Tarixi mənbələr, maddi mədəniyyət və incəsənt abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri olub. Həmçinin ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanələri də dövlət rəmzlərini ifadə edib. Məsələn, Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdu. Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı. Ayrı-ayrı dövrlərdə qeydə alınan bu emblemlər müxtəlif olmasına baxmayaraq, mahiyyət etibarı ilə eyni funksiyaları daşımışlar. Ümumilikdə isə, hər bir atribut məxsus olduğu dövlətin xarakterini, milli adət-ənənələrini əks etdirmişdir. Qeyd etdiyimiz bu kimi funksiyalar özünü müasir çalarları ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərində göstərməkdədir. Dövlət rəmzləri dövlətin rəsmi fərqləndirici əlamətlər sayılır və onlar bir çox dövlətlərin konstitusiyasında öz əksini tapmışdır. Məhz demokratik, hüquqi respublika olan Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit olunmuşdur: "Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”.
Müasir dövrdə daha da təkmilləşdirilən milli atributlarımız bir sıra funksiyalar daşıyır. Dövlət rəmzləri Azərbaycan Respublikasını beynəlxalq hüququn subyekti kimi beynəlxalq təşkilatlarda fərqləndirir və tanıdır. Eyni zamanda, dövlətimizin beynəlxalq aləmə inteqrasiyasının əsas strategiyasını özündə ehtiva edir.
Ümummilli liderimiz Heydər Əliyev dövlət rəmzləri ilə bağlı demişdir: "Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir...”.
Dövlətimiz vətənpərvərlik tərbiyəsində vasitəçi kimi çıxış edir
Vətən dedikdə, torpaq, dövlət, din, dövlət dili, milli adət-ənənələr, xalq və s. mütərəqqi dəyərləri birləşdirən sosial ünsür başa düşülür.
Vətənpərvərlik qeyd olunan bu mütərəqqi dəyərlərə sevgidə, hörmətdə və ehtiram edilməsində özünü göstərir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki, bu hissləri də müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə yönəltmək lazımdır. Tərbiyə vasitələrdən biri də dövlət rəmzlərinin təbliğidir, onun məna və məzmununun düzgün izah edilməsidir.
Dövlət rəmzləri xalqımızın müqəddəs predmetləri kimi özündə xalqa məxsus olan ən ali dəyərlərin simvollarını daşıyır. Bu ali dəyərlər hansılardır?
Bayraq sözü müasir anlamda dövlətçilik termini olaraq, dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirir.
Bəs Azərbaycanın dövlət bayrağındakı simvolların məna və funksiyası nədən ibarətdir?
Bu gün müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini ifadə edən "Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Milli bayrağımızdakı rənglərin ifadə etdiyi türkçülük, müasirlik və islamlıq anlayışlarının tarixi kontekstdə ifadə etdiyi məzmun və əhatə etdiyi məsələləri uşaqlara dərindən izah edilməlidir:
Türklük dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:
Azərbaycanlıların qədim və zəngin mədəniyyətə, ulu keçmişə malik olan türk dünyasının bir hissəsi, türk soylu, türk əsilli, türk mənşəli bir millət olduğunu xalqa anlatmaq, zorla unutdurulmuş qan yaddaşının bərpasına çalışmaq.
Yeri gəlmişkən deməliyik ki, mavi (göy) rəng qədim türklərdə mövcud olmuş dini inancla bağlıdır. Qədim türklər Tanrıya (Allaha) "Göy Tanrı” deyə müraciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng həm də Tanrının simvolu idi. Heç təsadüfi deyil ki, tarixdə türk adı ilə yaranmış ilk dövlətin - Göytürk dövlətinin (VI-VIII əsrlər) adında da "göy” sözü yer alır və həmin dövlətin bayrağı da göy rəngdə idi.
Mavi rəng qədim türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmişdir.
Müasirləşmək heç də Azərbaycan, türk-islam, Şərq sivilizasiyasından, mədəniyyətindən əl çəkmək, onu inkar etmək və Qərb mədəniyyətini kor-koranə qəbul etmək demək deyil. Müasirləşmək, əslində Avropanın elm, texnika və mədəniyyətinin ən yeni nailiyyətlərini dərindən mənimsəməklə milli mədəniyyətimizi yaşatmağı, inkişaf etdirməyi, ümumbəşəri dəyərlərdən yararlanmağı nəzərdə tutur.
Deməli, Azərbaycan milli bayrağındakı qırmızı zolaq məna və funksiya baxımından milli azadlıq və istiqlalı, sivil, dünyəvi, demokratik dövlətçilik prinsiplərini əsas tutan müasirliyi, çağdaşlığı ifadə edir.
Dövlət bayrağımızdakı azərbaycanlıların etiqat etdiyi islam dininə məxsus ümumbəşəri mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasını, islami dəyərlərə üstünlük verilməsini nəzərdə tuturdu.
