“Xalqımız nə səni, nə də başqa şəhidlərimizi unutmayacaq”

“Xalqımız nə səni, nə də başqa şəhidlərimizi unutmayacaq”


Azadlıq, müstəqillik hər bir xalq, hər bir millət üçün böyük nemətdir. Bütün xalqlar ona qovuşmağı özlərinin əzəli və əbədi arzusu hesab edir, bu yolda qətiyyətlə çarpışırlar. Qədim və şərəfli tarixə malik Azərbaycan xalqı da öz azadlıq və istiqlaliyyəti uğrunda əsrlərlə mübarizə aparmış, bu yolda minlərlə oğul və qızını qurban vermişdir. Azərbaycanı ucaldan, onu şöhrətləndirən də vüqarlı oğulları, yenilməz qızlarıdır. Onlar gənc nəsil üçün igidlik, vətənpərvərlik nümunəsidirlər.
İnsanın vətənpərvərlik hissinə malik olması onun ən ali əxlaqi-mənəvi keyfiyyətləri sırasında birincilərdən hesab olunur. Çünki vətənpərvərlik doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda mübarizə aparmaq, faydalı olmaq, onu qorumaq kimi keyfiyyətləri özündə birləşdirir. Təsadüfi deyil ki, Vətən dara düşəndə insanlar onun azadlığı, xilası naminə qüvvələrini səfərbər edirlər. Mənfur qonşularımız gözəl yurdumuza göz dikəndə də belə oldu: Xalqımız bir yumruq kimi birləşərək bütün qüvvəsini torpaqlarımızın azad olunmasına yönəltdi. Qarabağ müharibəsində iyirmi mindən artıq şəhid verdik. Bu şəhidlər Azərbaycanın qüruru, şərəfi sayılır, onların heç biri yaddan çıxmır, unudulmur. Çünki bu savaşda şəhidlik zirvəsinə ucalanlar müqəddəs bir amal uğrunda-Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçiblər. Belə insanları nə vətən, nə də xalq unuda bilməz.
Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılan faciələrdən biri də qanlı yanvar faciəsidir.
20 Yanvar, qanlı tarix... İllər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. 20 Yanvar, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir.
1990-cı ildə sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq üçün hazırlanmışdı. Onun milli oyanışını, ermənilərin ərazilərimizə qarşı iddiasının qarşısını almaq uğrunda aparılan mübarizəyə əngəl törətmək məqsədini daşıyan mənfur planın tərkib hissəsi idi. Lakin xalqımız bu mənfur planın, məkirli hiylələrin qarşısında geri çəkilmədi. Əksinə, mübarizə əzmi daha da artdı. Düzdür, biz həmin günü yalnız kədər, hüzn, matəm kimi qeyd edir, şəhidlərimizin ruhunu ağrı-acı ilə anırıq. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində ümumxalq hüzn günü ilə yanaşı, həm də xalqımızın şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet qoşunlarının qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ Silahlı Qüvvələrinin Bakıya və respublikamızın bir neçə rayonuna hərbi təcüvüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş şəhidlərimizdən biri də Rahim Babayevdir.
Rahim Babayev 1970-ci il dekabrın 1-də Ordubad şəhərində anadan olub. 1976-cı ildə şəhərin 1 saylı orta məktəbinə gedən Rahim 1986-cı ildə bu məktəbi əla qiymətlərlə bitirib. Qeyd edək ki, hazırda bu məktəb Rahim Babayevin adını daşıyır.
O, elə həmin tədris ilində Neft Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) energetika fakültəsinə daxil olub. Ali məktəbdə də yaxşı oxuyan Rahim fəal ictimaiyyətçi kimi tanınmışdı. O, ali məktəbdə fakültə həmkarlar təşkilatının sədri idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya təcavüzünə etiraz edənlər arasında Rahim Babayev də var idi. Həmin gecə başından güllə yarası alan vətənpərvər gənc şəhid olub. Rahim Babayev 1990-cı il yanvarın 27-də Şəhidlər xiyabanında dəfn edilib. Vətənpərvər eloğlumuz 1991-ci ildə "Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülüb. O, 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi” Fəxri adı ilə təltif edilib.

