Nizami Cəfərov: "İdman gənclərin milli mənlik şüurunun formalaşmasına və onlarda vətənpərvərlik hisslərinin yaranmasına səbəb olur”

Nizami Cəfərov: "İdman gənclərin milli mənlik şüurunun formalaşmasına və onlarda vətənpərvərlik hisslərinin yaranmasına səbəb olur”


Milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. O, ictimai şüurun bir hissəsi kimi çıxış edir və hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir. Xalq şairi Bəxtiyar Vahabzadə "Vicdan, namus və ləyaqət” adlı məqaləsində yazırdı ki, milli mənlik şüuru azadlıq və demokratiya şəraitində daha yaxşı inkişaf edir və formalaşır. Hər bir xalq, hər bir millət öz "mən”ini, milli mənlik şüurunu və vicdanını vətən, xalq üçün çətin anlarda daha dərindən duyur, hiss edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Azərbaycan xalqının tarixində müəyyən iz qoymuş məşhur şəxsiyyətləri dünyada tanıtdıran və gələcək nəsillər üçün örnək edən səbəblərdən biri də onların yüksək mənəviyyata, müqəddəs amallara malik olmasıdır. Dahi şairimiz Nizami Gəncəvi vətənini, xalqını sevməsə idi, ölməz əsərlər yarada bilərdimi? Məmməd Arazın vətənpərvərliyi, onun ölkəsinin torpağına, daşına, ümumilikdə təbiətinə sıx bağlılığı əsərlərində özünü çox qabarıq göstərir: "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Vətənpərvərliyi, vətənə sevgini belə əsərlərdən öyrənmək, əxz etmək də mümkündür.

Vətənpərvər gənclərə böyük qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev belə gənclərin vətənin, xalqın müqəddəratında önəmli rol oynadığını daim vurğulayırdı. Heydər Əliyev gənclərlə görüşlərinin birində demişdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Cənc nəslin milli mənlik şüurunun inkişaf etməsində, onların vətənpərvər böyüməsində bir çox amilər mühüm rol oynayır. Onlardan biri də, məhz, yazılan qəhrəmanlıq salnamələri, dastanlar və bədii əsərlərdir. Belə əsərlər gənc nəslin milli mənlik şüurunun uninkişaf etməsinə, onların vətənpərvər böyüməsinə öz tövhəsini verir. Bu mövzuda daha geniş məlumat əldə etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor, millət vəkili Nizami Cəfərovla görüşüb söhbət etdik. Maraqlı müsahibəni oxucularımıza təqdim edirik.

"Qədim "Dədə
Qorqud”,” Koroğlu”
dastanlarında da güc, qüvvət və qəhrəmanlıqdan bəhs edilir”