Səkkizguşəli ulduza gəldikdə, bu simvolun da tarixi çox qədimlərlə, əski inamlarla, mifik görüşlərlə bağlıdır. Səkkizguşəli ulduz təsviri ay və günəşin simvolu olub, biri gecəni, digəri gündüzü təcəssüm etdirir.
Beləliklə, Azərbaycan bayrağında əks olunan simvolların təhlili göstərir ki, mavi rəng - türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng islamlığı, aypara və səkkizguşəli ulduz isə qədim inamlara bağlı olub, Ay və Günəşi bildirməyə xidmət edir.
Azərbaycan Respublikasının Dövlət gerbində olan qalxan - azərbaycanlıların şərq xalqlarından biri, Azərbaycanın isə Şərq dövləti kimi özünü müdafiə qüdrətinə malik olduğunu, qalxanın üzərindəki dairəvi üç rəng milli bayrağımızdakı simvolları əks etdirir. Səkkizguşəli ulduz - əbədiyyət rəmzi olan Günəşi, alov - "Odlar yurdu”nu, palıd budaqları - milli hərbi qüdrətimizi, sünbül - Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətini, günəşin ağ rəngdə olması isə Azərbaycan dövlətinin sülhsevərliyini, xalqımızın sülh, barış, əmin-amanlıq tərəfdarı olduğunu bildirməyə xidmət edir.
Himnin bir dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Türk mifoloji düşüncəsinə, dövlətçilik ənənəsinə görə, bayraq və təbil ("əsgəri musiqi”) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindən sayılırdı. Müasir himni əvəz edən təbil ("əsgəri musiqi”) müəyyən günlərdə və yerlərdə yalnız hökmdarın icazəsi, qərarı ilə çalınırdı. Çox maraqlıdır ki, dövlət musiqisi-təbil çalınarkən, hamının onu ayaqüstə dinləməsi bir qanun idi.
Bu nümunələr göstərir ki, dövlət himninin mənşəyi və tarixi təkamülünün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz olub. XX əsrin əvvəllərindən etibarən himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib.
Təəssüflə qeyd etməliyik ki, müstəqilliyimizin ilk illərində dövlət rəmzlərinin cəmiyyətimizdə, dövlətçiliyimizdə tutduğu yer və mövqe, məna və funksiyası Azərbaycan cəmiyyətinə, ölkə vətəndaşlarına dəyərincə izah olunmamışdı. Həmçinin xalqımızda dövlət rəmzlərinə sevgi, məhəbbət, hörmət və ehtiram hisslərinin aşılanması, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik tərbiyəsi sahəsində sistemli iş aparılmamışdır. İlk dəfə olaraq ümummilli liderimiz tərəfindən irəli sürülərək, əsaslandırılan "Azərbaycan vətəndaşlarında dövlət rəmzlərinə olan məhəbbət eyni zamanda vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olmalıdır” konseptual prinsipi dövlət rəmzlərinə etiramla yanaşılmasına zəmin yaratdı.
Azərbaycanın dövlət müstəqilliyi atributlarının vətəndaş cəmiyyətinin formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində rolunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 1998-ci il martın 13-də "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı.
Atributların mahiyyətinin təbliği mühüm amildir
Dövlət atributlarının məzmun və mahiyyəti uşaqlara aşılanmalıdır. Bu sahədə aparılan iş əsasən ailədən başlanmalı və tədrislə, təhsillə davam etdirilməlidir. Vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Qeyd edək ki, təbii xüsusiyyətinə görə xalqımız vətənpərvərdir. Tədrisin, tərbiyənin bu sahədə böyük əhəmiyyəti vardır. Çünki müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi, təhsili bu günki təhsil sistemində təlim-tərbiyə işini necə qurmağımızdan, milli müstəqilliyimizin atributlarına dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından çox asılıdır. Ona görə ki, milli müstəqillik rəmzlərinə hörmət əslində Vətənimizə, millətimizə, xalqımıza, Azərbaycanımıza ehtiram deməkdir.
Bu gün Azərbaycan milli təhsilinin qarşısında duran başlıca vəzifələrdən biri gəncliyin Azərbaycanın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət, ehtiram ruhunda tərbiyə edilməsi yolu ilə vətəndaş cəmiyyətinin formalaşmasına, Azərbaycanın müstəqilliyinin keşiyində ayıq-sayıq dayanan vətənpərvər gəncliyimizin yetişdirilməsinə nail olmaqdan ibarətdir. Milli müstəqilliyin, azadlığın müqəddəs atributlarına - bayrağa, gerbə, himnə münasibət əslində hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının dövlətimizə, millətimizə, dövlətçiliyimizə olan münasibətini əks etdirir.