"Bu, bizim son görüşümüz oldu”
Şəhid olarkən institutun üçüncü kursunda oxuyurdu... 20 Yanvar faciəsi başqa vətən övladları kimi, Rahimi də şəhidlik zirvəsinə ucaltdı. Vaxtsız ölüm onun həyatı kimi, arzularını da yarımçıq qoydu...
Tələbə olarkən tez-tez evə məktub yazarmış. Valideynlərinin ona görə narahat olmamaları üçün. Ali məktəbə qəbul olduqdan sonra kiçik qardaşı Şahinlə birgə Bakıda qalırdılar. Şahin qardaşı ilə sonuncu görüşünü belə xatırlayır:
"Ölümündən bir neçə gün əvvəl evə göndərdiyi məktubda yazmışdı ki, qış tətili müddətində Bakıda təcrübə keçəcək və ona görə rayona gedə bilməyəcək. Dostlarına da bildirmişdi ki, Qarabağa getməyə hazırlaşır. Yanvarın 17-də bir neçə dostu ilə qan qrupunu müəyyənləşdirmək üçün gedib qan da vermişdi. Deyirdi ki, hər şey ola bilər. Amma ürəyində olanları, düşündüklərini bizdən gizlədirdi. Bakıda vəziyyətin kəskinləşməsi, hamı kimi Rahimi də həyəcanlandırmışdı. Artıq neçə gecə idi ki, şəhərin giriş yollarında gecələyən dost-tanışlarından ayrılmırdı. Hər dəfə evə gələndə mənə öyüd-nəsihətlər verirdi, möhkəm olmağı tapşırırdı. O qanlı gecədə də belə oldu. Gecə saat birin yarısı idi. Atəş səsləri lap aydın eşidilirdi. Əvvəl qulaqlarımıza inanmadıq. Çaşqın-çaşqın bir-birimizə baxdıq. Rahim mənə dedi ki, yəqin, yalandan camaatı qorutmaq üçün atırlar. Doğrusu, inanmadım. Bayıra çıxmaq istəyəndə Rahim qoymadı. "Şahin, sən qal evdə, mən getməliyəm. Heç yerə çıxma, hava soyuqdur, xəstələnərsən”, - dedi. Bu, bizim son görüşümüz oldu...”.

"Rahimin qonaqlarını pis qarşılasam, ruhu inciyər məndən”
Yaqut xanım həyat yoldaşı Vaqif müəllimlə birgə bütün ömrünü övladları Rahim, Şahin və Ruhiyyənin böyüyüb boya-başa çatmasına həsr edib.
Övladlarının uğurunu görəndə evdəkilərin sevinc, qürur hissləri qəlblərinə sığışmayıb. Rahim ali məktəbə daxil olanda valideynlərin sevincinin həddi-hüdudu yox idi. "Mən səni Bakıya oxumağa göndərmişdim, ölməyə yox”, - deyən Yaqut ana hələ də oğlunun yoxluğuna inana bilmir.
Ötən illərin ağrı-acısını qəlbində məğrurluq hissi ilə daşıyan Yaqut xanımla təsadüf nəticəsində rastlaşdıq. Yaqut xanımın mehriban, mülayim çöhrəsi, həddən artıq nəzakətli davranışı ilə elə ilk dəqiqələrdən ürəyimizə yol tapdı. Söhbət əsnasında öyrəndik ki, Yaqut xanım 20 Yanvar hadisələri zamanı ordubadlı yeganə şəhid Rahim Babayevin anasıdır. Oğlu haqqında qəzetimizdə məqalə dərc etmək istəyimizi bildirəndə Yaqut xanım buna çox sevindi. Amma bu sevinc dolu gözlərin dərinliyində hüzünlü kədərin özünə əbədilik yer etdiyi çox aydın sezilirdi. O dəhşətli günləri xatırlayan ananın ürək yanğısını sözlə ifadə etmək mümkün deyil. Oğlu haqqında kiçik bir söhbət belə ona böyük təsəlli, yaşam gücü verirdi. "Rahimin qonaqlarını pis qarşılasam, ruhu inciyər məndən”,-deyən Yaqut xanım oğlu ilə bağlı ən kövrək xatirələrini bizimlə bölüşdü: "Rahim dünyaya göz açanda mənim 20 yaşım var idi. O dünyasını dəyişəndə isə onun 20 yaşı var idi. Rahim mehriban, istiqanlı, həssas, qabiliyyətli, yaşından qat-qat artıq düşünən uşaq idi. Mən işlədiyim üçün ona məktəb yaşınadək anam və bacılarım baxardılar. Zehnli uşaq olduğu üçün məktəbə 6 yaşında getdi. Məktəbi əla qiymətlərlə bitirdi. Orta məktəbi bitirən kimi M. Əzizbəyov adına Neft-Kimya İnstitutunun energetika fakültəsinə qəbul olundu. Kaş o günlər yenidən qayıdaydı. Elə sevinirdi ki, sanki quş kimi qanad açmışdı. Hey deyirdi: "Haqq nazilər, üzülməz”. Həmin il onların məktəbindən ali məktəbə cəmi iki nəfər qəbul olunmuşdu. Rahim ailənin böyük oğlu idi. Mehriban olmasına baxmayaraq, kiçik bacı və qardaşına qarşı çox tələbkar və ciddi idi. Bacısı Ruhiyyəyə deyərdi: "Güləndə Azərbaycan qızının dişi görünməməlidir. Özü də yaxşı oxu ki, sən də savadlı olasan”. Rahim birinci kursu bitirən ili kiçik oğlum Şahin Ə. Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olundu. Bu, Rahimin onsuz da çox olan qayğılarını bir az da artırdı. Yataqxanada yer olmadığından Bakıda ikisinə bir otaq tutduq. Rahim fərəhlənirdi. Bu iki qardaşı amansız ölümdən başqa heç nə ayıra bilməzdi”.

