləri təmsil etdiyini dərk etməlidir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan hazırda müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir vəziyyətdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Məncə, milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra xüsusiyyətlərin nəzərə alınması vacibdir. Hesab edirəm ki, bu məsələdə müasir dövrün tələbləri də nəzərə alınmalı və vətənpərvərlik tərbiyəsi dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Çünki dünyanın sürətlə qloballaşması bir sıra milli dəyərləri aşındırır. Xüsusən də gənclər qloballaşmanın təsirinə daha çox məruz qalırlar. Bu isə son nəticədə milli dəyərlərimizə uyğun olmayan xüsusiyyətlərin gənclərin təfəkkür tərzinə hakim kəsilməsinə şərait yaradır. Bu cür yad ünsürlərin qarşısını yalnız vətənpərvərlik tərbiyəsi ilə almaq mümkündür. Bu cür tərbiyə üsulu gənclərin orduda xidmətə marağını, həvəsini də artırır”.
Rəsmi statistikadan nümunə gətirən tarixçinin bildirdiyinə görə, son illər Azərbaycan ordusunda fərarilik halları, demək olar ki, yoxdur. Halbuki, 15-20 il əvvəl bu kimi hallar daha qabarıq formada özünü göstərirdi. Aydın Əliyev qeyd etdi ki, hazırda orduda baş verən cinayət hadisələrinin də sayı xeyli azalıb. "Bütün bunlar sevindirici məqamlardır və orduda aparılan islahatlar və nizam-intizamın gücləndirilməsi ilə bağlıdır. Ordu sıralarında çox ciddi qayda-qanun hökm sürür. Bu gün Azərbaycan ordusu məhz qeyd etdiyim qayda-qanunlarla idarə olunur. Hərbi xidmətə çağırılan gənclərimizin hər biri Vətən qarşısında olan borcunu dərindən dərk edirlər. Şübhəsiz ki, bütün müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdən ən önəmlisi sağlam gənclər yetişdirmək, onların Vətənə olan bağlılığını bir az da artırmaq və sözügedən təbəqəyə milli şüurun nə olduğunu aşılamaqdır. Sadalanan bu komponentlərin bir-birilə sıx bağlılığını nəzərə almaq çox vacibdir və deməli, lazım olan hədəfə çatmaq üçün sistemli iş aparılmalıdır. Bir Azərbaycan vətəndaşı kimi, məni sevindirən odur ki, dövlət və onun bütün sistemləri bu istiqamətdə əlindən gələni əsirgəmir”, - deyə o əlavə etdi.
Müharibə şəraitində olmağımız gənclərin vətənpərvər ruhda böyüməsinin
əhəmiyyətini bir qədər də vacib edir
Mütəxəssislərin fikrincə, milli şüur uzun tarixi inkişaf prosesinin məhsuludur və bütün ictimai-siyasi hadisələr, sosial sarsıntılar bu prosesdə öz izini qoyur. Milli mənlik milli şüurun bir komponenti olduğundan, onun əsasını insanın mənsub olduğu millət və ya xalqı əhatə edən sosial həyatın subyektiv əqidəsi təşkil edir. Milli mənliyə Vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. sosial keyfiyyətlər daxildir. Sadalanan bu keyfiyyətləri hər bir insan dünyagörüşünün formalaşdığı zaman əldə edir. Heç şübhəsiz ki, dünyagörüşünün formalaşması vətəndaşın gənclik dövrünə təsadüf edir. Danılmaz faktdır ki, insan ilk tərbiyəsini ailədə alır. Bu tərbiyəyə yalnız etika və estetikanı aid etmək olmaz. Bəzən ailə dövlətin kiçik modeli kimi də xarakterizə edilir. Əgər bu bənzətməni əsas götürsək, deyə bilərik ki, hər bir uşaq ailədə həm də dövlətin tələblərinə uyğun tərbiyə almalıdır. Əlbəttə ki, belə tərbiyə məsələsində hər bir valideynin üzərinə böyük məsuliyyət düşür. Qeyd edək ki, burada söhbət hüquqi məsuliyyətdən deyil, mənəvi məsuliyyətdən gedir.
Əgər gənclərin ən mühüm tərbiyə sistemini müəyyən cədvəllə göstərsək, o zaman cədvəlin ilk sırasında gənclərin vətənpərvər ruhda tərbiyəsi yer almalıdır. Bizim həm də müharibə şəraitində olmağımız, torpaqlarımızın bir hissəsinin işğal edilməsi faktı gənclərin vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini daha da artırır.
Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Qeyd edək ki, ölkəmizdə Azərbaycan gəncliyinin problemləri, qarşıda duran vəzifələr və gənc nəslin iqtisadi, sosial həyatını özündə əks etdirən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Bu proqramda gəncləri əhatə edən bütün sahələrlə, həmçinin hərbi vətənpərvərliklə bağlı maddələr yer alıb və burada bir sıra prinsipial məqamlar kifayət qədər dolğun şəkildə əks olunub.
Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və müəyyən uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilib, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilib. Proqram çərçivəsində ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının siyasi həyatda iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Eyni zamanda, Azərbaycan gəncliyi beynəlxalq əməkdaşlıq sahəsində davamlı fəaliyyət nümayiş etdirib. Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması Dövlət Proqramında xüsusi əks olunub.
Qeyd edək ki, Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması proqramın əsas müddəalarındandır. Proqramda gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həlli, gənclər arasında sahibkarlığın inkişafına nail olmaq, gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi də nəzərdə tutulub. Gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onlar arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi, gənclərin yerli icra strukturlarında və bələdiyyələrin tərkibində yer alması, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi və s. proqramın prioritet məsələlərindən sayılır.
Gəncliyimizin vətənpərvər olmasının bariz nümunəsi Qarabağ müharibəsində bir sıra qəhrəmanlıqların məhz gənclər tərəfindən göstərilməsidir
Dövlət Proqramında gənclər sahəsində nəzərdə tutulan 5 il ərzində bir sıra işlərin görülməsi planlaşdırılıb. Bu, müsbət haldır. Bir məqamı da qeyd etmək istərdim ki, gəncliklə bağlı olan ictimai təsisatların, qurumların, təşkilatların uzun-uzadı müzakirələri, qəbul etdiyi qərarlar bəlkə də o qədər effektli olmur. Ancaq bununla bağlı qəbul olunan dövlət proqramları daha geniş imkanlara malikdir. Bəzən bölgələrdə yaşayan gənclər elə vətənpərvərlik nümunələri göstərir ki, həmin hərəkətlər təqdir olunmalıdır. Gəncliyimizin vətənpərvər olmasının bariz nümunəsi Qarabağ müharibəsində bir sıra qəhrəmanlıqların məhz gənclər tərəfindən göstərilməsidir. Hazırda Azərbaycanda 211 Milli Qəhrəman var və onların əksəriyyəti gənclərdir.
Orduda fərarilik hallarının tamamilə aradan qalxması gənclərdə milli mənlik şüurunun inkişafının təntənəsidir. Buradan məlum olur ki, gənclərimiz doğma ordumuzun sıralarında yer almağı üzrə şərəf bildirir və bu işdən zövq alırlar. Müasir Azərbaycan gəncliyi baş verən proseslərə daha realist yanaşır. Gənclərimiz anlayırlar ki, Qarabağ probleminin həlli məhz onlardan asılıdır. Bu anlayış nəticə etibarilə orduda fərarilik hallarının aradan qalxmasına gətirib çıxarır. Məncə, bütün bu müsbət tendensiyaların fonunda ölkənin müdafiə qüdrətinin güclənməsində vətənpərvər gənclərin rolu ilə bağlı təbliğat daha da genişləndirilməlidir. Nizami ordumuzun əsas potensialının gənclərdən ibarət olması nəzərə alınmalı, gənclərin fiziki hazırlığı kimi, ideoloji hazırlığı da yüksək səviyyədə həyata keçirilməlidir. Çünki bizim vətənpərvər ruhlu gənclərə böyük ehtiyacımız var. Nizami ordu məhz belə gənclərin sayəsində yaranır.
"Müharibədə apardığım şəxsi müşahidələrimdən gördüm ki, gənclərimizdə vətənpərvərlik hissi çox güclüdür”
Qarabağ müharibəsi veteranı Kənan Nəcəfov da vətənpərvərliklə bağlı maraqlı fikirlər dedi: "İstənilən ölkədə birinci növbədə vətənpərvərlik təbliğ olunmalıdır. Bundan çəkinmək lazım deyil. Müharibədə apardığım şəxsi müşahidələrimdən gördüm ki, gənclərimizdə vətənpərvərlik hissi çox güclüdür. Bu hissi heç nə ilə əvəz etmək mümkün deyil. Torpaqlarımızın azadlığı uğrunda döyüşən gənclərimiz ölümdən qorxmurdular. Onların yalnız bir amalı var idi: düşməni doğma torpaqlarımızdan qovmaq üçün sonadək döyüşmək. Bu, vətənpərvərlik deməkdir. Müharibə şəraitində olan ölkənin torpaqlarının işğaldan azad olunmasında ən vacib məsələ məhz vətənpərvərliyin təbliğidir. Bu hisslərlə yanaşı, düşmənə qarşı barışmazlıq da təbliğ edilməlidir.
