Onunla bağlı çox söz demək olar. Tanınmış bəstəkar, vətənpərvər insan, etbarlı dost, mehriban ailə başçısı, qayğıkeş baba və s... Lakin bu sadalananlardan ən çətini, əlbəttə ki, yaxşı insan olmağı bacarmaqdır. Tanınmış bəstəkar Eldar Mansurov sənəti və insani keyfiyyətləri ilə sevilən insandır. Həyatı boyu olduğu kimi görünməyə çalışıb. O, mavi ekranda, mətbuat orqanlarında çıxış edərkən özünü olduğu kimi təqdim edib. Şişirdilmiş , bəzədilmiş tərcümeyi-haldan uzaq olub Eldar Mansurov. Sahib olduğu dəyərlər, tanınmış nəslin nümayəndəsi olması, gördükləri, bildikləri, mənalı sənəti yolu, insani keyfiyyətləri onun haqqında hər şeyi deyir.
Eldar Mansurov 1952-ci il fevralın 28-də İçərişəhərdə musiqiçi ailəsində anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfini bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olub. "Yeddi gözəl” rok-operası, "Kleopatra” və "Olimp” rok-baletləri, 5 simfoniya, "Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqi yazıb. 1981-ci ildə SSRİ sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqı və Kinematoqrafçılar İttifaqının üzvü olub. Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb.
Eldar Mansurov təkcə bəstəkarlıq fəaliyyəti ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Hələ konservatoriyada oxuduğu illərdə muğamların nəzəriyyəsi haqqında elmi məqalələrlə çıxış edib. Atası, tanınmış tarzən Bəhram Mansurovun tarda ifa etdiyi bütün muğamları, qədim dəraməd, rəng, diringə, təsnif və bir çox el havalarını nota salıb.
Mənalı ömür yolu olan bəstəkar Eldar Mansurovla müsahibəmizi oxuculara təqdim edirik.
- Eldar müəllim, cəmiyyətdə tanınmış insanlara daim maraq olub. Onların sənəti, həyat tərzi adamları maraqlandırıb. Sizin buna münasibətiniz necədir?
- Doğrudur. Tanınmış insanlar daim maraq obyektində olurlar. Mən özümlə bağlı məlumatları gizlətməkdən çəkinməmişəm. Hətta xəbərləri, əsərlərimi, fotoşəkillərimi internet vasitəsilə paylaşıram . Bunu həm də ona görə edirəm ki, insanlar mənə aid olan bütün həqiqəti görsünlər. Bəzən tanınmış adamlarla bağlı dedi-qodular, həqiqətdən uzaq söhətlər edirlər. Dəfələrlə olub ki, yaxşı tanıdığım insanlar barədə şayiələr eşitmişəm. İstəyirəm ki, mən bu dünyada olmayanda kimsə şayiə yaymasın. Bizim cəmiyyətdə bir "qayda” var. Ölən adam barədə elə danışır, onu elə böyüdürlər ki, onu yaxından tanıyanlar da təəccüblənir. Bu baxımdan, özümə aid bir çox məqamları elə özüm sosial şəbəkələrdə yerləşdirirəm.
- Eldar müəllim, 3 mindən artıq mahnının müəllifisiniz. Yəqin ki, bu sırada vətənpərvərliklə bağlı mahnılar da yer alıb...