"Çox təmizkar, səliqəli və yaraşıq sevən idi”
- Heç vaxt dediyindən dönən deyildi. Ömrünün ən şirin, qaynar çağlarını yaşayırdı. Son vaxtlar lap gözəlləşmişdi. Hər ay 3 günlüyünə Bakıya gəlir, övladlarımın yaşayışı ilə maraqlanır, evi səliqəyə salırdım. Hər dəfə Bakıya gələndə Rahim deyirdi: "Bu "ezamiyyət”lər anamı lap əldən saldı”. Çox təmizkar, səliqəli və yaraşıq sevən idi. Oğlum olduğu üçün demirəm, amma inanın ki, Allahtəala bu uşaqda elə bil eyib qoymamışdı. Onunla sonuncu görüşüm 1990-cı il dekabrın 26-da oldu. Həyat yoldaşımla birlikdə Bakıya gəlmişdik. Geri qayıdanda, nədənsə, məni üç dəfə qucaqladı. Heç bilmədim nə üçün belə etdi. Sən demə, qabaqda bizi ayrılıq, ölüm gözləyirmiş. Oğluma dedim ki, növbəti dəfə Bakıya yanvarın 26-sı gələcəyəm. Gəldim, ancaq Rahimin dəfni üçün. Yanvar ayı, demək olar ki, hər gün Bakı ilə danışırdıq. Nə isə uşaqlardan bərk narahat idik. Ordubada qatar işləmirdi. Bakıya gəlmək üçün Naxçıvana gətməli və təyyarə ilə Bakıya uçmalı idik. Həmin ərəfələrdə benzin qıtlığı olduğu üçün ancaq ağır xəstəsi və vacib işi olanlar Bakıya gedə bilirdilər. 1990-cı il yanvarın 18-də axşam saat səkkizdə Rahim zəng etdi. Səsi indi də qulağımdadır. Xeyli danışdıq. Bacısına öyüd-nəsihət etdi. Mən ona and verdim ki, Rahim, qurban olum, bir halda ki, imtahanları tez vermisən, çıx gəl. Dedi ki, ana, and içmə. Təcrübəmiz var, bitirib gələrəm. Bir də mənə xeyir-dua ver. Bakıda vəziyyət pisdir. O, sanki məndən halallıq istəyirdi. Yanvarın 19-u Rahimin sonuncu məktubunu aldım. Məktub "Vətən” kəlməsi ilə başlayırdı. Məktubun sonunda "Azərbaycan” yazıb qol çəkmişdi. Sonda belə bir qeyd etmişdi:
Gedir durna qatarı,
O baharda gələcək...
Neçə baharlar oldu, oğlum gəlmədi. Hərdən öz-özümə deyirəm, anan qurban, baharda ana torpaq və onun qoynunda olan nə varsa cana gəlir. Bəs sən niyə mənim yalvarışlarıma, göz yaşlarıma məhəl qoymur, səsimə səs vermirsən? Axı sən Ordubadı çox sevirdin. Oğul, heç məzarın da doğulduğun torpaqda olmadı.