Bu gün Azərbaycanda gənclər arasında milli dəyərlərə, dövlət atributlarına hörmətlə yanaşıldığını müşahidə edirik. Məncə, bununla yanaşı, gənclərimizə ermənilərə qarşı qisas və nifrət hissini təbliğ etmək lazımdır. Orduya çağırılan gəncdə vətənpərvərlik hissinin olmaması böyük bir təhlükə deməkdir. Silah götürüb düşmənlə üz-üzə dayanan gəncin ürəyində vətənpərvərlik, sərhədlərin qorunması kimi hisslər daha çox yer almalıdır. Belə olmazsa, bu amil döyüş ruhuna mənfi təsir göstərə bilər. Bir sözlə, azərbaycanlı gəncin qəlbi Vətən sevgisi ilə döyünməlidir. O, milli dəyərlərimizə üstünlük verməlidir. Avropa dəyərləri ilə yaşayan, qəlbinə məhz bu cür dəyərlərin hakim kəsildiyi bir gəncin torpağı axıra qədər müdafiə edəcəyinə şəxsən mən inanmıram. Əlbəttə, mən demirəm ki, Azərbaycan gəncləri ümumbəşəri ideyalardan uzaq olmalıdır. Bunlar da lazımdır. Amma ilk növbədə, hər bir gənc vətənimiz barədə düşünməli, qeyd etdiyim kimi, milli dəyərlərimizi qorumalıdır. Azərbaycan gəncliyi ölkənin müdafiə qüdrətinin artırılmasına həmişə töhfə verə bilər”.
Onu da deyək ki, son vaxtlar respublikada ordu quruculuğuna diqqətin artırılması, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi, bu sahəyə ayrılan büdcə xərclərinin düşmən dövlətin ümumi büdcəsini üstələməsi ordumuzun vəziyyətinin qənaətbəxş olmasından xəbər verir. Azərbaycan ordusu bu gün dünya standartlarına uyğun şəkildə formalaşdırılır və bu ordu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Şübhəsiz ki, ordunu hərbi qulluğa çağırılan gənclər formalaşdırır. Bu baxımdan da hərbi qulluqdan əvvəl onlarla müəyyən hazırlıq işlərinin aparılmasına böyük ehtiyac var. Ona görə də orta məktəblərdə hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməklə yanaşı, gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır.
Orta məktəbdə oxuyan hər bir şagirdə orduda qulluq etməyin şərəfli bir iş olduğu yüksək səviyyədə təbliğ olunmalıdır. Orta məktəblərdə gənclərə hərbi hazırlıq dərsləri keçirilir. Mütəxəssislər hesab edirlər ki, bu dərslərin ixtisaslı zabitlər tərəfindən keçirilməsinə nail olunması daha çox səmərə verə bilər. Dərslərlə yanaşı, orta məktəb şagirdləri həm də hərbi hissələrə aparılmalı və onların hərbçilərlə görüşü təşkil edilməlidir. Əsgərlərin yaşayış şəraiti ilə tanış olduqda gənclərdə hərbi xidmət haqqında ilkin təəssürat yaranır. Bu proseslərdən keçən şagird gələcəkdə hərbi xidmətə yollanarkən çətinliklərlə qarşılaşmaqdan qorxmur.
Danılmaz faktdır ki, Azərbaycanın müstəqillik əldə etməsi gənclərin vətənpərvərliyinə, inkişafına, milli mənlik düşüncəsinə müsbət təsir etdi. Gənclər artıq müstəqil bir dövlətin vətəndaşları olmaqdan qürur hissi keçirirlər. Şübhəsiz ki, müstəqil Azərbaycan gəncliyini ən çox üzən, narahat edən Qarabağ problemidir və Qarabağı qaytarmaq üçün aparılacaq savaşa gənclər hazırdırlar. Vətənpərvər gənclərimiz işğalla barışmır, istənilən zaman torpaqlarımızı azad etmək üçün silaha sarılmağa, yurdumuzun bütövlüyü uğrunda canından belə keçməyə hazırdırlar.
Rahib Səmədov
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.