- Nizami müəllim, bu gün həyat tərzimizə çevrilən idman qədim ədəbiyyatımızda da geniş tərənnüm olunub. Əlbəttə ki, siz də bunun şahidisiniz...
- İdman və fiziki tərbiyə məsələsi ilə qədim ədəbiyyatımızda tez-tez rastlaşırıq. Hətta dünya ədəbiyyatında da bu mövzu geniş əhatə olunub. Qədim qastanlarda bədii xarakter daşıyan obrazlar var ki, onlar qəhrəmanlıq nümunəsi kimi təqdim olunur. Hətta dini kitablarda da insanın fiziki tərbiyyəsindən yazılıb. Qədim türk eposunda igidliyi, mərdliyi məhz güçlü, qüvvətli insanlara yaraşdırıblar. Qədim "Dədə Qorqud”,” Koroğlu” dastanlarında da güc, qüvvət və qəhrəmanlıqdan bəhs edilir. Qəhrəmanlıqdan bəhs edən bütün əsərlərdə insanın şəxsiyyəti onun fiziki obrazından ayrılmır. Şəxsiyyət və güç qəhrəmanlığın əsas simvoludur. Atillanın qəhrəmanlığından bəhs edən əsərlərdə də fiziki güç qəhrəmanın xoş niyyətli, ədalətli olması ilə vəhdət təşkil edir.
- Təsadüfi deyil ki, fiziki cəhətdən güclü təsvir edilən qəhrəmanlar, əsərlərdə mənəvi cəhətdən zəif biri kimi təsvir edilməyib.
- Bu bir həqiqətdir ki, bütün türk eposlarında fiziki cəhətdən çüclü olan insanlar, məhz, mənəvi cəhətdən də güclü təsvir olunublar. "Koroğlu” dastanına nəzər salsaq görərik ki, Koroğlu obrazı həddindən artıq böyüdülmüş formada təqdim olunur. Onun güçünü, bacarığını başqalarından fərqləndirən bir çox məqamlar var ki, bu, dastanda aydın təsvir olunur. Hətta burada onun yemək yeməsi də fərqli təsvir edilir. Koroğlunun bir qılınc zərbəsinin güçü də bədii təsvir vasitələri ilə göstərilib. Bu dastanda Koroğlu obrazı gücün, qüvvətin simvoluna çevrildiyinə görə, dastandakı diğər qəhrəmanlar, məhz, onunla müqayisə olunur. Məsələn, burada Gizir oğlu Mustafa bəy, Dəli Həsən, Dəmirçioğlu kimi qəhrəmanların Koroğlu ilə döyüşü müqayisə olunur. Bu dastanda bir məqam da maraqlıdır ki, öz aralarında güçlərini sınayan bu qəhrəmanlar qalib gəldiyi rəqibini heç vaxt təhqir etmir və ona hörmətlə yanaşır. Bu, gözəl haldır. Burada güclü olan qəhrəman, həm də mərhəmətli insan obrazındadır. Dastanlarımızda etik normalar önə çəkilir, haqqın, ədalətin zəfər çalması, güclü insanların həm də xeyirxaq olması diqqəti çəkir. Belə dastanları oxuyan hər bir gənc və yeniyetmədə milli mənlik şuru formalaşır, onlarda vətənpərvərlik hissləri tərbiyə olunur. Ədəbiyyatımızda yer alan belə əsərlər gənc nəslin vətəndaş kimi formalaşmasında, onların mərd, cəsur böyüməsində mühüm rol oynayır. Belə əsərlərdə diqqət çəkən digər məqamlardan biri də odur ki, fiziki cəhətdən qüvvətli insanlar lazım olmayan yerdə güc nümayiş etdirmirlər. Əgər onların qarşısındakı zəif, güçsüz insandırsa, güclü qəhrəmanlar onlara yalnız hörmətlə yanaşırlar. Bu isə öz növbəsində yüksək mədəniyyətdən xəbər verir. Belə nümunələr insanlarda vətənpərvərlik, mərdlik və şücaət hisslərini yaratmaqla bərabər, eyni zamanda insanlığa, ədalətə və mədəniyyətə xidmət edir. Düzdür, bəzən dastanlarda güç simvolu olan mənfi obrazlara da rast gəlirik, lakin burada da müsbət obrazlı qəhrəman qalib gəlir. Məsələn, "Dədə Qorqud” dastanında Təpəgöz, çox güclüdür, lakin mənfi qəhrəmandır. Əsas məsələ odur ki, yaxşılıq hər zaman pisliyə qalib gəlir. Dahi şairimiz Nizami Gəncəvinin "Xəmsə”sində pəhləvanların döyüşü mükəmməl şəkildə təsvir olunub. Dahi Füzuli də yaradıcılığında özünü pəhləvanlarla müqayisə edib. O, qeyd edib ki, mən də sözün pəhləvanıyam.
- Nizami müəllim elə tarix əsərlərimiz var ki, orada qədim idman oyunlarından da bəhs olunur.
- İdman oyunları bizim xalqımıza doğma oyunlardır. Qədim idman növlərindən güləşin, atçılığın, daşqaldırmanın adlarını çəkə bilərik. Çaparların oynadığı çövkan oyunu da qədim oyunlarımızdandır. Hələ qədim zamanlarda belə ölkəmizdə idman oyunları mövcud olmuşdu. Novruz şənliklərində , toylarda və bir çox qədim türk tayfalarının yaslarında idman nümunələrindən istifadə ediblər. Pəhləvanlarımız, çaparlarımız mərasimlərdə, şənliklərdə öz güclərini göstərmiş, müxtəlif oyunlar təqdim etmişlər. Bu isə idmanın bizim xalqımızın həyat tərzində öz əksini tapdığından xəbər verir. Güləş isə bizim xalqın tarixində ən qədim idman növlərindən biridir. Güləşi etnoqrafiyamızın ayrılmaz hissələrindən hesab etmək olar. İdman, bədən tərbiyyəsi bizim xalqımıza, insanlarımıza çox doğmadır. Bu həm də xalqımızın mənəviyyatına, mədəniyyətinə öz təsirini göstərib. İdman və bədən tərbiyəsi ilə bağlı el arasında çoxlu ifadələr, obrazlar var. Belə ifadələrdən "biləyini bükmək”, "kürəyini yerə vurmaq” kimi ifadələri göstərmək olar. Hətta meyxana yarışlarında da belə sözlərdən tez-tez istifadə edirlər. Ölkəmiz keşməkeşli dövr yaşayıb. Əsrlər boyu xalqımız öz torpaqları uğrunda mübarizə aparıb, onu düşməndən mühafizə edib. Belə bir şəraitdə gücə, qüvvətə sahib olmaq, idmanın sirlərinə yiyələnmək vətənin müdafiəsi üçün vacib amillərdən biridir. Elimizə hər zaman qocaq, igid oğullar gərəkdir. Bizim gənclərimizə, cavanlarımıza güclü olmaq, idmanın sirlərinə yiyələnmək daha çox lazımdır. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda idmanla hamı məşğul olmalıdır. Xüsusən də gənclərimiz Oğullarımız vətənin keşiyində daha yaxşı dayanmaq üçün mütləq idmana maraq göstərməlidirlər.