Qeyd edək ki, təbliğat işi təkcə təlim-tərbiyə, təhsillə kifayətlənmir. Bu sahədə kütləvi informasiya vasitələri də geniş miqyaslı maarifləndirmə işi aparır. Televiziya kanallarında dövlət atributlarına, onların məna və məzmununa, tarixi inkişafına dair silsilə verilişlər hazırlanması ən böyük təbliğatdır.
Müasir Azərbaycan gənclərinə dövlət rəmzlərinin təbliği ilə bağlı müxtəlif xarakterli problemlərin olmasına baxmayaraq, gənc nəslin əksər hissəsində Azərbaycanın dövlət rəmzlərinə hörmət, sevgi, məhəbbət və ehtiram hissi formalaşmışdır. Bu, daxili siyasətimizin böyük uğurlarındandır. Çünki, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir.
Bayrağımız adi bir parça deyil
Dövlət rəmzlərinə hörmət etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs bir borcudur. Rəmzlər bir dövlətin var olmasını bildirən amillərdir. Dövlət bayrağımız adi bir parça deyil. Bayrağa tarix boyunca həmişə xüsusi önəm verilmişdir. Bayrağın döyüşdə itirilməsi böyük məğlubiyyət hesab edilir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci ilin 9 noyabrında qəbul edilmişdir. Bu bayraq bir millətin bütün keçmişini özündə əks etdirir. Üzərindən 70 illik sovet imperializminin dalğası keçməsinə baxmayaraq, bayrağımız unudulmadı. Hazırda başımızın üzərində dalğalanan bu üçrəngli bayraq xalqımızın qürur mənbəyidir.
Bütün bu sadalananlar Dövlət himninə də aiddir. Bu möhtəşəm musiqini eşidəndə insanda bir ruh yüksəlişi yaşanır.
Dalğalanmasını fəxr hissi ilə seyr etdiyimiz bayrağımız ilk olaraq Azərbaycanın zəngin tarixinin şanlı dönəmlərindən olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edildi. 1991-ci ildə müstəqilliyimizi elan etdikdən sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı oldu. Türk mənşəli olduğumuzu bayrağımızın mavi rəngində, müasir cəmiyyət quracağımızı, demokratiyanı inkişaf etdirəcəyimizi bayrağımızın qırmızı rəngində, islam sivilizasiyasına mənsub olduğumuzu yaşıl rəngdə təsdiqlədik.
Müstəqilliyimizin rəmzlərindən biri gerbimizdir. Dövlət gerbimiz palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üzərində Azərbaycan Respublikasının dövlət bayrağının rəngləri fonunda səkkizgüşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Tarixi ədalətin bərpasında Azərbaycan gəncliyinin əvəzsiz rolu oldu. Dünyanın hər yerində bayrağımızı fəxrlə dalğalandırmaq, himnimizi səsələndirmək gənclərin də öhdəsinə düşür.
Bu baxımdan Azərbaycan Respublikasının gənclərə göstərdiyi qayğını göz önündə tutaraq gəncliyin nə qədər dəyərli olduğunu anlaya bilərik.
Gənclər hərb sənətinə böyük maraq göstərirlər
Gənclərin problemlərinin həlli istiqamətində əsas addım kimi maarrifləndirici proqramların həyata keçirilməsi olduqca vacibdir. Əgər gənclərin milli-dövlətçilik dəyərlərinə gələcəkdə sahib çıxmasını istəyiriksə bunu, ilk növbədə, təməlini möhkəmləndirməliyik. Möhkəm zəmin üzərində qurulmuş gələcəyi silkələmək və titrətmək isə mümkün deyil.
Hazırda təhsil almış gənclərin dövlət rəmzləri haqqında bilgilərini qənaətbəxş qiymətləndirmək olar. Gəncləri maraqlandıran məsələlərdən biri də dövlət haqqında yetəri məlumata sahib olmaqdır. Hamı cəmiyyətdə öz sosial məsuliyyətini dərk edərsə, bizi maraqlandıran problemlərə də son qoymuş olarıq.
