Vətən sevgisi əxlaqi-mənəvi keyfiyyətlər sırasında yer alır

Vətən sevgisi əxlaqi-mənəvi keyfiyyətlər sırasında yer alır

Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır və bu imkanlardan geniş şəkildə istifadə olunur.
Bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədə alırlar. Burada onlar əxlaqi-mənəvi keyfiyyətlər, fiziki möhkəmlik, əmək vərdişləri, davranış qaydaları, bədii-estetik duyum və s. kimi dəyərlər qazanırlar.
Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini gözləyən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir.
İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək təlim-tərbiyə, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar işə şüurlu yanaşmalı, ideyaca savadlı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis əmllərlə barışmamalıdır. Uşaqların mənəvi tərbiyəsini qiymətləndirmək üçün onlara yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətləri uyğun qiymətləndirilməli və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini, sadəcə, "quru” sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə müvəffəqiyyət əldə etmək üçün məktəblər də, hər şeydən əvvəl, öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. Bu zaman tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.
Ümummilli lider Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət ayırıb. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər, gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Heydər Əliyev bu barədə demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Vətənin taleyinin təhlükə altında olduğu bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılır.
Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi, onunla məşğul olması və təşəbbüskarlığı da vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi, tərbiyəyə möhtacdır və o, tərbiyə yolu ilə daha da möhkəmlənir, güclənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindən olub.
Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Sovet İttifaqı dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklərə az yer ayrılırdı. Əslində, bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından, milli hisslərdən məhrum olsunlar.


Əsl vətəndaş yetişdirmək təhsilimizin qarşısında böyük vəzifələr qoyur
Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək təhsilimizin qarşısında böyük vəzifələr qoyur. Bununla belə, dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil. Onlar bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan, təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır.
Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin səmərəliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyə işinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib milli-psixoloji məsələdir.