"Bizim qədim
dastanlarımızda olduğu kimi, bədii və müasir ədəbiyyatımızda da
fiziki cəhətdən güclü olan insanlardan bəhs olunur”

- Nizami müəllim, idman etmək insan üçün həm də stimuldur. Qədim zamanlarda insanların fiziki cəhətdən güclü olması daha çox önəmli olub...
- Doğrudur, çünki insanlar təbiətin şıltaqlığından, vəhşi heyvanlardan özlərini qorumaq üçün güclü olmalı idilər. Güc, qüvvə belə məqamlarda insanların taleyini həll edirmiş. Daha sonralar haqsızlıqla, düşmənlə mübarizə apararkən güclü olmaq böyük rol oynayıb. Zaman keçdikcə müxtəlif növ silahların yaradılması insan gücünü əvəz etməyə başladı. Bizim qədim dastanlarımızda olduğu kimi, bədii və müasir ədəbiyyatımızda da fiziki cəhətdən güçlü olan insanlardan bəhs olunur. Bu əsərlərdə qeyd olunur ki, fiziki cəhətdən güçlü olanlar eyni zamanda mərd, təmkinli, cəsarərli və geniş dünyagörüşünə malikdirlər. Tanınmış şairlərimiz olan Səməd Vurğunun, Osman Sarıvəllinin, Hüseyn Cavidin, İsmayıl Şıxlının əsərlərində fiziki güc tərənnüm olunub. Bu isə oxucuların milli mənlik şürunun formalaşmasına, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edir. Bu gün ölkəmizdə çoxlu sayda tanınmış idmançılar var. Onlar arasında Olimpiya, dünya və Avropa cempionları az deyil. Onlar ölkəmizi dünyada tanıdır, bayrağımızı ucaldırlar.
- Nizami müəllim, bəs, özünüz necə, idmanla məşğul olmusunuz ?
- Mən uşaq ikən güləşlə məşğul olmuşam. Bu idman növünə doğulduğum Qazax rayonunda böyük maraq olub. Hətta universitetə qəbul olduqdan sonra da güləşlə məşğul olurdum. Yadımdadır, tanınmış güləşçi Rza Baxşəliyev bizə güləşin sirlərini öyrədirdi. O, çox səmimi insan idi. Həmin illər Rza Baxşəliyev artıq yaşlaşmışdı. Aramızda çox qüvvətli oğlanlar olsa da onlar heç vaxt Rza müəllimlə güləşəndə qalib gəlmək fikrinə düşməyiblər. Bizim millətin ən gözəl xüsusiyyətlərindən biri də elə budur: Böyüyə hörmətlə yanaşmaq.

