Hərbi idman oyunları gənclərin vətənpərvərlik tərbiyəsində təsirli vasitələrdən biri hesab edilir

Hərbi idman oyunları gənclərin vətənpərvərlik tərbiyəsində təsirli vasitələrdən biri hesab edilir

Bədən tərbiyəsi və idmanın qarşısında təkcə idman rekordçuları yetişdirmək deyil, bütün insanları əməyə və vətənin müdafiəsinə hazırlamaq, onlarda mətin iradə, mərdlik, çeviklik və intizam, kollektivçilik kimi qiymətli mənəvi keyfiyyətlər tərbiyə etmək vəzifəsi də qoyulub. Bu cür mənəvi keyfiyyətlərə sahib olan və belə bir ruhda tərbiyə edilən adam həmişə qarşısına qoyduğu vəzifələr uğrunda mübarizədə bütün çətinliklərə mətanətlə sinə gərərək ona nail olur. Gənc nəslin məhz belə bir ruhda tərbiyə etməkdə sadə uşaq oyunlarnın da rolu böyükdür. Oyun uşaqların həyatına gümrahlıq və sevinc gətirməklə bərabər, onların şəxsiyyətinin inkişafına da müsbət təsir göstərir.

Uşaq oyunun gedişində öz istədiyi kimi deyil, ancaq tələb olunan formada hərəkət etməli, bir sıra çətinliklərlə üzləşməli olur. Belə hallar tez-tez təkrar edildikdə uşaqlarda iradə möhkəmlənir və onlar sonradan həyatda rastlaşdıqları çətinliklərin əziyyətinə mərdliklə dözürlər. Gənclərdə mətinlik iradə tərbiyə etməkdə düşünülərək seçilmiş və düzgün təşkil edilmiş hərbi oyunlar böyük əhəmiyyətə malikdir. Gənclərin yaş və fiziki güclərinə müvafiq keçirilən oyunlar onların iradələrini səfərbərliyə alır və qələbə əldə etmək üçün onlarda inam yaradır. Hərbi idman oyunlarının romantikası gəncləri oyun vaxtı meydana çıxan çətinliklərə sinə gərməyə sövq edir. Onlar oyunda işlədilən "tüfəng”, "qumbara”, "əleyhqaz”, "şaq-şaq”, bayraqcıqlar, morze əlifbası, siqnalizasiya, rabitə cihazları, sanitar çantası, durbin və s. vasitələrə böyük maraq göstərirlər. İştirakçılarda qələbə əhval-ruhiyyəsi oyadan bu vasitələr oyunun bütün çətinliklərinə dözməyə və qoyulmuş qaydaları yerinə yetirməyə sövq edir.
Uşağı çətinliklərə öyrətmədən ondan möhkəmlik gözləmək olmaz. İradi keyfiyyətlər içərisində məqsəd aydınlığı, çətinliklərdən qorxmadan məqsədə nail olmaq əzmi, işdə ardıcıllıq və xüsusən bələdçilik hissi əsas yer tutur. Bunların içərisində bələdçilik hissi daha mühüm pedaqoji əhəmiyyət kəsb edir. Bələdçilik - insanın öz ətrafında dəyişən şərti hiss etməsi və ona müvafiq fəaliyyət göstərməsi deməkdir. Bu heç də adamın "cildini dəyişərək” şəraitə uyğunlaşması kimi başa düşülməməlidir. Bu o deməkdir ki, uşaq harada və nə kimi şəraitdə olduğunu dərk etsin və buna müvafiq olaraq,düzgün hərəkət edə bilsin. Mütəxəssislər hesab edirlər ki, uşaq erkən yaşlarda ətraf mühitə tez bir zamanda bələdləşməyə və buna müvafiq hərəkət etməyə alışdırılmalıdır. Bunun üçün uşağı fəallığa və lazımsız hərəkət etməməyə (tormozlanma) alışdırmaq vacibdir. Tədqiqatçılar sübut ediblər ki, əsəb fəaliyyətinin əsasını iki proses-fəallıq və tormozlanma