Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq bizim vətəndaşlıq borcumuzdur. Ərazisinin 20 faizi düşmən əsarəti altında olan vətənimiz bizdən daha böyük hünərlər gözləyir. Bütün gücümüzlə bu cənnət diyarı göz bəbəyimiz kimi qorumalı, onun inkişafı üçün əlimizdən gələni etməliyik. Gələcəyimiz olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etməliyik ki, torpağımıza , yurd-yuvamıza olan sevgi onların qanına, canına hopsun. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər. Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz gənclərimiz üçün örnəkdir. Hər bir Azərbaycan vətəndaşı qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu bilməlidir. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur.
Dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə erməni təcavüzü və terrorizminə qarşı xalqımızın apardığı mübarizə heç də asan başa gəlməyib. Bu mübarizədə minlərlə igid oğullarımız şəhidlik zitvəsinə ucalıb. Bu zirvəyə ucalanların xatirəsini yaşatmaq gənc nəslin milli mənlik şüurunun formalaşmasına , onlarda vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir. Azərbaycanın elə bir bölgəsi, kəndi tapılmaz ki, orada şəhid məzarı olmasın.
Gənc nəslin mübarizə ruhunun yüksəldilməsi, vətənpərvərlik hissinin formalaşması və gücləndirilməsi məqsədi ilə milli qəhrəmanlarımızın döyüş yolu daim təbliğ olunmalıdır. Onları yaşatmaq, tanıtmaq, şəhid ailələrinə hörmətlə yanaşmaq bizim borcumuzdur. Xatırladaq ki, şəhid olan minlərlə həmvətənlərimizdən 210 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri, qəhrəmanlıqları ilə hər zaman yaddaşlarda yaşayacaqlar. Şəhidlik qəhrəmanlığın ən uca zirvəsidir. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, əlbəttə, tanımalıyıq. Çünki gələcəyimiz olan gənc nəslin vətənpərvərlik hisslərinin güclənməsində məhz təbliğatın böyük rolu var.
Cəsur oğullardan, qəhrəmanlardan biri də Çingiz Mustafayevdir. O, 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Vətənpərvərlik ruhunda tərbiyə olunan, çılğınlığı, fəallığı ilə həmyaşıdlarından fərqlənən Çingiz təhsilini Cəmşid Naxçıvanski adına hərbi məktəbdə davam etdirib. Doqquzuncu sinifdə oxuyarkən səhhəti ilə əlaqədar yenidən təhsil aldığı 167 saylı məktəbə qayıdıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna(indiki Azərbaycan Dövlət Tibb Universiteti) daxil olub, 1983-cü ildə oranı bitirib. 1985-ci ildə "Cəngi” birliyini yaradıb. Elə həmin il "Ekspront” verilişini açıb. Həftənin dörd günü Dəvəçidə xəstəxanada, üç günü Bakıda işləyib.
Olduqca vətənpərvər olan Çingizi 1990-cı ildə baş verən 20 yanvar hadisələri büsbütün dəyişib. O qanlı gecədə Çingiz həyatını təhlükəyə ataraq küçələrdəki yaralılara kömək edib. Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra həkimlik sənətini atıb jurnalistakaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Hazırladığı reportajlar informasiya blokadasında olan Azərbaycan haqqında həqiqətlər Amerikanın, Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır. Lakin dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından müəyyən qədər məhrum edib. Ona görə də Çingiz "215 KL” studiyasının yardılmasına çalışır və buna nail olub. Ölkəmizin döyüş bölgələrindən operativ xəbərləri, xüsusi reportajları, bütün bunlarla yanaşı, həm də Azərbaycanda gedən siyasi proseslərdən bəhs edən çəkilişləri Çingiz böyük həvəslə hazırlayırdı. O, Azərbaycan tamaşaçısının yaddaşında reportajları, ən əsası Xocalı soyqırımını çəkən operator kimi qalıb. Çingizin məhz bu filmi ilə Ermənistanın dünyadakı imicinə böyük zərbə dəydi. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Cəbhədə igid əsgər, cəsur zabit kimi çox vəzifəni öz üzərinə götürürdü. 1992-ci il iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid oldu Çingiz Mustafayev. Son nəfəsində aldığı yaranı yox, yerə düşən kameranı düşündü. Çingizin son sözləri belə idi: "Götürün kameranı, kameranı götürün...”. Çəkdiyi reportajlar, kamerada olan tarixi kadrlar ona canından da əziz idi. Çingiz bilirdi ki, bu kadrlar Azərbaycanın haqq səsidir. O, 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır. Çingiz Mustafayevin adını daşıyan park, küçə, gəmi, yüksəklik, uşaqların istirahət etməsi üçün düşərgə var. Hər il avqust ayında Şahdağda Milli Qəhrəmanın adını daşıyan zirvə ziyarət edilir. Bu, artıq ənənə halını alıb. Onun adını daşıyan istirahət düşərgəsi isə uşaqların sevimli məkanlarındandır.
