Hər bir insanı el-obasına, yurduna, Vətəninə bağlayan ali keyfiyyətlər sırasında vətənpərvərlik hissi müstəsnalıq təşkil edir. Bu ali hiss bəşər övladını bütün varlığı ilə doğulub-boya başa çatdığı torpağa ruhən bağlayır, onda milli qürür və təəssübkeşlik duyğularını gücləndirir. Bu ali hiss özünü dərk edən hər bir fərdi bütün həyatı boyu müşayiət edərək onun kamil şəxsiyyət kimi formalaşmasını, mənalı yaşam tərzini, məqsədyönlü fəaliyyətini təmin edir. Vətən elə bir müqəddəs məkandır ki, onu hər kəs sevməlidir. Doğma yurduna biganə münasibət bəsləyənlərin əsil qiyməti Abbas Səhhətin aşağıdakı misralarında verilib:
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.
Vətənpərvər insan xalqına, dövlətinə sədaqətlə xidmət etməyi, vətən üçün canından keçməyi bacarmalıdır. Vətənpərvərliyin ən uca zirvəsi məhz budur! El üçün yaşamaq, gələcək üçün yaratmaq ən böyük vətənpərvərlikdir. O kəs xoş bəxtdir ki, öz vətənpərvərliyi ilə adını tarixin silinməz səhifələrinə həkk edə bilib. Belə şəxsiyyətləri qürurla anır, onların böyüklüyü qarşısında baş əyirik. Bu mənada, böyük sərkərdə, Şah İsmayıl Xətai yada düşməyə bilməz. Yaxşı bilirik ki, XVI əsrdə Şah İsmayıl vahid Azərbaycan dövləti yaratmaqla, dilimizi dövlət dili səviyyəsinə qaldırmaqla vətənpərvərliyin ən ali məqamına ucalmışdır. Hökmdar-şairin vətənə, onun təbiətinə olan məhəbbəti, həm də yazdığı əsərlərdə əksini tapıb.
Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində orta məktəblərdə lazımi işlər aparılır. Uşaqlarla Vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Uşaqların əsgər forması geyinərək, yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradılır. Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində sinifdənxaric və məktəbdənkənar işlərin forma və üsulları müxtəlif və rəngarəng olduğundan daha maraqla qarşılanır. Şagirdələrin iştirakı ilə bayram tədbirləri təntənəli surətdə qeyd edilir, hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyalar təşkil olunur, Qarabağ müharibəsinin veteranları və Azərbaycan ordusunun nümunəvi əsgərləri ilə görüşlər keçirilir. Hərbi-vətənpərvərlik mövzularında söhbətlər aparmaq, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, fotosərgilər, fotoalbomlar təşkil etmək də şagirdlərə vətən sevgisi aşılayır. Yeri gəlmişkən qeyd edək ki, vətənpərvərlik hisslərini aşılamaq bilavasitə ailədən başlayır. Məktəbdə isə bütün məsuliyyət müəllimlərin üzərinə düşür. Müəllimlər şagirdləri Vətəni qorumağa, onu sevməyə və hər qarışı uğrunda mübarizə aparmağa hər zaman hazır olmağa ruhlandırmalıdırlar. Qeyd etmək istərdik ki, Azərbaycan milli idman oyunları da şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi işində müəllim-şagird münasibətlərinə mühüm təsir edir. Müəllimin, xüsusən də hərbi hazırlıq və idman müəlliminin hərbi-vətənpərvərlik tərbiyəsinə daha yaxşı bələd olması, milli idman oyunlarının keçirilməsi zamanı uşaqlara səmimi münasibət göstərməsi uşaqları ruhlandırır. Danılmaz faktdır ki, böyüklərə hörmət, tələbkarlıq prinsipinə əməl etmək, obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox güclü təsir göstərir. Tariximizin dərindən öyrədilməsi də vacib amildir. Çünki şanlı keçmişə malik olan xalqımızın tarixində şücaəti, qəhrəmanlığı ilə tanınan oğullar yer alıblar. Vətən torpaqlarının qorunması uğrunda canlarını qurban verən belə oğulların adları tariximizin qəhrəmanlıq səhifələrinin bəzəyidir. Ən qədim zamanlardan bəhs edən