təşkil edir. Bu iki proses həmişə qarşılıqlı surətdə əlaqədə olur. Orqanizmin hərəkəti sinir sistemində fəallıq yaradır. Eləcə də, sinir sistemində tormozlanma prosesinin baş verməsi fəallığın dayandırılması (tormozlanma) ilə bağlıdır. Kiçik və orta yaşlı gənclərdə əsasən fəallıq üstünlük təşkil edir. Uşaqlar böyüdükcə, tənqidi təfəkkürün inkişafı ilə əlaqədar olaraq, onlarda lazım olmayan hərəkətlərin qarşısını almaq üçün əzimkarlıq güclənir. Bir qədər dəqiq desək, uşaq yaşa dolduqca onda tormozlanma prosesi üstünlük təşkil edir. Bu, həmin yaşda olan uşağın iradəsini tərbiyə etmək üçün orqanizmin təbii hazırlığını göstərir. Beləliklə, yadda saxlamaq lazım gəlir ki, uşağın iradəsini tərbiyə etmək üçün onun şəraitə uyğunlaşması gücləndirilməklə yanaşı, tormozlandırma prosesini təmin etdirməyə də diqqət artırılmalıdır. Bunun üçün pusquda durmaq, kəşfiyyata çıxarkən səssizliyi gözləmək, susuzluğa dözmək, əziyyətə və çətinliklərə qatlaşmaq elementləri olan hərbi idman oyunlarına daha geniş yer vermək lazımdır. Çünki bütün bunlar orduda lazım olan vasitələrdir. Hərbi xidmətə hazırlaşan gənclərin bu cür hazırlığı onları vətənpərvər ruhda tərbiyə etməklə yanaşı, həm də orduya hazırlayır.
Vətənpərvərliklə bağlı aparılan söhbətlər də çox vacibdir. Söhbət zamanı gənclərin cavablarının nə dərəcədə düzgün olduğunu yoxlamaq üçün sinif rəhbəri və valideynlər daha diqqətli olmalıdırlar. Gənclərin bununla bağlı hazırladıqları sual-cavab testləri də onların hazırlıqlarının hansı vəziyyətdə olduğunu əks etdirir. Bu yazıların əsasında iradəsiz uşaqlar aşkara çıxarılır və onlar bir hərbi idman oyununun dəstəsində birləşdirilirlər. Məlum olub ki, dəstə təşkil olunan vaxt bəzi səbirsizliklər, yersiz danışıqlar, sırada sakit dayana bilməmək halları özünü göstərib. Müşahidə olunan həmin çatışmazlıqları hərbi oyun vasitəsi ilə tərgitdirmək mümkündür. Bunun üçün dəstə üzüvləri ilə "minanı tap”, "istehkamçılar keçiddə”, "sanitarlar”, "bağlı marşrut” oyunlarını keçirmək xüsusi əhəmiyyət daşıyır. Oyun prosesində gənclər iradənin möhkəmlənməsinə kömək edən müəyyən çətin vəziyyətlərə salınır.
Həmin dəstənin üzvlərinə izah edilir ki, sırada sakit dayanmaq lazımdır və hər kəs bu şərtə əməl etməsə bir addım arxaya çıxaraq oyunu tərk etməlidir (bu zaman dəstə bir xal itirirdi);
Mühüm iradi çətinliklər (səngər qazmaq, əleyhqazı geyinib yarım saat dayanmaq, masqalanmaq, hədəfin altından sürünərək keçmək) tələb edən hərəkətləri keyfiyyətli, düzgün icra etməli. Əks təqdirdə iş rəhbər tərəfindən qəbul olunmur və dəstə xal itirərək bu hərəkətin üzərində işləyir;
Qarşıya çıxan çətinliklərə səbrlə, təmkinlə, darıxmadan qalib gəlməyə çalışmalı; Hər kəs məsul olduğu iş barədə komandirə raport verməli, bu vaxt uzunçuluğa yol verməməli, vaxta qənaət edərək, görülmüş iş barədə konkret danışmalı.