Düşərgə Bakının Şüvəlan qəsəbəsində yerləşir. "ANS” şirkətlər qrupunun rəhbərliyi ayda bir dəfə düşərgədə böyük diskoteka təşkil edir. Burada məşhur estrada müğənniləri rəngarəng proqramlarla çıxış edirlər. Düşərgənin balaca sakinləri hər gün musiqi zalında avadanlıqlar vasitəsilə istədikləri musiqiləri dinləmək imkanları əldə edir, idmanla məsğul olur, ekskursilayarda iştirak edir, səmərəli vaxt keçirirlər.
Milli Qəhrəman Çingiz Mustafayev onu tanıyanların xatirəsində olduqca maraqlı, çılğın, vətənpərvər insan kimi qalib. Qəhrəmanın qardaşı Seyfulla Mustafayev Çingizlə bağlı xatirələrində belə deyir: "Bir dəfə Çingizlə Dəvəçi rayonunda qayıqla balıq tutmağa çıxmışdıq. Göl dərin olmadığına görə qayığı adi bir şüvüllə (uzun ağac) idarə edirdik. Başımız söhbətə elə qarışmışdı ki, sahildən xeyli aralandığımızdan xəbərsiz idik. Çingiz əlini cəld şüvülə ataraq onu suya batırdı. Şüvülün ucu suyun dibinə çatmadı. Üstəlik, qayığın içinə su dolmağa başlamışdı. Məni vahimə basdı və bədənimdən soyuq tər axdı. Çingiz şüvülü elə hey harasa ilişdirməyə çalışırdı. Zarafatından qalmayaraq balıq tutmağı təklif etdi. Tilova əl atan Çingizdən şüvülü alıb qayığı idarə etməyə çalışdım. Bununla da həyəcanım səngidi. Bir saata yaxın mübarizədən sonra qamışlara ilişə-ilişə ölümün çəngindən canımızı qurtardıq”.
Çingiz ailəsinin, onu tanıyan dostlarının, ən əsası, Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Naxış ana oğlu Çingizin yolunu hər gün gözləyir. Ona elə gəlir ki, Çingiz qayıdacaq və Qarabağın işğaldan azad olunduğu günü lentə alacaq. Əminik ki, Qarabağın azad olunduğu gün buna ən çox sevinənlərdən biri elə Çingizin ruhu olacaq...
Qəhrəmanlıq salnaməsi yazan, erməni terrorçularını lərzəyə salan igidlərimizdən Əlif Hacıyevin keçdiyi həyat yolu ilə tanış olanda insan qürur duyur. Bütün həyatını vətəninə xidmət etməklə keçirən bu igid əsl qəhrəmanlıq nümunəsdir. O, 1953-cü ildə Xocalıda doğulub. Qarabağın Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnən Əlif 1971-1973-cü illərdə Minskdə hərbi borcunu yerinə yetirib. Belarus Daxili İşlər Nazirliyinin (DİN) və Dağlıq Qarabağ Muxtar Vilayətinin daxili işlər orqanlarında işləyib. Sonralar təhsilini Frunze adına Xüsusi Orta Milis Məktəbində və həmin nazirliyin Akademiyasında davam etdirib. Əlif erməni millətçilərinin gizli təxribat təşkilatlarını ifşa etdiyinə görə 10 il həbs cəzasına məhkum edilib. Bir müddət keçdikdən sonra məhkəmənin qərarı ilə cəzası 6 ilə endirilib. Nəhayət, bəraət alaraq azadlığa buraxılıb.
Lakin Əlifi nə həbs cəzası, nə də diğər qüvvələr qorxuda bilməyib. O, erməni terrorçularının layiqli cavabını verməyə tələsib. Vətəninə böyük məhəbbətlə bağlı olan Əlif Hacıyev 1990-cı ildə doğma yurdu Xocalıya qayıdıb. Hərbçi qısa müddətdə Xocalı təyyarə limanı xətdaxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı aeroportunun komendantı vəzifəsini yerinə yetirib.
