Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək sahəsində məktəblər xüsusi rol oynayırlar. Təhsil ocaqları ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın ənənələri, vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini, həmçinin xalqımızın əxlaqına zidd təzahürlərə qarşı qətiyyətli mübarizə inkişaf etdirməlidir.
Gənc nəslin əxlaq tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik tərbiyəsi mənəviyyat tərbiyəsinin ayrılmaz hissəsidir. Şagirdləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək vacibdir. Onlara sülh və azadlıq ordusu olan Azərbaycan ordusuna məhəbbət aşılamaq, vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər dəqiqə hazır olmaq əzmini qüvvətləndirmək və s. hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissələrindən biridir. Məktəblərdə ona nail olmaq lazımdır ki, hər bir gənc doğma ana vətənin müdafiəsi naminə, onu çətinliklər gözləsə də, əlindən gələni əsirgəməsin, onu şərəfli hərbi xidmət, Azərbaycan ordusunun həyatı, qəhrəmanlığı və s. maraqlandırsın. Məhz buna görə də hazırkı şəraitdə hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilmişdir.
Məktəblərin pedaqoji kollektivlərinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması heç də təsadüfi deyildir. Məlumdur ki, hərbi-vətənpərvərlik tərbiyəsi bir məqsədə - gəncləri vətənimizin fəal müdafiəsinə hazırlamaq məqsədinə xidmət etməlidir. Buna görə də Azərbaycan dövləti xalqını, onun gənc nəslini həmişə sayıq olmağa, vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməyə, onun müdafiə bacarığını artırmağa çağırır.
Orta məktəblərin təhsil sistemi çağırış yaşı hələ çatmamış gənclərə ibtidai hərbi hazırlıq keçilməsini, onların fiziki cəhətdən möhkəmliyini təmin etməyi, onları orduda xidmətə hazırlamağı tələb edir. Bu cəhətdən də indiki şəraitdə çağırışa qədərki məktəbli gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədə nail olmaq üçün məktəb və ailə uşaqlarda vətənə, xalqa, məhəbbət tərbiyə etməli, onlarda vətən qarşısında şərəf və borc hissini qüvvətləndirməlidir.
Son dövrlər qabaqcıl məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət xeyli artırılıb. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsullar meydana çıxarıb. Bir çox məktəblərdə "Döyüş şöhrəti” muzeyləri, guşələr yaradılır, məktəblərdə fəaliyyət göstərən dərnəklərdə Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanların xatirələrini əbədiləşdirmək üçün geniş işlər aparılır. Məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması təmin edilir. Bu sahədə məktəblərimizdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir.
Pedaqoji kollektiv hərbi-vətənpərvərlik tərbiyəsinin bu forma və üsullarından istifadə etməklə ona nail olmağa çalışır ki, şagirdlərdə vətənə məhəbbət hissi daha da qüvvətlənsin, həqiqi vətənpərvərliyin məzmununu onlar düzgün dərk edə bilsin, vətəni müdafiə etməyi, onun şərəfini qorumağı özünün xalq qarşısında şərəfli vəzifəsi hesab etsin. Uşaqlara izah etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri əsl mənada xalqın özüdür, gənclərin minlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən sarsılmaz qüvvədir. Ona görə də bütün xalq öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir. Xalqın alovlu məhəbbəti, hörməti və qayğısı isə əsgərlərin qəlbini oxşayır, onları ruhlandırır. Qəhrəmanların həyatı, qəhrəmanlıqları haqqında söhbətlər məktəblilərdə vətənə məhəbbət, dəyanət, qəhrəmanlıq, möhkəm yoldaşlıq, dostluq, sədaqət və başqa nəcib xüsusiyyətləri tərbiyə etməyə kömək edir. Həyatda hər şeydən əziz olan ana vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifədir. Şagirdlərə məhz bu amillər izah olunmalıdır.
Azərbaycan ordusu və xalqının Qarabağ müharibəsində düşmən təhlükəsinə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqların, igidliklərin öyrənilməsi məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir. Hərbi-vətənpərvərlik tərbiyəsini təkcə təlim prosesində aparılan işlərlə məhdudlaşdırmaq olmaz. Bu işdə sinifdən və məktəbdənkənar tərbiyə işlərinin müxtəlif formalarından, yol və vasitələrindən istifadə etmək lazımdır.