"Uşaqlıq dövrümdə bütün məhəllə uşaqları ilə toplaşıb futbol oynayar, qonşu kəndlərin futbol komandaları ilə yarışlar keçirərdik”

- Yəqin ki, uşaqlıq xatirələrinizdə idmanla bağlı hadisələr də az olmayıb...
- Uşaqlıq xatirələrim çoxdur. Əlbəttə ki, onlar arasında idmana aid olanları da var. Uşaqlıq dövrümdə bütün məhəllə uşaqları ilə toplaşıb futbol oynayar, qonşu kəndlərin futbol komandaları ilə yarışlar keçirərdik. Ümumiyyətlə, kənd həyatında, rayon mühitində oğlan uşaqları daha işgüzar, qocaq böyüyür. Şəhər mühitindən fərqli olaraq, kənd mühiti insandan daha çox fəal həyat tərzi tələb edir. Rayonda uşaqlar sağlam, gümrah böyüyürlər.
-Yəqin ki, kəndlərimizin saf havası, sağlam qidalanma burada az rol oynamır...
- Təbii ki, bu amillərin də böyük rolu var. Ümumiyyətlə, insan yaşa dolduqca, az hərəkət etməyə başlayır. Bu da onun sağlamlığına mənfi təsir edir. Oturaq həyat tərzi, çirkli hava, düzgün olmayan qidalanma səhhətimizə pis təsir edir. Sonra da deyirik ki, biz niyə xəstələnirik?
- Nizami müəllim, idmanla məşğul olmaq heç vaxt gec deyil. Bəs, siz necə, yenidən idmanla məşğul olmaq barədə düsunursünüzmü?
- Düzünü deyim ki, idmanla yenidən məşğul olmağı çox istəyərdim. Təəssüf ki, buna zamanın yoxdur. Rəhbərlik etdiyim işlərin çoxluğu buna mane olur. Lakin yürüşə çıxmağı sevirəm. Bu, özü də idmandır. Həm də ən asan və hamının edə biləcəyi bir idman. Mən təbiətdən ilham alan adamam. Odur ki, çalışıram daha çox təmiz havada, təbiətin qoynunda olum.
- Bəs, təbiəti seyr edərkən, doğulub boya-başa çatdığınız el-obanı dolaşarkən hansı hisslərə, xatirələrə qapılırsınız ?
- Xatirələrim çoxdu... Ən çox uşaqlıq illərim yadıma düşür. Yaşıdlarımla at belində çapdığım vaxtlar, qonşu kəndin uşaqları ilə futbol oynamağımız və buna bənzəyən çoxlu xatirələrim var...