Müstəqilliyimiz dövründə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət verilir
İnsanın vətənpərvərlik hissinə malik olması onun ən ali əxlaqi-mənəvi keyfiyyətləri sırasında birincilərdən hesab olunur. Çünki vətənpərvərlik dedikdə insanın ləyaqətlilik, əqidəlilik, sədaqətlilik əlamətləri də başa düşülür. Vətənin qədrini bilməli, çətinliklərinə dözməliyik. Ata-babalarımız təsadüfən deməyiblər ki, "Torpağı qoruyarsan Vətən olar, qorumazsan kəfən”. Vətən sevgisi, Vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq ən çətin anlarda belə, adamların qüvvələrini vahid məqsəd üçün - Vətənin azadlığı, xilası naminə səfərbər edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərlə keçirilən görüşdə demişdir: "Gənc nəslin şüurunda milli vətənpərvərlik ideyasını, vətənimiz üçün iftixar hissini möhkəmləndirmək, müstəqil respublikamızın müdafiəsinə qalxmaq əzmi tərbiyə etmək lazımdır. Bu mühüm məsələnin uğurlu həllində hərbi-fiziki hərəkət və oyunların hər vasitə ilə inkişaf etdirilməsi vacibdir. Hərbi-vətənpərvərlik tərbiyəsinin oğlan və qızların fiziki cəhətdən möhkəmlənməsində, onların fəal həyat mövqeyinin, əxlaqi-iradi keyfiyyətlərinin formalaşmasında, gənc nəslin əməyə və Vətənin müdafiəsinə hazırlanmasında böyük rolu vardır”.
Gənc nəslin hərbi-fiziki tərbiyəsi həmişə aktual məsələ olmuşdur. Bunsuz xalqın milli yaddaşını bərpa və inkişaf etdirmək qeyri-mümkündür. Müharibə şəraitində olan ölkəmizdə böyüməkdə olan nəslin hərbi-fiziki tərbiyəsi aktuallıq nöqteyi-nəzərdən müstəsna əhəmiyyət kəsb edir. İndi elə nəsil tərbiyə etmək lazımdır ki, o, əzabla əldə edilmiş istiqlaliyyəti qorumaq və inkişaf etdirmək arzusu ilə yaşasın.
Fikrimizcə, tələbə gənclərə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması diqqət mərkəzində olmalıdır. Hərbi-fiziki tərbiyənin aktual məsələlərindən birini müstəqil Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılamaq təşkil edir.
Sovet dövründə Azərbaycanda tərbiyə və təhsil sosialist istiqamətli quruluşun siyasi inhisar dairəsində olduğundan, onun bütün sahələri, o cümlədən hərbi-fiziki tərbiyəsi sovet vətənpərvərliyi mahiyyəti daşıyırdı.
Müstəqil dövlət quruculuğu prosesində isə hərbi-fiziki tərbiyə milli xarakter daşıyır və onun indiki elmi-nəzəri əsasları milli mənlik tərbiyəsinin mühüm əsasını təşkil edir. Bunun üçün aşağıda qeyd olunan şərtlərə əməl olunması vacibdir:
- hərbi-fiziki hərəkət və oyunlarda gənclərin fəal iştirakını təmn etmək;
- Milli qəhrəmanların həyatı ilə bağlı fotostendlər yaratmaq, təşkilat və tədris ocaqları qarşısında onlara abidə ucaltmaq, adlarına turnirlər keçirmək;
- tələbələrin hərbi-fiziki tərbiyəsində idman klublarından geniş istifadə etmək. Onların nəzdində hərbi-fiziki hərəkət və oyun növləri üzrə dərnəklər təşkil etmək;
- dərsliklərdə hərbi quruculuq sahəsində gənc nəslin fəaliyyətini işıqlandırımaq;
- hərbi sərkərdələr haqqında oçerklərin verilməsi və kinofilmlərin nümayişi, xalqımızın qəhrəmanlarını tərənnüm edən sənədli filmlərin çəkilməsi; müharibədə həlak olmuş hərbçilərin ailələrinə, döyüş şöhrəti abidələrinə tələbələrin hamiliyini təşkil etmək;
- milli ordumuzun yaranması gününü məktəblərdə və müxtəlif təşkilatlarda təntənəli şəkildə qeyd etmək;
- gənclərin milli qəhrəmanlarla görüşlərini təşkil etmək vətənpərvərlik tərbiyəsində yüksək əhəmiyyət kəsb edir;
- hərbi-fiziki hərəkət və oyunlarını tədqiq etmək, onları toplamaq, sistemləşdirmək, müxtəlif növlərini səciyyələndirmək, onların mahiyyəti və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq;
- hərbi-fiziki hərəkət və oyunların əməli növlərinin inkişaf yollarını və amillərini, onların milli mahiyyətini aşkara çıxarmaq;
- hərbi-fiziki tərbiyənin tarixi mahiyyətini göstərmək, onun məzmununu, məqsəd və vəzifələrini müəyyənləşdirmək;
Hazırkı dövrdə, etiraf etmək lazımdır ki, hərbi-fiziki hərəkət və oyun növlərinin daha da inkişaf etdirilməsi, gənclərin hərbi-fiziki hazırlığı, texniki idman növlərinin inkişafında hələ bir çox mürəkkəb problemlər qalmaqdadır. Həmin problemlərin həlli, mövcud nöqsanların aradan qaldırılması gənclərin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsinin səmərəliliyinin yüksəldilməsinə kömək edərdi. Lakin bu problemləri yalnız bütün əlaqədar ictimai təşkilatların, nazirliklərin və idarələrin birgə səyi ilə həll etmək mümkündür. Etiraf etmək lazımdır ki, idmanın texniki və hərbi-tətbiqi növləri ilə məktəblilərin hələlik ancaq az bir hissəsi məşğul olur. Doğrudur, bir sıra kollektivlərdə və məktəblərdə idmanın bu növləri üzrə yarışlar təşkil edilir.
Respublikamızda hərbi-fiziki hərəkətlər və oyunların nüfuz və əhəmiyyətini nəzərə alaraq. yaxşı olardı ki, müvafiq elmi-tədqiqat, tibb və idman təşkilatlarının diqqəti bu məsələyə cəlb edilsin. Orduya gedən hər bir çağırışçı silahdan istifadə etməyi bacarmalıdır. Respublikamızın məktəblərində, ali tədris ocaqlarında hərbi fənn üzrə keçirilən dərslərin səviyyəsi yüksəldilməlidir.