Adətən gənclər oyunun ilk vaxtlarında (fevral ayında) bu tələblərə alışa bilmirlər: əvvəlki kimi sakit olmur, səbirsizlik edir, bununla da oyunun şərtini pozurlar. Oyunların bir çox gənclərdə iradi zəifliklərin aradan qaldırılması özünü göstərir. Artıq onlar tapşırılan işdə səbirli və təmkinli olmağa, ancaq lazım gələn vaxt danışmağa adət edirlər. May ayı təşkil olunan oyunun nəticələrini müəyyənləşdirmək məqsədi ilə sinif müəllimləri ilə müsahibə keçirilir. Söhbətdən məlum olur ki, "iradəcə zəif” adlanan 22 nəfər gəncdən 19-u iradəsindəki qusuru gözəçarpacaq dərəcədə ləğv edə bilib.
May ayının sonunda yenidən dəstə üzvlərinə "hərbi oyunlar sənə necə təsir etdi?” sualı ilə müraciət edilib. Gənclər bu suala yazılı cavablar veriblər. Onların əksəriyyətinin cavabı təxminən bu cür olub: "Hərbi oyun mənim çox xoşuma gəldi. Bu oyun vasitəsilə həm orduda qulluq etməyi, həm də dözümlü olmağı öyrəndim. Hərbi oyunlarda "sanitarlar” daha çox xoşuma gəldi. Bu oyun mənə yoldaşa kömək etməyin, onu dardan qutarmağın əsil mərdlik işi olduğunu öyrətdi.
Hərbi oyunlar mənə çox böyük təsir etdi. Xüsusilə sakit otura bilməməyimi, tələskənlik etməyimi tərgitdim, dözümlü və təmkinli olmağa alışdım”. Uşaqların çoxu yazılı cavablarında bu oyunların onlara göstərdiyi təsirlərdən və iradələrində olan nöqsanların sağalmasından bəhs ediblər.
Böyük rus pedoqoqu A.S. Makarenko da məktəblilərin intizamlı olmasında hərbi idman oyunlarının rolunu yüksək qiymətləndirib. Onun rəhbərlik etdiyi uşaq müəssisələrində bu hərbi intizam tədbirlərində bayrağa hörmət, bayraq yanında keşik çəkmək, nümayişlərə orkestrin marşı altında nizami sıra ilə getmək təlqin olunurdu. Makarenko deyirdi: "Əvvələr mən uşaqlarla bədən tərbiyəsi və hərbi məşqlər aparırdım. Mən heç vaxt bədən tərbiyəçisi olmamışdım. Ancaq hərbi işlərdən xəbərim var idi. Fikirləşmədən və heç bir pedoqoji tərəddüdə yol vermədən uşaqlarla bütün bu faydalı işlər üzrə məşğələlər (hərbi idman oyunları) keçməyə başladım. Hər şeydən əvvəl mənim diqqətimi səliqəli hərbi geyimin bağışladığı təsir cəlb etdi. Uşaqların siması tamamilə dəyişdi. Onlar boylu-buxunlu və qıvraq görünməyə çalışır, daha divarlara və stola söykənmir, sakit, sərbəst dayanmağı öyrənirdilər. Hərbi paltar geyən uşaqların yerişləri də möhkəm və yüngül oldu, başlarını dik tutdular, əllərini ciblərinə soxmaq adətlərini tərgitdilər. Etiraf edim ki, hərbi idman oyunlarına bu cür maraq göstərməyimin səbəbini özüm də bilmirəm. Yəqin ki, mənə məlum olmayan pedoqoji instinkt nəticəsində, birdən-birə hərbi məşğələlərə əhəmiyyət verməyə başladım. Qışda bizim dəstəmiz çox maraqlı və mürəkkəb "əməliyyatlar” hazırladı. Ayrı-ayrı obyektlərə, daxmalara və anbarlara çox qəşəng və metodik cəhətdən düzgün "hücumlar” edirdik. Hücumları süngü döyüşləri ilə tamalayırdıq. Bu məşğələlər uşaqların çox xoşuna gəlirdi. Onlarda vətənpərvərlik hissləri yaranırdı. Beləliklə də, sonralar fəaliyyətimizin əsas hissələrindən biri olan hərbi oyunların təməli qoyuldu”.