Müstəqillik, azadlıq insana xas xüsusiyyətlərdir. Biz azərbaycanlıların azadlığına, müstəqilliyinə göz dikdilər. Lakin azadlığa meylli xalqımız öz müstəqilliyinin bərpasına nail oldu və müstəqilliyinin rəmzlərini qəbul etdi. Ölkəmizdə gənclərin vətənpərvər ruhda formalaşması, onların orduya hazırlığı da xüsusi nəzarət altındadır. Bu məqsədlə, hər il müxtəlif səpkili layihələr, proqramlar hazırlanır və həyata keçirilir. Respublikamızın orta təhsil müəssisələrində şagirdlər arasında keçirilən hərbi idman oyunları dediklərimizə bariz nümunədir. Bu oyunlar gənc nəslin fiziki hazırlığının yüksəlməsində, hərb sənətinə maraq və meyllərinin artmasında mühüm rol oynayır. Bölgələrdə bu sahədə görülən işlər olduqca ürəkaçandır. Bölgə gənclərinin sorağı mötəbər yarışlardan qalib kimi gəlir. Məktəblərin hərbi hazırlıq müəllimlərinin böyük əməyinin sayəsində hərbi idman oyunlarına həvəs göstərən uşaqların sayı ilbəil artır. Bölgə məktəbliləri zona birinciliklərində uğurla çıxış etməyə çalışırlar. Bu mərhələdə qalib olanlar növbəti mərhələdə - respublika final mərhələsində iştirak etmək hüququ qazanırlar. Sevindiricidir ki, hərbi idman oyunlarında təkcə oğlanlar deyil, qızlardan ibarət komandalar da güclərini sınayırlar. Onlar bütün bölgələri əhatə edən "Mahir nişançı” respublika atıcılıq turnirində də uğurla yarışırlar. Bu, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin, hərbi sahəyə marağın və sevginin artdığının göstəricisidir. Təsadüfi deyil ki, hazırda hərbi liseylərə və ali hərbi məktəblərə daxil olmağa can atan bölgə gənclərinin sayı ildən-ilə çoxalır. Bu gənclərlə söhbət insanda iftixar hissi yaradır.
Respublikamız müstəqillik yolunda inamla addımlayır
Azərbaycan bu gün dünyanın ən aparıcı dövlətləri ilə eyni sırada dayanmaq iqtidarındadır. Buna ölkəmizin son 20 ildə nail olduğu iqtisadi və siyasi güc, qazandığı beynəlxalq nüfuz imkan verir. Əlbəttə ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan, dövlət atributlarımıza hörmətlə yanaşan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Vətənin taleyinin təhlükə altında olduğu bir zamanda xalqın məhz belələrinə - vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Sevinirik ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılır.
Heç kimdə şübhə doğurmur ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətəni hər yerdə layiqincə təmsil etməkdir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, cəmiyyətin ən vacib vəzifələrindən biridir.
Ölkəmizdə qəhrəmanlıq estafeti ümidverici gəncliyin əlindədir. Onu da nəzərə alaq ki, bu gənclik torpaqlarının 20 faizdən artığının işğal altında olduğu bir ölkənin vətəndaşlarıdır. Azərbaycan gəncliyi hər şeyə hazırdır. Gənclərimiz orduya hazırlıq prosesində hərbin incəliklərini dərindən öyrənirlər. Bütün bunlar isə göstərir ki, ordumuzun əsas hissəsini təşkil edən gənclərimiz torpaqlarımızın işğaldan azad edilməsində müstəsna rol oynayacaqlar.
Gənclərin mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqları nəslin yetişdirilməsi həmişə dövlətimizin diqqət mərkəzində olub.
Qürurla deyə bilərik ki, indi Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə çalışan gənc nəslin nümayəndələrinin özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya bəyan etməsi belə deməyə əsas verir.
Bir sözlə, ölkəmizdə gənclərə, onların hərtərəfli inkişafına göstərilən dövlət qayğısı ürəkaçandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğur qazanmış gəncləri və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi, daha çox onları dinləməyə üstünlük verməsi də bunun bariz nümunəsidir. Həmin görüşlərdə ölkə başçısının söylədiyi nitqdə Azərbaycan gəncliyinin qarşısında duran vacib məsələlərlə yanaşı, onların gücünə, potensialına, intellektinə olan inam da əks olunur. Belə görüşlərin birində Respublika Prezidenti demişdir: "Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Biz çalışırıq öz işimizlə ölkəmizi elə inkişaf etdirək ki, hər bir vətəndaş haqlı olaraq fəxr etsin ki, müstəqil Azərbaycanın vətəndaşıdır”.
Bu sözlərdə gəncliyin qarşısında duran öhdəliklə yanaşı, gəncliyin öhdəliyi, bu nəslin məsuliyyəti və vəzifəsi də öz ifadəsini tapır. Bu vəzifə isə ulularımızın bizə əmanəti olan Azərbaycanı daha xoşbəxt gələcəyə qovuşdurmaq, onun ən böyük sərvəti olan müstəqilliyini göz bəbəyi kimi qorumaq, əbədiliyini təmin etməkdir. Sevinirik ki, Azərbaycanın gənc nəsli dövlətimizin müstəqilliyini təcəssüm etdirən atributlarımıza hörmətlə yanaşmaqla, müstəqilliyimizin keşikçiləri olduqlarını sübut edirlər.
İnanırıq ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi etimadı, xalqa tükənməz məhəbbətləri, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə bəxş edəcəkləri layiqli töhfələrlə doğruldacaqlar.
Anar Əhmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.