ədəbiyyat nümunələrimizdə, xalq dastanlarımızda kişilik, cəsurluq rəmzi kimi göstərilən igidlərimizi bu gün də qürurla anılır. Şagirdlərə izah olunmalıdır ki, müstəqil Azərbaycan dövlətinin formalaşmasında fədakarlıq göstərərək canlarından keçən qəhrəmanlarımız tarixin Azərbaycan xalqına yaşatdığı ağır illərdə ciyin-ciyinə döyüşüb, torpaqlarımızın hər qarışı uğrunda canlarından keçməyə hazır olublar. Qeyd olunmalıdır ki, məhz vətən təhlükədə olanda çiyin-çiyinə dayanmaq, səngərdə arxa-arxaya söykənmək ən vacib məsələdir. Yurdumuzun say-seçmə oğulları məhz həmin anlarda birləşib, düşmənə qarşı birgə mübarizə aparıblar. Şagirdələrlə söhbət zamanı vurğulanmalıdır ki, Qarabağda baş verən müharibə bir daha göstərdi ki, bu xalq vətənin başı üzərində qara buludlar toplaşanda birləşməyi, yumruğu bir yerə vurmağı bacarır.
Hərbi xarakterli yarışlar şagirdlərin orduya hazırlıq prosesidir
Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi də dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilib. Ölkədə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətdə iştirakının təmin edilməsi, milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman haqqında” "Gənclər siyasəti”, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramları, habelə Gənclər Fondunun yaradılması gənclərin daha da təşkilatlanmasına, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəlməsinə imkan yaratmışdır.
Vətənpərvərlik ruhunda yazılan mahnı və şeir müsabiqələri, rəsm sərgiləri də öz növbəsində gənc nəslin vətənpərvərlik hisslərinin güclənmısinə, istedadlı uşaqların ortaya çıxmasına kömək edir. Məktəblərdə keçirilən hərbi yönümlü idman yarışları, oyunlar və hərb sənətindən bəhs edən dərslərin tədrisi şagirdlərin vətənpərvərlik hisslərini artırır. Hərbi xarakterli yarışlarda şagirdlər özünümüdafiə üsullarını, orduda vacib olan müəyyən hərəkətləri - sürünməyi, maneələri keçməyi, yaralını ərazidən uzaqlaşdırmağı, silahdan istifadə etməyi, düşməndən gizlənməyi, kəşfiyyat aparmağı dərindən öyrənirlər. Bu cür yarışların keçirilməsi gənclərin orduda xidmət zamanı köməyinə çatır, təlimi daha tez qavramasına və onun öhdəsindən gəlməsinə zəmin yaradır. Yeri gəlmişkən deyək ki, orta məktəb şagirdlərinin müntəzəm iştirak etdikləri "Cəsurlar”, "Şahinlər” kimi hərbi oyular bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Qeyd etdiyimiz bu oyunlarda əsas məqsəd şagirdlərdə cəsarətlilik, cəldlik, mübarizlik, iradə möhkəmliyinin təmin olunmasıdır.
Mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz
Vətənpərvərlik, sədaqət, şübhəsiz, hər bir insanın daxili aləmindən soraq verən ali keyfiyyətdir. Bu cür daxili zənginliyə sahib olmaq, sözün əsl mənasında, xoşbəxtlikdir. Bu zənginlik milli mənlik şüurunu formalaşdıran ən başlıca amildir. Yeri gəlmişkən deyək ki, milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas keyfiyyət olmalıdır. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Azərbaycan xalqının tarixində müəyyən iz qoymuş məşhur şəxsiyyətlərini dünyaya tanıdan və gələcək nəsillər üçün örnəyə çevirən səbəblərdən biri də onların yüksək mənəviyyata, müqəddəs amallara malik olmalarıdır. Azərbaycan xalqının ötən əsrdə dünya siyasətinə bəxş etdiyi fenomen şəxsiyyət, ümummmilli lider Heydər Əliyev də mənalı ömür yolu və fitri idarəçilik keyfiyyətləri ilə daim Vətənini, xalqını, dövlətini düşünmüş və vətənpərvər şəxsiyyət kimi çağdaş tariximizə sanballı möhürünü vurmuşdur.