- Bilirsiniz, vətənpərvərlik insanın daxilində olmalıdır. Bu hissi hər bir insan qəlbində yaşatmalıdır. İşindən, peşəsindən asılı olmayaraq, hər kəs vətənpərvər ola bilər və bu, müqəddəs borcdur. Şairlərimiz, bəstəkarlarımız, yazıçılarımız öz əsərlərində vətənimizi tərənnüm edirlər. Bu, elə vətənpərvərlik deməkdir. Mənim də bir sıra mahnılarım doğma yurdumuza həsr olunub. Belə mahnılarımda çalışmışam ki, Azərbaycanın gözəlliyini, onun əvəzsiz təbiətini tərənnüm edə bilim. Eyni zamanda, xalqımızın qədim musiqisi olan muğamlarımızı da öz əsərlərimdə yaşatmağa çalışmışam. Düşünürəm ki, qərinələrdən axıb gələn muğamlarımızı araşdırmaq, təbliğ etmək, sevdirmək vətənpərvərliyin bir nümunəsidir. Məni ən çox sevindirən hazırda gənc muğam ustaları nəslinin yetişməsidir. Gənc muğam ifaçılarımız muğam ustadlarımızın dəsti-xəttini davam etdirirlər. Xalqımızın ən qədim musiqi növü olan muğam sənətinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Muğam festivallarının keçirilməsi sayəsində onlarla istedadlı ifaçı üzə çıxarılır.Onlar öz ifaları ilə Azərbaycanı xarici ölkələrdə tərənnüm edirlər. Mənə elə gəlir ki, muğamlarımızı sevən insanın vətənpərvər olmaması mümkün deyil. Muğam mənəviyyatımıza da öz müsbət təsirini göstərir. Eyni zamanda, belə demək mümkünsə, muğamlarımız insanın daxili aləminə işıq salır: onun daxili gözəlliyini, xislətini biruzə verir.
- Bəlkə elə buna görədir ki, sizə: "Olduğu kimi görünən, göündüyü kimi olan insandır”, - deyirlər.
- Göründüyüm kimi olan adamam. Əslində, belə də olmalıdır. Mən musiqini, xüsusi ilə də muğamlarımızı ürəkdən sevən bir insanam. Muğamlarımız isə, dediyim kimi, daxili aləmin aynasıdır. Elə insanlar var ki, özlərini ictimaiyyətə başqa ampulada təqdim edirlər. Mən efirdə necə görünür, necə davranıramsa, həyatda da eləyəm. Bu baxımdan, sosial şəbəkələrdə videolentlər, fotolar, verilişlərdən görüntülər - bir sözlə, həyatıma aid nə varsa, paylaşıram. İstəyirəm ki, mən olmayanda haqqımda qeyri-adi hekayələr uyduranlar olmasın. İnsanlar bilsinlər ki, Eldar Mansurov elə tanıdıqları kimidir. Bəzən adi musiqiçi barədə böyüdülmüş fikirlər səsləndirirlər. Kiməsə korifey, kiməsə dahi səntkar deyirlər. Bu çür yanaşmalar düzgün deyil. Sənətkara xalq, tarix qiymət verməlidir. 3-4 nəfərin yığılıb birini tərifləməsi, göylərə qaldırması gülməlidir.
- Nədənsə, cəmiyyətimizdə adlı-sanlı sənətkarlara, ziyalılara bir az gec qiymət verirlər. Daha doğrusu, biz insanlara ölümündən sonra qiymət veririk...
- Təəssüf ki, belədir. Lakin ölümündən sonra bəzi insanları o qədər şişirdilmiş formada təqdim edirlər ki, düşünürsən ki, barəsində danışılan adam, görəsən, sənin tanıdığın insandır? Nəyinsə xətrinə cəmiyyətə səhv informasiya vermək olmaz. Jurnalistlər hər şeyi olduğu kimi göstərməlidirlər.
- Eldar müəllim, günü necə başlayırsınız?
- Günü hamı kimi başlayıram. Qeyri-adi bir həyat tərzim yoxdur. Həvəsim olanda musiqi ilə məşğul oluram, olmayanda heç pianoya yaxın da getmirəm. Son vaxtlar sosial şəbəkədə vaxt keçirməyi, əsərlərimi, bəzi məlumatları musiqisevərlərlə paylaşmağı sevirəm.
- Bəs sosial şəbəkə vasitəsilə sizə yazanlara cavab verirsiniz?
- Məktub yazanlara çox vaxt cavab verirəm. Əsasən, ciddi və maraqlı yazılar diqqətimdən kənarda qalmır.