Ermənilərin Qarabağı işğalı zamanı Əlif və onun dəstəsi düşmən ordusu ilə döyüşə başlayıb. Kömək gözləyən bir dəstə əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarıb. Bununla onları ölümdən xilas edib. Növbəti qrupu xilas etməyə cəhd edərkən, o, düşmən gülləsinə tuş gəlir və vətən yolunda şəhid olub. Əlifin bu qəhrəmanlığı, göstərdiyi şücaət Qarabağ camaatının dilində əzbərə çevrilib. Qəhrəmanı tanıyanlar onun olduqca cəsur, qeyrətli Azərbaycan oğlu olduğunu dönə-dönə vurğulayırlar. Ailə üzvləri Əliflə qürur duyurlar. Onun qəhrəmanlığından, mehriban insan, sədaqətli dost olduğundan danışırlar. Əlif təkcə ailəsinin yox, onu tanıyan bütün insanların qəlbində yaşayır. Qəhrəmanın bacısı Mina xanım qardaşının qeyrətli, cəsur insan olduğunu deyir. O ağrılı günlərdən ürək ağrısı ilə danışan Mina xanım hələ də Əlifin öldüyünə inanmır. "Əlif Qarabağın başına gətirilən müsibətə dözə bilmirdi. Ancaq torpaqlarımızın azadlığı barədə düşünürdü. Qardaşımdan doya bilmədik. O deyirdi ki, biz vətənimizi müdafiə etməsək, bəs kim edəcək? Xocalıda camaatı ermənilərin əsarətindən xilas etmək üçün əlindən gələni etdi. Lakin ailəmiz, eləcə də xocalılar böyük itkilər, çoxlu sayda şəhidlər verdik. İtkin düşənlərimizdən indi də xəbərimiz yoxdur. Bu, ağır dərddir. Sözlə ifadə etmək çox çətindir. Əlif bu dərdlə yaşamağı özünə ar bilirdi. O, əsl qəhrəmanlıq nümayiş etdirdi. Qız-gəlinlərimizin, namus-qeyrətimizin tapdanmaması üçün canından keçdi. Ailəsindən, övladından doymadı qardaşım. Müharibə onu bizdən alsa da Əlif əbədi yaşayacaq. Onun qəhrəmanlığı dastana çevrilib. Ermənilər Əlifdən qorxurdular. O, ermənilərin başına od ələyirdi. Qardaşımla fəxr edirəm. Bütün Azərbaycan xalqı belə igidlərimizlə qürur duyur. Gənclərimiz bilməlidirlər ki, necə igid qəhrəmanlarımız olub. Əlifin şəkilləri qalib əlimizdə, bir də heç vaxt unudulmayan əziz xatirələri....”
Əlif Hacıyevin şəklinə baxarkən onun məğrur baxışlarının təsirinə düşməmək olmur. Bu baxışlar odlu-alovlu döyüş yolunun bilmədiyimiz, görmədiyimiz tərəflərini hayqırır sanki. Onun simasında Qarabağdan, Xocalıdan niğaran qalan çizgilər görünür. Qəhrəmanın dilə gələn baxışları deyir ki, darıxma ana vətən, darıxma, səni qaytaracağıq! Doğma torpaqlarımızı düşmən tapdağından qorumaq onun ən böyük arzusu idi. Əlif Hacıyevin qəhrəmalığı sayəsində yüzlərlə vətəndaşımız sağ qaldı. Qəhrəmanlarımızın ömür yolu gənclərə, vətəni qoruyan əsgərlərə əsl örnəkdir. Belə igidlərin keçdiyi şərəfli yol dildən-dilə keçir, qəhrəmanlıq dastanına çevrilir. Onların həyatı, döyüş yolu gənclərdə vətənpərvərlik hissini gücləndirir. Gənclər məhz belə igidlərə bənzəməyə, onlar kimi vətənpərvər olmağa çalışırlar. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə 1992-ci il iyunun 6-da Azərbaycanın Milli Qəhrəmanı (ölümündə sonra) adı verilib. O, bütün şəhidlər, qəhrəmanlar kimi daim yaşayacaq, heç vaxt unudulmayacaq. Öz ölümü ilə ən uca zirvəyə - şəhidlik zirvəsinə qalxan igidlərimiz xalqımızn qəlbində hər zaman var olacaqlar. Milli Qəhrəman Əlif Hacıyevin adı əbədiləşdirlib. Nizami rayonunun mərkəzi küçələrindən biri Əlif Hacıyevin adını daşıyır.