İradə tərbiyəsində hərbi idman oyunlarının rolundan danışarkən onu da qeyd etməliyik ki, uşaq bir və ya bir neçə dəfə bu oyunda iştirak etməklə özündə hiss etdiyi iradi zəifliyini ləğv edə bilmir. Bunun üçün müəyyən vaxt ərzində həmin təmrinləri dönə-dönə icra etdirmək lazımdır. Tədqiqatçılar qeyd edirlər ki, mətinlik, savad, yüz dəfə sınaqdan keçirib, yüz dəfə islah etmək və necə olursa-olsun məqsədə çatmaq əzmi, qətiyyət və bacarığı birdən-birə yaranmır. Bu illərlə vaxt aparan bir prosesdir.
Bunlar hərbi idman oyunlarının gedişində qarşıya daha çox çıxır. Məsələn, "Bayraq yüksəkliyə” oyununda şagirdlərin qarşısınada belə vəzifələr qoyulur:
a) bayrağı "düşmən”dən qorumaq;
b) "düşməni” görərkən cəld hərəkət edib, təşəbbüskarlıq göstərərək vəziyyətdən ani çıxış yolu tapmaq;
c) "düşməndən” az "əsgər” itirmək. Bunun üçün yoldaşlarının köməyinə gələrək onları dardan qurtarmaq.
d) çətin vəziyyətə mərdliklə dözmək və "düşmənə” heç bir sirr verməmək;
e) əvvəlcədən şərtləşmiş yerə birinci olaraq çatmaq və hamıdan qabaq dəstənin bayrağını qaldırmaq.
Göründüyü kimi, hərbi idman oyunlarında iradi gərginlik çoxistiqamətli olur. Bu isə oyunçularda iradənin yetkinləşməsinə daha qüvvətli təsir bağışlayır. Mütəxəssislərin fikrincə iradənin ən yetkin və inkişaf etmiş pilləsi mərdlikdir. Mərdlik cəsarətin, dözümlülüyün, inadkarlığın, qətiyyətin, bir növ, birləşməsidir, onların qaynağıdır. Mərd böyümüş adam özünün vətən qarşısındakı vəzifəsinə sadiq qalır, bu vəzifənin icrasında heç bir təhlükədən çəkinmədən və qorxuya yol vermədən inamla irəliləyir. Mərdlik özünü ayrı-ayrı cəsarətli hərəkətlərdə göstərir. Cəsarət birdəfəlik akt kimi sonralar cəsarət olaraq qala da bilər və yaxud insanın xarakter əlamətinə keçib mərdliyə də çevrilər. Əgər cəsarət vəzifə hissi, vətəndaşlıq borcu və vətənpərvərlik rəşadəti ilə təşəkkül taparsa, bu vaxt o yüksək ictimai-əxlaqi məzmuna malik olan mərdliyin ifadəsi olar.


Əsas məqsəd məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir

Düzdür, uşaq və yeniyetmələrdə mərdlik hələ xarakterin sabit keyfiyyəti kimi müəyyənləşmir. Lakin onun ünsürləri, tez-tez ifadə olunan cəsurluq, qorxmazlıq bir çox yeniyetmələrdə təşəkkül tapmağa başlayır. Bunu xüsusən Azərbaycan Respublikasının tarixindən, eləcə də Qarabağ müharibəsindən götürülmüş faktlar və həmçinin hazırkı dinc quruculuq illərimizdə şahidi olduğumuz faktlar sübut edir. İndiki gənclərdə mərdlik haqqında yaranmış təsəvvürlər onların həyat təcrübəsi ilə əlaqədar olaraq inkişaf edir. Lakin gözləmək olmaz ki, uşaqlar bir vaxt böyüyəcək və mərdlik barədə düzgün təsəvvürə yiyələnəcəklər. Məqsəd onları məktəb yaşlarından belə ruhda tərbiyə etməkdir. Bu sahədə isə hərbi idman oyunları mühüm əhəmiyyət kəsb edir. Respublikanın bir neçə məktəblərində gəncələrin, sinif müəllimlərinin yaxından köməyi ilə III-IV sinif şagirdlərinə inşa yazdırılaraq onların mərdik barədə anlayışları müəyyənləşdirilib. Bu məktəblərdən birində III-VI siniflərin şagirdlərinə "Mərdlik nədir və siz onu necə başa düşürsünüz?” - mövzusunda inşa yazdırılıb və bundan sonra həmin uşaqlara 7 ay ərzində müxtəlif hərbi idman oyunları keçirilərək bu barədə onların təsəvvürlərini yenidən yoxlanılıb.