- Rejimlə yaşayan insansınız?
- Yox. Heç vaxt rejimlə yaşamamışam. Mənim rejimlə yaşayan insanlara həmişə yazığım gəlib. Maraqlı həyat tərzini sevən adamam. İrəlidə məni nəyin gözlədiyini bilmədən getmək istəyərəm. Çünki bizi nəyin gözlədiyini bilməmək daha maraqlıdr. Bu çür yaşamaq insana həyacan verir. Yaradıcı insanların əksəriyyəti rejimsiz yaşayan insanlardırlar.
- Ətrafınızdakı insanlar mülayim, zarafatcıl, səmimi və şən adam olduğunuzu deyirlər.
- Mənim babam, atam - bir sözlə, bütün ailəmiz şən həyat tərzi keçirən adamlar olublar. Mən də onlara oxşamışam. Deyib-gülməyi, dost-tanışla gəzməyi sevirəm. Pislik, mərdimazarlıq, kiməsə ziyan vurmaq bizim ailəyə xas olan xüsusiyyət deyil. Bu baxımdan özümü xoşbəxt hesab edirəm. Onu da deyim ki, cavanlıqda bir çox ölkələri gəzib-dolaşmışam. Getdiyim hər bir yerdə Azərbaycanı ləyaqətlə tərənnüm etməyə çalışmışam. Harada olduğumuzdan asılı olmayaraq, hər birimiz doğma vətənimizin mədəniyyətini, incəsənətini, xalqımızın tarixini təbliğ etməyə borcluyuq. Əğər bu amillərə əməl ediriksə, deməli, vətənimizi sevirik. Mən vətən, ailə sevgisi ilə yaşayan adamam. Hazırda vaxtımı daha öz vətənimdə, ailəmlə, nəvələrimlə keçirirəm.
- Yeri gəlmişkən, neçə nəvəniz var?
- İki nəvəm var. Onlar böyük oğlumun övladlarıdırlar. İkinci oğlum hələ subaydır.
- Deyirlər, nəvə övladdan şirin olur...
- Doğrudan da, nəvə çox şirin olur. İndi nəvələrim bağda istirahət edirlər. Onlarla vaxt keçirəndə sözün əsl mənasında dincəlirəm. Nəvələrimə yurdumuzdan, tariximizdən söhbət açır, vətənimizi tanıtdırmağa çalışıram. İstəyirəm ki, onlar gələcəkdə Azərbaycanın layiqli vətəndaşları kimi böyüsünlər.
- Ümumiyyətlə, istirahətinizi harda, neçə keçirirsiniz?
- Əvvəllər xarici ölkələrə gedirdim. Lakin əcnəbi ölkələrdə olanda, orada yaşayanda Bakı üçün çox darıxırdım. Dünyanın bir çox ölkələrində olmuşam. Bakını heç nəyə dəyişmərəm. Mən Bakıda, İcərişəhərdə doğulmuşam. Yəqin ki, əslən bakılı olduğum üçün bu şəhər mənə daha çox doğmadır. Onu da deyim ki, evimdən, ailəmdən uzaq olanda darıxıram. Hara getsəm, evə tələsirəm .
- Eldar müəllim, dediniz ki, səyahət etməyi xoşlayırsınız. Ən çox üz tutduğunuz yerlər haralardır?
- Ən çox rayonlarımıza getməyi sevirəm. Təbiətin qoynunda olmaq, təmiz hava almaq əsl istirahətdir. İnsan yaşa dolduqca dincəlmək, istirahət etmək istəyir. Azərbaycan ən gözəl ölkələrdən biridir. Vətənimizin gözəllikləri, adət-ənənəsi, milli mətbəximiz əvəzolunmazdır.
- Bəs doğulub böya-başa çatdığınız İcərişəhəri, uşaqlıq illərinizi tez-tez xatırlayırsınız?
- İçərişəhərdə keçirdiyim illəri heç unutmuram. Bu qədim yer həmişə yaddaşımda yaşayır. Amma son vaxtlar İçərişəhərə çalışıram az gedim...