"Mən at sürməyi o qədər çox sevirdim ki,
uşaqlarla bərabər
kolxozun bağçasına
gedib atları oğurlayıb sürürdük”

- Qazaxda çox adamların atı olub. Bəs, sizin necə?
- Bizim atımız olmayıb, amma uşaq vaxtı atlara böyük marağım var idi. Atlarla bağlı maraqlı xatirələrim var. Mən at sürməyi o qədər çox sevirdim ki, uşaqlarla bərabər kolxozun baxçasına gedib atları oğurlayıb sürürdük. Düzdür, at yiyələri bunu öyrənəndə bizə cəza verirdilər, amma bu adətimizdən əl çəkmirdik (gülür).
- Bəs, ailənizdə necə, idmanla məşğul olan varmı?
- Ailə üzlərim arasında idmanla ciddi məşğul olanlar olmasa da, əmimin güləşə böyük marağı olduğunu xatırlayıram. Baxmayaraq ki, atam da, əmim də ədəbiyyat müəllimləri idilər. Həyətimizdə isə həmişə girlər olub. Əmim o girləri çox rahatlıqla qaldırardı. Övladlarım isə başqa ixtisaslara yiyələniblər. Mənim bir qızım və bir oğlum var. Qızım da mənim kimi ən çox ədəbiyyata maraq göstərdi.
- Bu bir həqiqətdir ki, övladlar çox zaman valideynlərinin seçdiyi sənətə yiyələnirlər.
- Bu fikirlə razıyam. Çünki, mən özüm də rəhmətlik atamın yolu ilə getmişəm. Şübhəsiz ki, irsi faktorlar burada da özünü göstərir. Çox sayda ailələr tanıyıram ki, övladları məhz, valideylərinin seçdiyi sənətin davamçılarıdırlar.

"İstərdim ki, idman
jurnalistikası daha fəal olsun, idmanı təhlil edən verilişlər isə daha yaxşı, daha səviyyəli təqdim olunsun”

- İdman yarışlarına, idmana həsr edilmiş, verilişlərə tamaşa edirsinizmi?
- Ən çox futbola baxıram. Əsasən, problemləri müzakirə edən verilişlərə baxmağı sevirəm. İstərdim ki, idman jurnalistikası daha fəal olsun, idmanı təhlil edən verilişlər isə daha yaxşı, daha səviyyəli təqdim olunsun. Bu baxımdan müəyən mənada geridəyik. Məsələn, Türkiyədə mübahisələrlə, rəy və fikirlərlə zəngin verilişlər aparırlar. Bu, həm yaranan problemlərin aradan qalxmasına xidmət edir, həm də tamaşaçı diqqətini cəlb edir. Belə verilişlər bizdə də çox olsa yaxşı olar. Bu gün ölkəmiz idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın sürətli inkişafına nail olduğumuz kimi, efirlərdə də yüksək inkişafa nail olmalıyıq. Respublikamızda dünya standartlarına uyğun Olimpiya kompleksləri tikilib istifadəyə verilir, Olimpiya oyunlarında yüksək nəticələr əldə edirik. İdmançılarımız ölkəmizin bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırırlar. Bu, sevindirici haldır. İdmanın yüksək sürətlə inkişafı, idmançıların əsl kişi kimi formalaşması böyük uğurdur. İdmançı olmaq, sağlam insan, vətənpərvər övlad, qeyrətli vətəndaş olmaq deməkdir. Bu baxımdan, idman insanlarda vətənpərvərlik hisslərini artırır, gənc nəslin milli-mənlik şüurunun formalaşmasında müsbət rol oynayır. Qürurla deyə bilərik ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmanın yüksək sürətlə inkişaf etməsi üçün böyük işlər həyata keçirir, idmançılara diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, bu gün idman kütləvi hal alıb. İdmançılarımızın sayı getdikcə artır. Bu gün idmançı olmaq istəyənlərin sayı olduqca çoxdur. Biz idmançılarımızla qürur duyuruq. Onlar bizim fəxrimizdir.