İdman arenalarında qazanılan qələbələr ölkəmizin gənc nəslinin vətən sevgisini artırır
Vətənpərvərlik hissi müxtəlif vasitələrlə aşılana bilər. Bu, daha çox idman yarışlarında aydın görünür. Hər hansı bir beynəlxalq turnirdə əldə olunan medal dövlətimizin bayrağının yüksəklərdə dalğalanması deməkdir. Bu isə istər qələbə qazanan idmançının, istərsə də onun çıxışını izləyən insanların qəlbini fərəh hissi ilə doldurur. Eyni zamanda, bayrağın ən yüksəkdə dalğalanmasını seyr edən hər bir insanda vətənpərvərlik duyğuları yaranır. Bu, doğrudan da, belədir. Yəni idman arenalarında qazanılan qələbələr ölkəmizin gənc nəslinin vətən sevgisini artırır, dövlətimizin atributlarına hörməti yüksəldir.
Hər hansı bir idman növünün yaranmasının əsasında müxtəlif mübarizə formaları durur. Yəni idman növləri mübarizənin, qələbəyə can atmanın sayəsində meydana çıxıb. Onlar yarış meydanlarında öz güclərini nümayiş etdirməklə yanaşı, düşmən tərəfindən gözlənilən hər hansı bir hücuma da hazırlaşıblar. Təcrübəli döyüşçülər öz bacarıqlarını gənclərə də öyrədiblər. Maraqlıdır ki, qədim idman növlərinin ilk dəfə harada yaranması və belə yarışların ilk dəfə nə vaxt keçirilməsi barədə dəqiq məlumatlar yoxdur. Bununla belə, tarixi faktlar ibtidai insanların formalaşmasında idmanın əvəzedilməz rolunu sübut edir. İbtidai insanlar formalaşdıqca onların oyunları (idman yarışları) da mürəkkəbləşib. Yəni insanlar öz qüvvələrini daha mürəkkəb, daha çətin yarışlarda sınamaqla fiziki güclərini artırıblar.

Dərin kökləri ilə keçmişimizə bağlı olan xalq oyunlarımız milli bayramlarımızın bəzəyidir
Tarixi faktlara əsaslanıb deyə bilərik ki, Azərbaycanda lap qədimdən insanlar idmanın müxtəlif növləri ilə məşğul olublar. Şifahi və yazılı ədəbiyyat nümunələrimizdə təsvir olunan qəhrəmanlarımız əsl igidlər kimi göstərilir. Onlar mahir at çapan, qılıncdan məharətlə istifadə etməyi bacaran, sərrast atıcı və "dağları yerindən oynadan” pəhləvanlardır. Bu pəhləvanlar öz bacarıqlarını həm yarışlarda, həm də döyüş meydanlarında nümayiş etdiriblər.
Tarixi mənbələr göstərir ki, Azərbaycanın xalq oyunları müəyyən qanunauyğunluqlar əsasında inkişaf edib. Hələ qədim zamanlarda Azərbaycanda xalq oyunları sağlamlığın möhkəmləndirilməsinə, işgüzarlığın artırılmasına, hərbi hazırlığa yönəldilib. Tarixi mənbələrdə göstərilir ki, Azərbaycanın ərazisində nizə və oxatma, qılıncoynatma, güləşmə və s. idman növləri ilə məşğul olublar. Düşmən üzərində qələbə çalmaq üçün pəhləvanlardan dözümlü, iradəli, sağlam, güclü olmaq tələb edilirdi. Yeniyetmələrin sağlam, gümrah böyüməsi üçün onların idmanla məşğul olmaları vacib idi. Azərbaycanda cəngavərlik, igidlik, pəhləvanlıq, at çapma, qılıncoynatma, güləş, oxatma yarışlarının tarixi çox qədim dövrlərə gedib çıxır.
Milli idman oyunlarımız əsrlər boyu nəsillərdən-nəsillərə keçmiş, inkişaf etmiş, xalqın məişətini, adətlərini özündə əks etdirərək zənginləşmişdir. Dərin kökləri ilə keçmişimizə bağlı olan xalq oyunlarımız milli bayramlarımızın bəzəyidir. Daha çox bayram günlərində təşkil olunan belə oyunlar xalqın təfəkkür tərzini, istək və arzularını özündə əks etdirir. Qədim yazılı mənbələrə əsaslanıb deyə bilərik ki, Azərbaycanda insanlar çevik fiziki hərəkətlərlə zəngin olan idman oyunlarına daha çox həvəs göstəriblər. Bu, torpaqlarımızın qorunması, yağı düşmənə qarşı mübarizədə qələbə qazanmaq üçün əsas vasitələrdən biri idi. Xalq oyunlarında (qılıncoynatma, oxatma, daşqaldırma və s.) təşkil edilən yarışlar o dövrün insanlarının fiziki sağlamlığına şərait yaradırdı. Bu isə, qeyd etdiyimiz kimi, yağı düşmənin hücumunun qarşısını almaq üçün vacib idi.