"3 gün müddətində Bakı ilə heç cür əlaqə saxlaya bilmədik”
- Yanvarın 20-si səhər saat 6-da radioda xəbər veriləndə ki, Bakıya qoşun girib, həyat yoldaşım Vaqifin bir anda sanki ürəyi dayandı. Dedi ki, Rahimdən yaman nigaranam. Onu birtəhər sakitləşdirdim. Özümün isə elə bil belim bükülmüşdü. 3 gün müddətində Bakı ilə heç cür əlaqə saxlaya bilmədik. Bütün qohumlarımız Bakıda xəstəxanaları gəzir, oğlumu axtarırdılar. Lakin Rahimdən xəbər çıxmırdı. Ayın 24-ü gecə çətinliklə də olsa, Bakıya-bacımgilə zəng etdik. Bizə dedilər ki, təcili gəlin, Rahim itkin düşüb. Qara günlərimiz başlandı. Düzdür, ayın 20-dən bütün xalqımız matəm içində idi. O vaxt aldığım 49 manat əmək haqqını rayondakı məscidlərə verdim ki, şəhidlərin ehsanına xərclənsin. Daha demədim ki, doğma balam da şəhid olub. Günlər bir-birini əvəz etdikcə səbrimiz tükənirdi. Bütün xəstəxanaları, hətta meyitxanaları axtarsalar da, Rahimdən səs-soraq yox idi. Ayın 25-də Vaqif birtəhər Bakıya uçdu. Balam elə bil atasını gözləyirmiş. Həmin gün Rahim mərkəzi meyitxanadan tapıldı. Ayın 26-da məni Bakıya çağırdılar. Bacım dedi ki, Rahim ağır yaralıdı, səni istəyir. Gəldim...
Oğlumu Ordubada aparıb dəfn etmək cəhdlərimiz boşa çıxdı. Nə qədər göz yaşı töksəm də, heç nə ilə təsəlli tapa bilmirdim. Əzizini itirmiş adama təsəlli məzardır. Mən rayonda, balamın məzarı isə Bakıda...

"Öpdüm, sanki bir maral idi, yatmışdı”
- Rahim mənim ümidim, arzu-muradım idi. İndiyə kimi onun yoxluğuna inana bilmirəm. Qohumlarımız arasında ən çox etibar etdiyim insan baldızımın əri Səlim idi. O, mənə söz verdi ki, Rahimin cənazəsini sənə göstərmədən dəfn etməyəcəyik. Rayona xəbər vermişik ki, balam üçün Ordubad torpağı və gülab gətirsinlər. Anam Rahimi yaralı bildiyindən ona türbət (Məkkə torpağı) və məktub göndərmişdi. Balamın görüşünə gedirdim. Onu həyətdə çadıra qoymuşdular. Kaş kor olaydım, həmin mənzərəni görməyəydim. Öpdüm, sanki bir maral idi, yatmışdı. İstədim son dəfə balamın başını qollarımın üstünə alıb, bağrıma basım. Bu da mənə qismət olmadı. Başını qaldırmaq istədim. Dəli olmaq dərəcəsinə gəlib çatdım. Alnından dəyən güllənin yeri güclə hiss olunsa da, başının arxa tərəfi tamamilə dağılmışdı. Allah bu zülmü necə götürdü, bilmirəm. Axı mən balamı oxumağa göndərmişdim. Qanına qəltan olmağa yox. İlahi, günahsız adamları da belə vəşhicəsinə öldürərlərmi!?
Rahimin qrup yoldaşı Bahəddinin söylədiyinə görə, onlar Salyan kazarmasında olmuşdular. Həmin gecə ikisindən birinin xilas olmaq imkanı var imiş. Rahim Bahəddinin hasardan keçməyinə kömək edib, özü isə həlak olub. O belə qeyrətli oğul idi. Öləndə də xeyirxahlıq edib, dostunu darda qoymayıb. Südüm sənə halal olsun, oğul. Qəbrin nurla dolsun. Qədirbilən xalqımız nə səni, nə də başqa şəhidlərimizi unutmayacaq. Şəhidlərimiz cismən ölsələr də, ruhən bizim yanımızdadırlar.

O, Rahimin cibindən çıxan yarımçıq şerləri də indiyədək saxlayır
Rahimin qəbir daşı üzərində bu sözlər yazılıb:
Mən getdim anam qaldı,
Dərdimə yanan qaldı,
Nə dünyada gün gördüm,
Nə də nişanəm qaldı.
Yaqut xanım onun məzarını ziyarətə gedəndə xayabandakı bütün şəhidlərin məzarına baş çəkir. Fikirləşir ki, yaşından, milliyyətindən asılı olmayaraq, onların hər biri son nəfəslərində "ana” deyə haraylayıblar. Yaqut ana Rahimin cibindən çıxan yarımçıq şerləri də indiyədək saxlayır. Bizə təqdim etdiyi materialların içərisində Rahimin vərəq-vərəq şerlərinə də ayaqüstü nəzər yetiririk. "Elm və həyat” jurnalında, Rafiq Səməndərin "Şəhidlər” kitabında, qəzetlərdə, dərgilərdə Rahimdən ürəkdolusu söz açılıb, ondan danışılıb. Rahimin şer dəftərini vərəqlədikcə, Vətən torpağını alovlu məhəbbətlə sevən eloğlumuzun surəti canlanır gözümüzün qarşısında. Anası deyir, bilmirəm bunları göz dağı, yoxsa şəhid yadigarı kimi saxlayım?
Yəqin ki, Rahim bu şerləri sonradan tamamlayacaqdı. Qoymadılar. Bu şerlərə də güllə dəydi. Görəsən, Rahim haradan bilirdi ki, ömrü belə qısa olacaq? Yaşına uyğun olmayan bir uzaqgörənliklə qələmə aldığı "mənim qəbrim yaşıllıqlar içində itmişdir” misraları bəlkə də heç təsadüfən yazılmayıb?