Azərbaycan Silahlı Qüvvələrinin şanlı qəhrəmanlıq tarixi ilə tanışlıq gənclər üçün zəruri olan cəsurluq və şücaət, mərdlik, xalqa və vətənə sədaqət kimi keyfiyyətlər tərbiyə edir. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin bütün sistemi gənclərin qəlbində yaşlı nəslin keçmiş ənənələrinə yüksək inam və sədaqət hissini alovlandırmalı, hər bir oğlan və qız dərindən hiss etməlidir ki, o, öz babalarının, atalarının və böyük qardaşlarının dönməz davamçısıdır. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin əsas məzmununu məhz bu prinsip təşkil edir. Tərbiyə işinin bu mühüm sahəsi məktəblilərin əsgəri hissələrlə dostluq əlaqələrindən, onlarla görüşlərdən, mövsümi sərgilərin təşkilindən qaynaqlanır. Hazırda hərbi-vətənpərvərlik tərbiyəsi bütün pedaqoji kollektivlərin, ictimai təşkilatların müntəzəm məşğul olduğu bir sahəyə çevrilib.
Nümunəvi məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin metodik cəhətdən düzgün təşkili qonşu məktəblər üçün nümunə ola bilər. Xüsusilə də, nümunəvi məktəblərdə yaradılan "Döyüş şöhrəti” muzeyinin işi, keçirilən hərbi-idman oyunları, milli qəhrəmanlarla təşkil edilən görüşlər hərbi-vətənpərvərlik tərbiyəsini xeyli qüvvətləndirib. Belə muzey məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsi üzrə sinifdənxaric işlərin ən yaxşı təşkilinə də gözəl nümunədir. Qarabağ müharibəsində həlak olmuş döyüşçülərin həyatının öyrənilməsi sahəsindəki təşəbbüs də təqdirəlayiq haldır. Bütün bunlar məktəblilərdə vətən sevgisini artırır.
Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində sinifdənxaric və məktəbdənkənar işlərin forma və üsulları müxtəlif və rəngarəng olur. Məsələn, Azərbaycan ordusunun yaradılması günü, 9 May - Qələbə Günü və s. tarixi günlərə hazırlıq görülməsi və təntənəli surətdə qeyd edilməsi, hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyların təşkili, Qarabağ müharibəsinin veteranları və Azərbaycan ordusunun döyüşçüləri ilə görüşlərin keçirilməsi gənc nəslin milli şüurunun inkişafına öz təsirini göstərir. Hərbi-vətənpərvərlik mövzularında aparılan söhbətlər, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, şəkilli albomlar, fotosərgilər, fotoalbomlar təşkil etmək və s. gənc nəslin milli şüurunun təşəkkül tapmasına təsir göstərən vasitələrdir. Məktəblərdə bu vasitələrin hər birindən müntəzəm istifadə olunur ki, bunlar da şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsinə səbəb olur.
Yuxarıda qeyd etdiyimiz kimi, sinifdənxaric və məktəbdənkənar tədbirlər sistemində qəhrəmanların abidələrinə, tarixi döyüş yerlərinə, hərbi hissələrə ekskursiyaların hərbi-vətənpərvərlik tərbiyəsində rolu böyükdür. Bunu nəzərə alaraq, şagirdləri mütəmadi şəkildə milli qəhrəmanların abidələrinə ekskursiyaya aparmaq çox vacibdir. Belə abidələrin önündə qəhrəmanlar haqqında söhbətlər aparılır, abidənin üzərinə əklillər qoyulur. Bu, gənc nəslin yaddaşında dərin iz buraxır.