- Səbəbini bilmək olar?
- Çünki İçərişəhər çox dəyişib. Nə əvvəlki camaat, nə əvvəlki hörmət-izzət, nə də ki əvvəlki görünüşü qalıb. Keçmişdə orda hamı bir-birinə salam verərdi. İndi adamı tanıyanlar da uzaqdan keçirlər. Buna görə də doğulduğum bu qədim məkana az-az gedirəm.
- Deyirlər, insan yaşa dolduqca uşaqlaşır...
- Düzdür. Bunu yaşlı nəslin nümayəndələri daha yaxşı bilirlər. İnsan yaşa dolduqca daha tez kövrəlir, inciyir, sevinir, hətta küsür. Valideynin qədrini də elə adam yaşa dolandan sonra bilir. İnsan yaşadıqca yaşamaq istəyir, həyatdan doymur.
- Efirlərdə az görünməyinizin səbəbi nədir?
- Düzünü deyim ki, yeri gəldi-gəlmədi müsahibə verməyi xoşlamıram. Hər verilişə də çıxmıram. Təəssüf ki, səviyyəli verilişlərimiz çox deyil. Bəzən isə müsahibə üçün mənə müraciət edənlərin xətrinə dəymək istəmirəm. Mənə elə gəlir ki, bu, yaşın gətirdiyi dəyişiklikdir (gülür). Həyatda insana qalan yaxşılıqdır. Verdiyim müsahibələri kimlərsə oxuyur və hansısa sözü yadında saxlayırlar. Bir dəfə ev təmiri ilə məşğul olan bir usta mənə yaxınlaşıb dedi ki, Eldar müəllim, siz necə də düz etmisiniz ?! Maraqla soruşdum ki, nəyi düz etmişəm? Dedi ki, siz müsahibənizdə demişdiniz ki, ayıbdır, insanların çətin şəraitdə yaşadığı vaxtda mən özümə ad günü keçirə bilmərəm. Düzü, ustanın məqaləni oxuması, hətta bu sözümü yadında saxlaması çox xoşuma gəldi. Bəlkə də, çoxları üçün bu, adi bir haldır. Lakin bu hadisə mənə o qədər təsir etdi ki, hər dəfə müsahibə verəndə daha da məsuliyyətli olmağa çalışdım. Hiss olunur ki, dediklərimiz oxucuların yaddaşında qalır.
- Dediniz ki, yaşa dolduqca insanın xasiyyəti müəyyən qədər dəyişir. Bəs yaradıcılığınızda hansı dəyişikliklər baş verib?
- Gənclik illərimdə rok musiqisi, konservatoriyada oxuyanda isə klassik musiqi ilə məşğul olurdum. Daha sonra mahnı janrında yazmağa başladım. Maraqlısı odur ki, cəmiyyətdə məni sinfoniyaların, ciddi əsərlərin müəllifindən daha çox mahnı müəllifi kimi tanıyırlar. Mən özümü mahnı bəstəkarı hesab etmirəm. Həmişə deyirəmki, əsl bəstəkar bütün musiqi janrlarına müraciət etməyi bacarmalıdır. Yaradıcılığımı 10 illik hissələrə bölürəm və görürəm ki, hər on ildə fərqli, maraqlı işlər görmüşəm.
- Çoxşaxəli yaradıcılığa malik olmaq çox maraqlıdır. Bu illər ərzində dəyişməyən xüsusiyyətlər hansılardır?
- Dəyişməyən mənim dəsti-xəttimdir. Bu, dəyişən, qocalan lakin üzdə həmişə eyni olan gözlərə oxşayır... İnsan nə qədər qocalsa, dəyişsə də, onu gözlərindən tanımaq olur. Yaradıcılıq da belədir, janr dəyişsə də, dəsti-xətt dəyişmir.
- Eldar müəllim, övladlarınızın musiqiyə marağı varmı?