Ömür kitabını vərəqlədikcə,
Ağlayır gözlərim, tutulur dilim
Deyirəm, dolacaq bir gün bu kitab
Həyatım sönəcək, ömrüm bitəcək.

Bəlkə də ürəyinə dammışdı ki, 19 yaşından 49 gün keçəndən sonra dünyasını dəyişəcək. Amma onun dediyi yalan yox, yanlış oldu: Qəbri yaşıllıqlar içində deyil, al qərənfillər içində itib batdı.

"Yan-yörəmə baxdım, dedim, bəlkə
evə gəlib Rahim?”
Yaqut ana Rahimdən danışmaqdan yorulmur. Danışdıqca ürəyi sakitləşir, sanki bununla təsəlli tapırdı. Xatirələr isə bitmək tükənmək bilmir...
"Rahim yenicə şəhid olmuşdu. Bir gün yuxuda gördüm onu. Deyirdi, ana, üstümün yorğanını götürüblər, mənə soyuq olur. Yuxudan ayılanda əvvəl özümə gələ bilmədim. Yan-yörəmə baxdım, dedim, bəlkə evə gəlib Rahim? Göz yaşlarımı ürəyimə axıtdım. Axı nə qədər ağlamaq olar? Onsuz da atasının ürəyi xəstəliyə düşüb Rahimdən sonra. Qət elədim ki, gedim balamın qəbrini ziyarət edim, yəqin inciyib məndən. Bakıya çatan kimi Şəhidlər xiyabanına yollandım. Gördüm Rahimin adı yazılmış lövhəni götürüblər. Elə qəbirlərin əksəriyyətində belə idi. Dedim yəqin balam bunu demək üçün yuxuma gəlmişdi. Sonra onun institutunun qabağına gedib gözdən uzaq bir yerdə dayandım. Oğrun-oğrun baxdım içəri girib çıxanlara. Tanıdığım dostlarını yoldaşlarını da gödüm. Amma ürəkləri kövrəltmək istəmədim, gizlincə aralandım ordan. Yenə də özümə toxtaqlıq verə-verə kiçik oğlumun yanına qayıtdım”.
Amma nə edəsən ki, adamın ağlına gəlməyən, başına gəlir. Fələyin üzü dönəndə qönçələr açılmamış olur, analar nişan xonçası əvəzinə oğul tabutunu bağrına basmalı olur.
20 Yanvar faciəsi xalqımızın ruhunu qıra bilmədi. Bütün Azərbaycan xalqı qırx gün şəhidlərə matəm saxladı. 20 yanvar günündə, ondan sonrakı günlərdə də heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!” sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik...
Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Hər gün burada yüzlərlə insan görmək mümkündür. Ölkəmizə gələn xarici qonaqlar da Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər.
Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!
Burada uyuyanlar Azərbaycan xalqının azadlığı naminə canlarından keçənlərdir. İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Bu, bizim şəhidlər qarşısında müqəddəs borcumuz!
Bu gün vətənimiz Azərbaycanın qəlbindəki Qarabağ dərdi, Qarabağ nisgili ən ağrılı yerimizdir. İndi Azərbaycanın torpaqlarının iyirmi faizi yağı düşmənin tapdağı altındadır. Qarabağ kimi dilbər guşə düşmən tapdağı altında olduğu bir halda biz heç vaxt özümüzü rahat hiss edə bilmərik. Buna bizim mənəvi haqqımız da yoxdur. Biz mütləq Qarabağ torpağını qaytaracağıq. Əlbəttə ki, ən böyük arzumuz odur ki, ulu Tanrı ölümlə üz-üzə qalan, torpaqlarının azadlığı uğrunda ədalətli savaşa qatılan igidlərimizə qalibiyyət nəsib etsin. Bu qələbə mütləq olacaq. Biz neçə-neçə qeyrətli, vətənpərvər igidlərimizin ruhunu şad etməli, onların qanını yerdə qoymamalıyıq.

Aysel Sultanova

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.