Dahi şəxsiyyət gənclərlə görüşlərində onlara tariximizi, dilimizi, milli dəyərlərimizi yaxşı öyrənməyi tövsiyə edirdi. Xüsusi vurğulayırdı ki, milli dəyərlərimizi, ənənələrimizi, tariximizi bilməyən gənc vətənpərvər ola bilməz. Azərbaycan gənclərinin hələ 1996-cı ilin 2 fevralında keçirilmiş birinci forumunda dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev gəncləri vətənpərvərlik, mənəviyyat, əxlaq, təlim-tərbiyə məsələlərinə xüsusi həssaslıqla yanaşmağa cağırırdı. Həmin dövrdə sivilizasiyalarası dialoq, fərli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması sahəsində müəyyən problemlər mövcud idi.
Belə bir şəraitdə gənclərdə milli mənlik şüurunu qoruyub saxlamaq, milli özünüdərki, vətənpərvərlik duyğularını gücləndirmək son dərəcə vacib və aktual problem kimi ortaya çıxmışdı.
Ümummilli lider Heydər Əliyev məhz buna görə də, Azərbaycan gəncliyinə milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmətlə yanaşmağı, vətənpərvər olmağı tövsiyə edirdi: "Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var- dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizin bizə qalan simaları bu gün dünyada məşhurlaşan və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclər bizim tariximizi, keçmişimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Ulu öndərin dövlətçilik ideallarına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanın milli maraq və mənafeyini uca tutmuş, həm xarici, həm də daxili siyasətdə əsl vətənpərvərlik nümayiş etdirmişdir. Son illərin konkret siyasi situasiyaları fonunda bunu qabarıq görmək mümkündür. Prezident İham Əliyev Dövlət Bayrağı Meydanının inşasına təşəbbüs göstərəndə də, Qəbələ RLS-in qapanmasını, Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyasını təmin edəndə də, Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin Azərbaycana gətirilməsinə israrla nail olanda da yüksək vətənpərvərlik nümayiş etdirmişdir.
Gənc nəslin vətənpərvər ruhda böyüməsində idman xüsusi rol oynayır
Orta təhsil müəsisələri, əsasən, Uşaq-Gənclər İdman Məktəbləri (UGİM) gənclərin sağlam böyüməsi, onların fiziki inkişafı, idmanın sirlərinə yiyələnməsi istiqamətində geniş fəaliyyət göstərirlər.
Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmanlıq göstərənlərin əksəriyyəti idmançılardır. Çünki idman insanda cəsarət, mübarizlik hissini gücləndirir. Döyüş qabiliyyəti, özünü müdafiə -bütün bunlar idman sayəsində qazanılır. Gənc nəslin vətənpərvər ruhda böyüməsində idmanın böyük rolu var. İdman həm də mübarizədir. Rəqiblə mübarizədə qalib gələn idmançının psixologiyası adi insanların psixologiyasından fərqli olur. Psixoloji hazırlıq idmançılar heç nədən qorxmurlar, ölümdən belə. Odur ki, onlarda vətəni müdafiə etmək, qələbə qazanmaq əzmi yüksək olur. Vətənə xidmət etməyin müxtəlif yolları var. Hər kəs öz işi, fəaliyyətyi ilə vətənə xidmət edə bilər. Bu, bütün sahələrdə mümkündür. Lakin vətəni müdafiə etməyi hamı bacarmır. Bu baxımdan, idmançılar vətənin ən yaxşı müdafiəçiləri və təbliğatçılarıdırlar. Onlar beynəlxalq yarışlarda ölkəmizin bayrağını zirvələrə qaldırır, himnimizi səsləndirirlər. Bu, Azərbaycanın ən gözəl təbliğatıdır. İdmançılara dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Onlar üçün hər bir şərait yaradılıb. Bu gün ölkəmiz idman sahəsində böyük inkişaf dövrünü yaşayır. Dünya miqyasında idman ölkəsi kimi tanınmağımız Azərbaycanın inkişafından və nüfuzundan xəbər verir. İdmançılarımız qazandıqları uğurlarla vətənimizə xidmət edirlər. Dilinə, bayrağına, torpağına xidmət əsl igidlikdir.