Hər qəhrəmanın həyatı, döyüş yolu, əlbəttə, fərqlidir. Onları birləşdirən bir oxşarlıq var: qəhrəmanlıq! Gözəl insan, yaxşı dost, mehriban ailə başçısı olan Milli Qəhrəman Yusif Mirzəyevin əziz xatirəsi dostları, ailə üzvləri və onu tanıyan insanlar üçün çox əzizdir. Döyüş yoldaşlarının yaddaşında daim yaşayan Yusifin əziz xatirəsi onu sevənləri tərk etməyib. Məlumat üçün bildirək ki, Yusif Mirzəyev 1958-ci il mayın 23-də Naxçıvanın Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. Hələ məktəb illərində vətənpərvərliyi, cəsurluğu ilə yaşıdlarından seçilib. Qorxunun nə olduğunu bilməyib. Vətənimizin başına gətirilən müsibətlər Yusifi narahat edib, rahat yaşamağa qoymayıb. 1988-ci ildə xalq hərəkatına qoşulan Yusif torpaqlarımızı müdafiə etməyə, qorumağa söz verir. İçindəki vətən sevgisi, onu döyüş bölgələrinə gətirir. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Yusif tez bir zamanda batalyonun ən adlı-sanlı döyüşçülərindən birinə çevrilir. 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edir, əsgərləri psixoloji cəhətdən döyüşə hazırlayır. Yusifin göstərdiyi şücaət əsgərləri daha da həvəsləndirirdi. Döyüşlərin birində o, mühasirəyə düşən bölüyü itkisiz azad etmişdi. Bu böyük uğurun əldə olunması heç də təsadüfi deyildi. Döyüşçü hücum və müdafiə işini olduqca yaxşı bacarırdı. Fiziki gücü, yaxşı döyüş qabiliyyəti olan qəhrəman qüşmənlərin hədəfinə çevrilmişdi. Təəssüf ki, o, Qarabağın azadlığını görə bilmədi. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşən Yusif döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak oldu.
Qəhrəmanın ailə üzvləri ilə əlaqə saxlayıb onula bağlı xatirələri öyrənməyə çalışdıq. Naxçıvanda yaşayan bacısı Naibə xanımla danışarkən qəhrəmanın olduqca istiqanlı, vətənpərvər, ailəcanlı insan olduğunu öyrəndim. "Yusifdən danışmaq olduqca çətindir. Onun yoxluğu ürəyimi göynədir. Ölüm ona yaraşmırdı. Qardaşım çox mehriban idi. Qəmli olmağımızı istəməzdi. Həmişə üzümüzün gülməyinə çalışardı. Əsl kişi xasiyyətləri var idi Yusifdə. Qeyrətli oğul idi. Onun kimi bir qardaşım olduğu üçün qürur duyuram. Yusiflə fəxr edirəm. Qardaşımın Nurlanə adlı bir qızı var.
Nurlanə böyüsə də, atasının yoxluğu onu incidir. Təsəllini onda tapırıq ki, Yusif vətən yolunda şəhid olub. O, indi cənnətdədir. Əgər yaşasa idi, indi baba idi. Nəvəsi balaca Yusif babasının adını daşıyır. Arzu edirəm ki, bütün oğlanlar Yusif kimi qoçaq, dəliqanlı, mehriban və vətənpərvər olsun”, - deyə Naibə xanım bildirdi.
Qəhrəmanı yaxından tanıyan insanlar onun səmimi, olduqca mehriban və yaxşı dost olduğunu dönə-dönə bildirirlər. Onlardan biri tanınmış teleaparıcı, hərbi mahnıların ifaçısı Şəmistan Əlizamanlıdır. Şəmistan müəllim Yusif Mirzəyev barədə danışmaqdan böyük qürur duyduğunu deyir. "1993-cü ildə Ağdərədə Çıldıran əməliyyatında mühasirəyə düşdük. Lakin bu hal uzun çəkmədi və böyük səylə mühasirədən çıxdıq. Mühasirəyə düşərkən üst-başımız tamam palcığa batmışdı. Məni Yusif adlı bir nəfərə tapşırdılar ki, onun köməyi ilə əyin-başımı dəyişim. Həmin vaxt Yusif komandir köməkçisi idi. O, mənə elə mehribanlıq, qayğıkeşlik göstərdi ki, elə bildim Yusifi lap çoxdan tanıyıram. O gündən çox yaxın dost olduq. Yusif Naxçıvandan idi. Ağdərəyə könüllü getmişdi. Çətin döyüşlər, müharibənin ağır şərtləri bütün əsgərlər kimi, Yusifdən də yan keçməmişdi. Onun sənədləri hələ sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi üçün nazirliyə təqdim olunmuşdu”, - deyə Şəmistan müəllim bildirdi. O, əlavə etdi ki, Yusif böyrəklərində yaranan xəstəlikdən, kəskin ağrılardan əziyyət çəkirdi. Odur