"Əminəm ki, I Avropa Oyunlarının Bakıda
keçirilməsi həm də
turizmin inkişafına öz tövhəsini verəcək. Bütün dünyanın gözü, məhz, Azərbaycana dikiləcək”

- Nizami müəllim, I Avropa Oyunları məhz Bakıda keçiriləcək...
- I Avropa Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirirəm. Bu, ölkəmizin beynəlxalq arenada qazandığı nüfuzun nəticəsidir. Digər bir səbəb isə paytaxtımızın böyük miqyaslı yarışlara ev sahiblik edə bilməsi imkanının olması faktıdır. Belə mötəbər tədbirlərin keçirilməsi yalnız inkişaf etmiş ölkələrə həvalə olunur. Sevindirici haldır ki, ölkəmizdə nəhəng tədbirlərin keçirilməsi üçün hər bir şərait var. Şəhərimizdə böyük Olimpiya kompleksləri, stadion və qurğular bu şəraitin bariz nümunəsidir. Əminəm ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi həm də turizmin inkişafına öz tövhəsini verəcək. Bütün dünyanın gözü, məhz, Azərbaycana dikiləcək. Bu isə hər birimiz üçün böyük nailiyyətdir. Heç bir uğur asanlıqla əldə olunmur. Dövlət başçısının uğurlu siyasəti, böyük səyi nəticəsində respublikamız inkişaf edib. Təkcə idman sahəsində deyil, turizm, mədəniyyət sahəsində də böyük nailiyyətlər əldə edirik. Ötən il respublikamızda keçirilən beynəlxalq yarışlar, musiqi festivalları və "Avroviziya” musiqi müsabiqəsi də bu inkişafın göstricisidir. Hər bir vətəndaş kimi mən də qürur hissi keçirirəm ki, Azərbaycan inkişaf etmiş dünya ölkələri arasında öz yerini tutur. Ölkəmiz gündən-günə, sürətlə inkişaf edir. İndiki dövrdə yaşamaq, yaratmaq, sözün əsl mənasında böyük xöşbəxtlikdir. Bu xoşbəxtliyin qədrini bilmək lazımdır. Bizim gənclik illərimizdə belə şərait yox idi. İndi isə bütün sahələrə böyük dövlət qayğısı var və gənc nəslin nümayəndələrinə diqqət var. Onlar bilməlidirlər ki, çox gözəl zamanda yaşayırlar. Bu illəri hədər vermək olmaz. Həyat insana bir dəfə verilir. Gənclik, cavanlıq özü bir gözəllikdir. Odur ki, onun dəyərini vaxtında bilməliyik.
- Nizami müəllim, bəs siz necə, cavanlığınızın dəyərini bilirsinizmi?
- Mən çalışıram ki, bacardığım qədər cavanlığımınız qədrini bilim. Amma o da var ki, insan çox az hallarda yaşadığı həyata görə Allaha şükür edir. Çox vaxt istəyirsən ki, yeni nailiyyətlərə, yeni arzulara can atasan. Başqa bir məqam da var ki, yaş öz işini görür. Heç kim qocalmaq, yaşlanmaq istəmir. Hamı istəyər ki, cavan görünsün və sağlam olsun. Lakin boynumuza alaq ki, bunun üçün hec nə etmək istəmirik. Bu gün ziyalılarımızın əksəriyyətinin başı yazı-pozuya qarışıb. Bir də görürük ki, belimiz bükülüb, gözümüz zəifləyib və olduğumuz yaşdan da xeyli yaşlı görünürük. Bu baxımdan idman etmək, sağlam həyat tərzinə uyğun yaşamaq lazımdır. İdman insana sağlam həyat tərzi bəxş etməklə bərabər, həm də bir cox xəstəliklərdən mühafizə edir. İdmanın insana saymaqla bitməyən faydaları var. Passiv həyat tərzi isə xəstəliklərə səbəb olur. İdmanı sevməklə bərabər, hər kəsə sevdirmək də lazımdır. Bunun üçün idmanla bağlı olan verilişlərə, film və yarışlara baxmaq vacibdir. İdman gənclərin milli mənlik şüurunun formalaşmasına və onlarda vətənpərvərlik hisslərinin yaranmasına səbəb olur.



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
 İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.