Bədii ədəbiyyat, filmlər torpağa bağlılıq yaradır, vətən sevgisi aşılayır
Azərbaycan bu gün müstəqil dövlətdir. Onun güclü ordusu, sağlam cəmiyyəti, gözəl rifahı olan xalqı və ən əsası, bütün dünyada böyük nüfuzu var. Əlbəttə müstəqilliyimiz heç də asan başa gəlməyib. Bu yolda xalqımız minlərlə övladını qurban verib. Tarix boyu erməni quldurlarının təcavüzünə məruz qalan xalqımız qədim və doğma torpaqlarını qorumaq üçün daim mübarizə aparıb. Bu mübarizədə qəhrəmanlıq göstərən igid oğullarımızdan 211 nəfəri Milli Qəhrəman adını daşıyır. Bu qəhrəmanların hər biri vətənimizin müdafiəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar. Ölümdən qorxmadan təkbaşına ermənilərin üzərinə gedən Mübariz İbrahimovun, erməniləri lərzəyə salan Əlif Hacıyevin, Əliyar Əliyevin, Xocalı faciəsini lentə almaqla erməni vəhşiliyini tarixin yaddaşına yazan telejurnalist Çingiz Mustafayevin qəhrəmanlığı dillər əzbəridir.
Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Yaxşı bilirik ki, müstəqil Azərbaycanın güclü ordusu qədim Qarabağımızı asanlıqla geri qaytarmağa qadirdır. İgid əsgərlərimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər. Vətən sevgisi qəlbimizi alovlandıran məşəldir. Bu məşəlin istisini Əhməd Cavadın himnimizə çevrilən şerində, Məmməd Arazın "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” misrasında, Məhəmməd Hüseyn Şəhriyarın "Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan! Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!” kəlmələrində, Səməd Vurğunun məşhur "Azərbaycan” şerində və digər qələm sahiblərimizin poeziyasında duyuruq. Xalq şairləri Nəriman Həsənzadənin "Atabəylər”, Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc”, "Dar ağacı” tamaşaları vətənpərvər ruhda yazılan ən uğurlu səhnə əsərlərindəndir. Belə tamaşalara həyacansız baxmaq mümkün deyil.
Tariximizi əks etdirən filmlərimizin də milli mənlik şüurumuzun formalaşmasına əvəzsiz rolu var. Tanınmış yazıçılarımızdan Anarın ssenarisi əsasında çəkilmiş "Dədə Qorqud”, İsa Hüseynovun "Nəsimi” filmləri tamaşaçıların qəlbində vətən məhəbbəti, qəhrəmanlıq hisslərini gücləndirir, vətənə, torpağa bağlılığı artırır. Bizi ağusuna alan belə əsərlər, əlbəttə ki, hər bir dövrdə gənc nəslin milli mənlik şüuruna müsbət təsir göstərir, onlarda vətənə olan məhəbbət hissini gücləndirir. Mərhum rejissor Ceyhun Mirzəyevin baş rolda oynadığı "Fəryad”, yazıçı Aqil Abbasın ssenari müəllifi olduğu "Dolu” filmini izləyərkən insan silaha sarılmaq, torpaqlarımızı namərd düşmənin tapdağından xilas etməyə tələsir. Belə ekran əsərlərinin olduqca təsirli kadrlarla zəngin olması, tamaşaçını uzun müddət filmin təsiri altında saxlayır. Bu cür filmlər ruh yüksəkliyi yaradır, intiqam hisslərini gücləndirir. Bütün bunlar deməyə imkan verir ki, vətənpərvərlik azərbaycanlıların ruhunda var. Bu müqəddəs duyğunu içimizdə yaşatmaq isə şərəf, namus məsələsidir. Qeyrəti, əqidəsi olan hər bir insan vətənpərvərdir və bu, insanın daxili zənginliyidir. Bu zənginliyi qorumaq, gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək isə hər birimizin vətəndaşlıq borcumuzdur.