ki, xəstəxana şəraitində müalicə olunmalı idi. Yusif xəstəxanada qalarkən, Şəmistan Əlizamanlı da ona baş çəkirmiş. Çıldıran əməliyyatı zamanı partlayan mərmilərdən yaralanan Şəmistan müəllimi dostunun - Yusif Mirzəyevin müalicə olunduğu xəstəxanaya göndərirlər. Onlar xəstəxanada bir otaqda qalırlar. Şəmistan Əlizamanlı mahnı ifa etməsinə Yusifin səbəb olduğunu deyir. "Xəstəxanada həkim işləyən Şahin Musaoğlu bizə tez-tez baş çəkirdi. Onunla aramızda isti münasibət yaranmışdı. Bir dəfə bizə dedi ki, bir mahnı yazmışam, istəyirəm qulaq asasınız. Şahin yazdığı mahnını zümzümə etdi. Bu mahnı "İgid əsgər, möhkəm dayan” adlanırdı. Mahnı Yusifin çox xoşuna gəldi. Hətta o qədər bəyənmişdi ki, dilindən düşmürdü. Bir dəfə ona dedim ki, mahnını bu qədər bəyənirsənsə, mən də bir gün oxuyub, sənə ithaf edəcəyəm”, - deyə Şəmistan müəllim bildirdi. Yusif Mirzəyev müalicədən sonra Ağdərəyə, Şəmistan Əlizamanlı isə Müdafiə Nazirliyinə qayıdır. Aradan bir müddət keçdikdən sonra dostlar yenə görüşürlər. Yusif həmin mahnının nə vaxt ifa olunacağını səbirsizliklə gözləyirdi. O, "İgid əsgər, möhkəm dayan” mahnısını əsgərlərə də öyrətmişdi. Bu hadisə Şəmistan müəllimi həvəsləndirir. O, düşünür ki, bəlkə də mahnı ifasında yaxşı alınacaq. Mahnının sözlərini çap edib, vərəqin yuxarısında "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm” sözlərini yazır. O, axırıncı dəfə Bakıya gələndə həmin vərəqi Yusifə göstərir. Bu görüşdən bir neçə gün sonra Yusif Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid olur... Onun ölümünü dostları, yaxınları ağır itki kimi qəbul edirlər.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib. O, ana yurdu Naxçıvanda dəfn edilib. Buradakı Şəhidlər xiyabanında uyuyan qəhrəman oğulların əziz xatirəsi heç vaxt unudulmur və unudulmayacaq. Məktəblilər, tələbələr, müxtəlif idarə və təşkilatların kollektivləri tez-tez Naxçıvandakı Şəhidlər xiyabanına üz tutur, şəhidlərimizin müqəddəs ruhlarını yad edirlər.
Xalqımız qəhrəmanlarımızın əziz xatirəsini daim əziz tutur, onları böyük ehtiramla yad edir. Dövlətimiz şəhid ailələrinə, onların ailə üzvlərinə diqqət və qayğı ilə yanaşır, qəhrəmanların adları əbədiləşdirilir. Naxçıvan şəhərində qəhrəmanın büstü qoyulub. Bakının Nəsimi rayonundakı 44 saylı məktəb Milli Qəhrəman Yusif Mirzəyevin adını daşıyır.
İgidlik göstərən, vətən üçün şirin canından keçən qeyrətli Azərbaycan övladları ilə bütün xalqımız qürur duyur. Belə qəhrəmanların təbliğ olunması insanların, əsasən, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində əvəzsiz rol oynayır. Əsrlər boyu başı bəlalar çəkmiş, torpaqları bölünmüş Azərbaycan bu gün müstəqil, suveren dövlətdir. Vətəni sevən hər bir insan müstəqilliyin nə olduğunu dərk etməli, onu qorumağı bacarmalıdır. Bütün insanlara, o cümlədən gənclərə itirilmiş torpaqlarımız haqqında, şəhidlərimiz barəsində danışmaq, onlara vətənə sədaqət hissini aşılamaq lazımdır. Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində kök salmalıdır. Bu gün məktəblərdə, ali təhsil ocaqlarında vətənpərvərlik mövzusunda müsabiqələr, tədbirlər keçirilir. Bu müsabiqələr gənclərimizin hərbi ruhda böyüməsində müstəsna rol oynayır.
Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan güclü orduya sahibdir. Vətənimizin müdafiəsində dayanan igid oğullarımızın vəzifəsi çətin olduğu qədər müqəddəsdir. Milli ordumuzda on minlərlə gənc vətənə sədaqətlə xidmət edir. Bütün bunlar vətənpərvər gəncliyin yetişməsindən, onların ölkəmizə olan dərin məhəbbətindən xəbər verir.
Jalə Rzabəyli
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.