Şagirdlərdə hərbi-vətənpərvərlik hisslərinin
artırılması üçün sinifdənxaric oxu gözəl vasitədir
Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə məktəbdə həyata keçirilən sinifdənxaric və məktəbdənkənar tədbirlərin necə təsir bağışladığını yoxlamaq üçün inşa yazı işlərinin hazırlanması, bu mövzuda müzakirələrin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Şagirdlər (VIII-X sinif şagirdləri) müəllim tərəfindən onlara ünvanlanan sualları cavablandıraraq hərbi-vətənpərvərliklə bağlı biliklərini nümayiş etdirirlər. Onlara aşağıdakı suallara yazılı cavab verməyi tapşırmaq olar:
1. Sən hərbi-vətənpərvərliyi necə başa düşürsən?
2. Sənin ən sevdiyin döyüşçü-qəhrəman kimdir?
3. Əgər sən əsgər libası geysən, özünü hansı qəhrəmana bənzədərdin?
4. Sənin arzun nədir?
5. Azərbaycan ordusundan bəhs edən hansı əsərləri oxumusan?
6. Hansı qəhrəmanların həyatı səni daha çox maraqlandırır?
7. Vətənpərvərliyə aid hansı atalar sözləri və bayatıları bilirsən?
Şagirdlərdə hərbi-vətənpərvərlik hisslərinin tərbiyəsi üçün sinifdənxaric oxu da gözəl vasitədir. Bu, şagirdlərin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə edilməsinə çox kömək edir.
Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsi, ayrı-ayrı ümumtəhsil fənlərinin tədrisi prosesində, mövzuların xarakterindən asılı olaraq həyata keçirilir. Qədim dünya tarixi, orta əsrlər tarixi və Azərbaycan tarixi dərsliklərində bütün mövzular öz məzmunu etibarı ilə hərbi-vətənpərvərlik tərbiyəsi üçün geniş imkan yaradır. Tarix dərslərində şagirdlər dünya tarixi, böyük və qüdrətli xalqımızın həyat, mübarizə və qəhrəmanlıq tarixi ilə tanış olurlar; yenilməz iradə və mətin xarakterə malik tarixi şəxsiyyətlərin nümunəsi onları həyəcanlandırır, onlarda bu tarixi simalara məhəbbət və rəğbət hissi oyadır. Şagirdlər xalqımızın azadlıq uğrunda düşmənlərinə qarşı apardığı mübarizələrdə göstərdiyi misilsiz qəhrəmanlıqlarla tanış olur, igidlərimizlə qurur duyur, onları özlərinə örnək sayırlar. Ölkəmizdə dövlət quruculuğu uğrunda mübarizədə misilsiz mərdlik və rəşadət göstərən qəhrəmanların nümunəsi də müsbət tərbiyəvi əhəmiyyətə malikdir. Tarix fənni şagirdlərdə xarakterin möhkəmlənməsinə səbəbə olur, cəsarət, igidlik, mərdlik, çətinliklərdən qorxmamaq və başqa bu kimi gözəl iradi keyfiyyətlərin yetişməsinə faydalı təsir göstərir. Şübhəsiz ki, başqa fənlərin də hərbi-vətənpərvərlik tərbiyəsi ilə əlaqəsindən danışmaq mümkündür. Həm sinifdənxaric və məktəbdənkənar tədbirlər, həm də fənlərin tədrisi prosesində şagirdləri hərbi-vətənpərvərlik və qəhrəmanlıq nümunələri əsasında tərbiyə edən müəllimlər şagirdlərə izah edirlər ki, bütün mübarizə və qəhrəmanlıq gələcək həyatın gözəlliyi, xoşbəxt yaşamaq və vətənin azadlığı üçündür. Şagirdlər bilməlidirlər ki, Azərbaycan tarixən qəhrəmanlar yurdudur, bu yurdun gələcəyi bizim xoşbəxt gənclərimizdir.
Məktəbin qarşısında bir tərəfdən, mübarizələrlə dolu qəhrəmanlıq yolu keçmiş Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, Qarabağ müharibəsində göstərilən qəhrəmanlıqları lazımi səviyyədə işıqlandıraraq gənclərdə Azərbaycan ordusuna məhəbbət tərbiyə etmək vəzifəsi durur. Bu, öz ifadəsini gənclərə vətənimizin müdafiəsi üçün lazım olan bir sıra hərbi bacarıq və vərdişləri aşılamaq, onları vətənin müdafiəsinə hazırlamaq vəzifəsində tapır.