Vətənpərvərlik hisslərinin tərbiyəsində radio və televiziya verilişlərinin də rolu böyükdür. Milli şüurumuzu formalaşdıran verilişlərin nümayişi isə müharibə şəraitində yaşayan ölkəmiz üçün olduqca zəruridir.
Torpaqdan pay olmaz
Bizim ölkəmiz qədim olduğu qədər də zəngindir. Dünyanın heç bir yeri bizim torpaqlarımız qədər bərəkətli deyil. Yurdumuzun suyu, havası, insanları, saymaqla bitməyən sərvətlərimiz tarix boyu başqa xalqların diqqətindən yayınmayıb. Bu zənginliyə sahib olmaq istəyənlərin sayı da çox olub. Tarix boyu bölünmüşük. Bizi rahat yaşamağa qoymayıblar. Xalqımızın vətənpərvərliyinə ən böyük zərbə sovet dövründə vurulub. O dövrdə dilimizi, mədəniyyətimizi bizə unutdurmaq istəyiblər, özü də 70 il. Bu, böyük zamandır.
Vətəndən pay olmaz. Biz bu yurdu qoruyub gələcək nəsillərə miras kimi verməliyik. Vətəni sevmək isə əməldə olmalıdır. Yəni biz gələcək günlərin bünövrəsini bü gündən qoymasaq, gələcək nəsillər üçün çətin olacaq. Milli dəyərlərimizi nəsildən-nəslə ötürərək yaşadırıq. Bu, belə də davam etməlidir. Ona görə ki, milli dəyərlərimiz keçmişimizi, tariximizi özündə əks etdirir. Tariximizin öyrənilməsi isə gənclərimizə babalarımızdan miras qalan vətənpərvərlik, kişilik, igidlik kimi keyfiyyətləri aşılayır.
Sahib olduğumuz dili, adətlərimizi qorumasaq, gələcək nəsillərə miras qoya bilmərik. Özünə hörmətlə yanaşan və milli dəyərlərimizi hər şeydən üstün tutan gənclərimiz bu mirasın davamçılarıdırlar.
Vətəni sevmək üçün vətənpərvər insanların əhatəsində olmaq lazımdır. Bu hissi uşaqlara daim aşılamaq çox vacibdir. Çünki biz müharibə şəraitində yaşayırıq.
Vətənpərvərlik daim təbliğ olunmalıdır. Bu gün məqsədi, mənası bilinməyən teleseriallara baxan gənclər necə vətənpərvər ola bilərlər? Uşaq vaxtından mübarizə ruhunda böyüməyən insan böyüyəndə vətənpərvər ola bilməz. Vətənpərvərlik uşaqların qanına hopmalıdır. İstər evdə, istər məktəbdə uşaqlara torpağın, el-obanın dəyərini başa salmaq lazımdır. Bizim gənclər nə qədər vətənpərvər olsalar, bu, bizim qazancımızdır. Şübhəsiz, söhbət təkcə gənc nəslin nümayəndələrindən getmir.Vəzifəsindən, yaşından, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz vətənimizin gələcəyi barədə düşünməliyik.
Hürrü Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.