Yeniyetmə və gənclər fəallıqları ilə seçilirlər
Uşağı çətinliklərə öyrətmədən ondan möhkəmlik gözləmək olmaz. İradi keyfiyyətlər içərisində məqsəd aydınlığı, çətinliklərdən qorxmadan məqsədə nail olmaq əzmi, işdə ardıcıllıq və xüsusən bələdçilik hissi əsas yer tutur. Bunların içərisində bələdçilik hissi daha mühüm pedaqoji əhəmiyyət kəsb edir. Bələdçilik - insanın öz ətrafında dəyişən şərti hiss etməsi və ona müvafiq fəaliyyət göstərməsi deməkdir. Bu heç də adamın "cildini dəyişərək” şəraitə uyğunlaşması kimi başa düşülməməlidir. Bu o deməkdir ki, uşaq harada və nə kimi şəraitdə olduğunu dərk etsin və buna müvafiq olaraq, düzgün hərəkət edə bilsin. Mütəxəssislər hesab edirlər ki, uşaq erkən yaşlarda ətraf mühitə tez bir zamanda bələdləşməyə və buna müvafiq hərəkət etməyə alışdırılmalıdır. Bunun üçün uşağı fəallığa və lazımsız hərəkət etməməyə (tormozlanma) alışdırmaq vacibdir. Tədqiqatçılar sübut ediblər ki, əsəb fəaliyyətinin əsasını iki proses-fəallıq və tormozlanma təşkil edir. Bu iki proses həmişə qarşılıqlı surətdə əlaqədə olur. Orqanizmin hərəkəti sinir sistemində fəallıq yaradır. Eləcə də, sinir sistemində tormozlanma prosesinin baş verməsi fəallığın dayandırılması (tormozlanma) ilə bağlıdır. Yeniyetmə və gənclər fəallıqları ilə seçilirlər. Uşaqlar böyüdükcə, tənqidi təfəkkürün inkişafı ilə əlaqədar olaraq, onlarda lazım olmayan hərəkətlərin qarşısını almaq üçün əzimkarlıq güclənir. Bir qədər dəqiq desək, uşaq yaşa dolduqca onda tormozlanma prosesi üstünlük təşkil edir. Bu, həmin yaşda olan uşağın iradəsini tərbiyə etmək üçün orqanizmin təbii hazırlığını göstərir. Beləliklə, yadda saxlamaq lazım gəlir ki, uşağın iradəsini tərbiyə etmək üçün onun şəraitə uyğunlaşması gücləndirilməklə yanaşı, tormozlandırma prosesini təmin etdirməyə də diqqət artırılmalıdır. Bunun üçün pusquda durmaq, kəşfiyyata çıxarkən səssizliyi gözləmək, susuzluğa dözmək, əziyyətə və çətinliklərə qatlaşmaq elementləri olan hərbi idman oyunlarına daha geniş yer vermək lazımdır. Çünki bütün bunlar orduda lazım olan vasitələrdir. Hərbi xidmətə hazırlaşan gənclərin bu cür hazırlığı onları vətənpərvər ruhda tərbiyə etməklə yanaşı, həm də orduya hazırlayır.
Hürrü Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.