- Oğlanlarımın ikisi də musiqiyə maraq göstərib. Lakin onlara başqa sənətə yiyələnmələrini məsləhət etmişəm. İndi sənətlə məşğul olmaq olduqca çətindir. Bir çox televiziyalarda musiqi sənətini şouya çeviriblər. Təəssüf ki, sənətkarlarımız lazımi səviyyədə təbliğ olunmur.
- Sizin dillər əzbəri olan çoxlu sayda mahnılarınız var. Bəs müəllifi olduğunuz hansı musiqini öz həyatınızın melodiyası hesab edirsiniz?
- Maraqlı sualdır. Bütün musiqilərim bir yerə yığılanda məni əks etdirir. Yazdığım əsərlərin hər biri ruhumun, həyatımın hansısa anını, saatını, gününü ifadə edir. Əslində, hər bir yaradıcı insan yaratdığı əsərdə özünü ifadə edir. Rəssamlar, heykəltəraşlar, bəstəkarlar, şairlər və bir çox sənət sahibləri öz əsərlərində daxili dünyasını, həyatını, hisslərini dilə gətirir.
- Özünüzü əsərlərinizdə tam ifadə edə bilmisiniz?
- Məncə, tam ifadə edə bilməmişəm. Mənəvi cəhətdən zəngin insanlar heç vaxt özlərindən razı olmurlar. Onlar həmişə yenilik axtarırlar. İstedadlı insanlar bir ömrə sığmırlar. Bütün bunlara sahib olmaq üçün şəxs yox, şəxsiyyət olmaq lazımdır.
- Bunlarla yanaşı, həm də ən çox idman mahnıları yazan bəstəkarsınız. Bu həvəs, idmana maraq haradan yaranıb?
- Uşaqlıqda futbola böyük marağım olub. Bu maraq mənə rəhmətik atam Bəhram Mansurovdan keçib. O, məni özü ilə stadiona aparırdı. 1967-ci ildə futbolla ciddi məşğul olmağa başlamışdım. Həmin illər həm də Asəf Zeynallı adına musiqi texnikumunda oxuyurdum. Həm dərsə, həm də məşqlərə gedirdim. Məşqçi-müəllim atamı çağırıb dedi ki, oğlunuz iki sənətdən birini seçməlidir. Atam da mənim musiqi ilə məşğul olmağımı məsləhət gördü.
- Ən çox hansı futbol komandasına azarkeşlik etmisiniz?
- "Neftçi”nin azarkeşi olmuşam. Bu komandanın oyunlarına həmişə böyük həyəcanla baxırdım. Futbolçuların yerində olmaq istəyirdim. Tale elə gətirdi ki, "Neftçi”nin bir neçə futbolçusu ilə yaxın dost oldum. İndiyə qədər həmin idmançılarla yaxşı münasibətim, dostluğum var. Ötən zaman bizim görünüşümüzü dəyişsə də, xasiyyətimizi dəyişə bilməyib. Saçımıza dənlər düşüb, amma özümüzü gənclik illərindəki kimi yaxşı hiss edirik. Bir vaxtlar "Neftçi” komandasının tanınmış futbolçuları olmuş Oktay Abdullayev, Maşallah Əhmədov, İsgəndər Cavadov, Yaşar Vahabzadə, Rüstəm Rəhimov kimi idmançılar yaxın dostlarımdır. Onlarla gənclik illərimdən bu günə kimi münasibətim var. Onu da deyim ki, bu insanlar dostluqda olduqca sədaqətlidirlər.
- Futboldan başqa, daha hansı idman növlərinə marağınız olub?
- Stolüstü oyunlara maraq göstərmişəm. Şahmat, şaşki, nərd kimi oyunları sevirəm. Dostlarımla görüşəndə nərd oynayırıq. Hokkey oyunlarına baxmağı da xoşlayardım. Amma futbol matçına baxmağı, oyunun yaratdığı həyəcanı yaşamağı heç nəyə dəyişmərəm. Futbol həyatımın ayrılmaz hissəsdir.