Bu gün məktəblərimizdə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi üçün bir sıra tədbirlər həyata keçirilir: şagirdlər döyüşçülərlə, onların həyatı və hərbi hazırlıqları ilə tanış olur, birlikdə hərbi mövzuda kinofilmlərə, teatr tamaşalarına baxır, sərgi salonlarında olur, ədəbi-bədii əsərlərin və hərbi sahə ilə bağlı məsələlərin müzakirəsində iştirak edirlər. Eləcə də yuxarı siniflərdə təhsil alan məktəblilər çağırışqabağı ilk hərbi hazırlıq keçirlər. Bu işdə şagirdlərə yaşlı nəslin keçdiyi həyat yolu da nümunədir. Ümummilli lider Heydər Əliyev "Fəal həyat mövqeyinin formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri” üzrə keçirilən elmi-praktiki konfransda demişdir: "Yaşlı nəsillərin əsgəri rəşadəti, xalqımızın döyüş ənənələri böyük mənəvi təsir qüvvəsinə malikdir. Vəzifəmiz mənəvi tərbiyə ilə hərbi-vətənpərvərlik tərbiyəsini əlaqələndirərək, döyüşçülərimizin sayıqlığının, mənəvi və ideya mətinliyinin, var qüvvələrini vətənin müdafiəsinə vermək əzminin artmasına kömək etməkdən ibarətdir”.
Müasir ordular güclü texniki qurğularla silahlandırılıblar. Yeni döyüş texnikasını isə ancaq yüksək dərəcədə hazırlıqlı adamlar idarə edə bilərlər. Bununla əlaqədar indi tərbiyə işində başlıca məsələ bir tərəfdən gənclərə vətənə məhəbbət hissləri təlqin etmək, digər tərəfdən, vətənimizin müdafiəsi naminə onlara hərbi texnikanı idarə edə bilmələri üçün bilik, bacarıq və vərdişlər aşılamaqdan ibarətdir. Hərbi-vətənpərvərlik tərbiyəsi vətənpərvərlik tərbiyəsi əsasında formalaşır. O, gəncləri Azərbaycan Silahlı Qüvvələri sırasında xidmətə hazırlamağa, müasir hərbi texnikanı mükəmməl bilməyə və onu asanlıqla öyrənməyə xidmət edir. Hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq həm də hərbi texnikanın mürəkkəbliyi ilə bağlıdır. Dövlətimizin hərbi qüdrəti durmadan inkişaf edir, silahlar və döyüş texnikası getdikcə təkmilləşir. Məsələn, raketə qoşulan kilometrlərlə uzunluqda olan naqillər əsəb sisteminin şaxələndirilməsinə bənzəyir. Hər hansı bir naqilin qırılması və ya düzgün qoşulmaması raketin buraxılmasını ya ləngidir, ya da onun idarə olunamasına mane olar. Bu misal göstərir ki, gələcəkdə raket qoşunları sırasında xidmət edəcək əsgər çağırışçı ikən onu mükəmməl öyrənməlidir. Bu sahədə isə ağırlıq, qeyd etdiyimiz kimi, orta ümumtəhsil məktəblərinin üzərinə düşür. Məktəb əsasən bunu təlim fənlərinin tədrisi, sinifdən və məktəbdənkənar tədbirlərin vasitəsilə ödəyir. İndi elə bir məktəb yoxdur ki, orada hərbi bacarıq və vərdişlər aşılayacaq bir neçə hərbi dərnək fəaliyyət göstərməsin. Məktəbli gənclərin həmin dərnəklərə kollektiv cəlb olunmalarının nəticəsidir ki, onlar hərbi xidmətə yola salınarkən bu və ya digər hərbi peşələrə yiyələnmiş olurlar. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə yiyələnmələrində məktəbin, müəllimlərin böyük rola malik olduğu danılmazdır. Müəllimlərin başlıca məqsədlərindən biri hazırlığı az olan yeniyetmələri hərbi-vətənpərvərlik ruhunda böyütmək, onları gənc mübarizlər kimi tərbiyə edib yetişdirməkdir. Hər bir məktəbli gənc cəld və qoçaq, bədəncə möhkəm, kifayət qədər hərbi hazırlığa malik olmalıdır, nə uğrunda mübarizə apardığımızı bilməklə bərabər, vətənimiz uğrunda qəhrəmanlıqla vuruşmağı da bacarmalıdır.