- Bəs, əcnəbi futbol komandalarından hansını bəyənirsiniz?
- Əcnəbi komandalardan "Barselona”nı bəyənirəm. Bu komandanın oyunlarını mütləq izləyirəm. Əğər yanımda televizor yoxdursa, kompüter vasitəsilə mütləq "Barselona”nın oyununa baxıram.
- Gənclik illərinizlə müqayisədə idmanın inkişafını necə diymətləndirirsiniz?
- Bizim gənclik illərimizdə idmanla məşğul olmaq bu qədər kütləvi hal almamışdı. Ölkəmiz müstəqil deyildi. Bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. Ölkəmizdə idmanın inkişafı üçün böyük quruculuq işləri həyata keçirilir. Paytaxtımızla bərabər, bölgələrimizdə də nəhəng idman qurğuları, beynəlxalq standartlara cavab verən Olimpiya kompleksləri, stadionlar və s. insifadəyə verilir. Mən bir vətəndaş kimi böyük qüryr hissi keçirirəm ki, respublikamız idman ölkəsinə çevrilib. İdmançılarımızın səsi beynəlxalq yarışlardan, möhtəşəm Olimpiya oyunlarından gəlir. Bu, olduqca sevindirici haldır. Ölkə rəhbəriyi tərəfindən idmana , onun inkişafına yüksək qayğı göstərilir. Onu da deyim ki, ölkələr idman və mədəniyyət sayəsində tanınır. Bizim ölkəmizdə isə bu istiqamətdə böyük işlər görülür. Azərbaycan Respublikasının Prezidenti , Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bütün sahələr kimi, idmana da böyük diqqətlə yanaşır. Yaradılan bütün şərait ölkəmizin inkişafına xidmət edir. İdmançılarımız bayrağımızı qaldırır, himnimizi səsləndirirlər. Beynəlxalq arenalarda qazanılan qələbələr Azərbaycanın nüfuzuna müsbət təsir göstərir. İdmançılarımızın uğurları onların vətənimizə olan sevgisindən doğur. Məncə, hər bir idmançı vətənpərəvrdir, doğma yurduna sədaqətlidir.
- Eldar müəllim, idmana olan məhəbbətiniz yazdığınız Olimpiya himnində də özünü göstərir...
- Olimpiya himnini böyük həvəs və həyəcanla yazmışam. Ölkə rəhbərliyinin göstərişi ilə yazılan bu himni ən gözəl musiqilərdən hesab edirəm. Himn Milli Olilmpiya Komitəsinin yaradılmasının 10 illik yubileyi ərəfəsində yazılıb. Bundan başqa, bədii gimnastikaya, "Neftçi” futbol klubuna həsr olunan mahnılar da yazmışam. Otüstü hokkey, cüdo, çovqan və s. kimi idman növlərinə də himn bəstələmişəm. İdmançı dostlarımdan tanınmış futbolçular İqor Ponamoryova, İsgəndər Cavadova yubileyləri münasibətilə mahnılar hədiyyə etmişəm. Arzu edirəm ki, idmançılarımız hər zaman ölkəmizin idman şərəfini layiqincə qoruya bilsinlər.
- Bəs özünüzə ən böyük arzunuz nədir?
- Özümə ən çox can sağlığını arzu edirəm. Çünki sağlam olmayanda həyat da maraqsız görünür. Yaşayıb-yaratmaq, faydalı işlər görmək üçün birinci növbədə sağlam olmaq lazımdır. Diğər arzum isə torpaqlarımızın azadlığını görməkdir. Çox istərdim ki, xalqımız işğal altında olan torpaqlarımıza qayıtsın. Misiqi beşiyimiz olan Şuşada üçrəngli bayrağımız ucalsın. Əminəm ki, bu arzuma çatacağam.
- Maraqlı müsahibə üçün təşəkkür edirik.
Jalə Rzabəyli