Hərbi oyunlarda iştirak edən gənclər üçün hər cür
şərait yaradılıb
Hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı mütəxəssis rəyləri çoxdur. Bu rəylər hərbi-vətənpərvərlik tərbiyəsinin nəzəriyyəsi və təcrübəsinə əsaslanır. Mütəxəssislər bu sahədə bütöv bir sistem yaradıblar. Bu sistem gənclərin tərbiyə işində çox böyük əhəmiyyət daşıyır. Müvəffəqiyyətlə həyata keçirilən bu sistemin orduya hazırlaşan gənclərin hərbin sirlərinə və qanunlarına uyğunlaşmasında çox böyük faydası var. Məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsində mütəxəssislərin diqqəti daha çox hərbi-idman oyunlarına yönəldilir. Qeyd etməliyik ki, gənc üçün yaradılan sistemin əsasını məhz hərbi oyunlar təşkil edir. Mütəxəssislər köhnə pedaqoji metodları bir kənara ataraq, uşaqlara gümrahlıq və çeviklik qazandıran hərbi oyunlara üstünlük verirlər. Bu isə, müasir dövrümüzdə vacib əhəmiyyət daşıyır. Hərbi oyunları keçirmək bu gün ona görə asandır ki, gənclərin bu oyunlarda iştirakı üçün hər cür şərait var. Məktəblərdə təşkil olunan müxtəlif tədbirlərdə onlar silahla davranmağı öyrənir, hərbi biliklərə dərindən yiyələnirlər. Bu isə hərbi idman oyunlarında şagirdlərin köməyinə çatır. Sözsüz ki, hərbi həyatın öz qayda-qanunları var: ciddi intizam, komandirin əmrinə sözsüz tabe olmaq, əsgəri anda sadiq qalmaq, hərbi rejimi və səliqəliliyi gözləmək və s. Bütün bunları hər bir əsgər özündə tərbiyə etməli, yaşatmalıdır. Hərbi həyatdan götürülmüş təcrübələr bir daha sübut edir ki, bunları hələ məktəbli olarkən öyrənənlər hərbi xidmətdə çətinlik çəkmirlər. Məhz bu məlum pedaqoji gercəkliyə istinad edən tədqiqatçılar vətənin azadlığı uğrunda aparılan mübarizə əzmkarlığını, hərbi döyüş üçün biliklərə yiyələnməyin zəruriliyin, vətən təhlükədə olarkən bütün gücünü onun azadlığına, müdafiəsinə sərf etməyin vacibliyini qeyd edirlər. Gənclərin hərbi hazırlığına yüksək qiymət verilir. Hərbi hazırlıq olmadan müharibələrdə qələbə qazanmaq mümkün deyil. Məlumdur ki, müharibə çox ağır bir sınaqdır. Bu sınaqdan yalnız iradəli, dözümlü, qorxmaz, cəsur, eyni zamanda, döyüş qaydalarını, silahlardan düzgün istifadə etməyi bacaranlar çıxa bilirlər. Məhz buna görə də məktəbliləri hərbi idman oyunlarına daha çox cəlb etmək lazımdır. Çünki onlar bu oyunlarda müharibə qaydalarını öyrənir, düşmənlə döyüşdən qalib ayrılmağa məhz bu oyunlarda nail olurlar.
Mütəxəssislərin fikrincə, məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsinin məzmununun dəqiqləşdirilməsinə mühüm ehtiyac vardır və onun ödənilməsindən ötrü bir neçə tələbə əməl etmək lazım gəlir. Əvvəla, həmin tədbirlər ancaq vətənpərvərlik tərbiyəsinə yönəldilməlidir. İkincisi, bu, gənclərin əxlaqi tərbiyəsində prinsip kimi önə çəkilməlidir. Bu zaman şagirdlərin yaş həddi də nəzərə alınmalıdır. Tədqiqatçıların fikrincə, bu sahədə həyata keçirilən tədbirlər bir-birindən rəngarəngliyi ilə seçilməlidir. Belə olduqda şagirdlərlə keçirilən tədbirlər onların hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərər.
Rahib Səmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.