Aydın olub ki, gənclərin yaşı artdıqca onların mərdlik barədə təsəvvürləri də genişlənir, hərbi idman oyunları gənclərin mərdlik haqqındakı təsəvvürlərini genişləndirməyə kömək edir. Bu təsir kiçik yaşlı gənclərdə özünü daha qabarıq büruzə verir. Gənclərin fiziki cəhətdən dözümlü olmaları, onların özlərindəki qorxu hisslərinə qalib gəlmələri, cəsarətli hərəkət etmələri mərdlik keyfiyyətlərinin təşəkkülü üçün vacib zəmindir. Bütün bunlara hərbi idman oyunlarında tez-tez rast gəlinir.
Tədqiqatçılar hesab edirlər ki, insanı elə bir şəraitə salmaq lazımdır ki, o, təmkinli olmaqdan, sözü düz və açıq deməkdən, müəyyən bir mərhumiyyətə dözməkdən, səbirli, cəsarətli olmaqdan çəkinməsin və mərdlik göstərə bilsin. "Bunsuz mərd insan tərbiyə etmək olmaz” fikri hərbi idman oyunlarında özünü tamamilə doğruldur. Təcrübə göstərir ki, əgər pedoqoq qəhrəmanlıq hərəkətlərinin baş verdiyi şəraiti şagirdlərə açıb göstərməklə sınaqlara psixi hazırlıq yaradırsa, onda çətinlikləri aradan qaldırmaq, qorxunu boğmaq və hər cür çətinliklərə tab gətirmək üçün lazım olan əməli hazırlığını tərbiyə edir”.
Elə bir hərbi idman oyunu yoxdur ki, onun iştirakçıları dözümlülük göstərməsin, əziyyətlərə dözərək maneələri dəf etməsin. Məhz bu cəhətdən də mərdlik tərbiyəsində məqsəd ardıcıllığı, hərbi vətənpərvərlik hissi böyük rol oynayır. Gənclər oyun zamanı "avtomatın”, "partlayıcı zərfin”, "tankın”, "qumbaraların” qarşısına keçərkən, "od-alov”un içinə gedərkən birinci növbədə, onları özlərinin deyil, kollektivlərinin taleyi, "düşmənin” məhvi düşündürür.
Məsələn, şagirdlər "Körpünü müdafiədə” hərbi oyununu keçirirlər. Oyunun gedişində şagirdlərin biri üzvü olduğu dəstənin qələbəsi naminə özünü irəli atır və "yaralanır”. Tərbiyəçi bu an ona belə bir sınayıcı sualla müraciət edir: "Sən ki, bu təhlükəni görürdün, bəs özünü nə üçün qabağa verdin” O, fikirləşmədən belə cavab verir: "Mən özümdən çox dəstəmizin qələbəsini düşünürdüm. Ona görə də tərəddüd etmədən bu yola getdim”.
Mərdlik tərbiyəsində uşaq və yeniyetmələrin özlərini mərd adamlara oxşatmağa can atmaları da mühümdür. Bir çox məktəblərin hərbi rəhbərləri bunu hərbi oyunlar zamanı tətbiq edirlər. Onlar dəstələrə "Həzi Aslanovun tankçıları”, "Mehdi Hüseynzadənin partizan dəstəsi” və s. adlar verirlər. Bu adlar gəncləri vətənin layiqli müdafiəçisi olmağa sövq edir. Gənclərdə mərdlik nəinki oyunun gedişində, həm də oyundan sonra iştirakçıların hərəkətləri təhlil edilərkən və qiymətləndirilərkən də tərbiyə olunur. Bu baxımdan ayrı-ayrı oyunçuların hərəkətlərini, mərdlik nümunələrini aydınlaşdırmaq və izah etmək çox vacibdir. Deyilənlərdən aydın olur ki, gənclərdə mərdlik keyfiyyətlərinin tərbiyə edilməsi üçün onları hərbi idman oyunlarında mərdlik göstərmək şəraitinə salmaq lazımdır. Hərbi idman oyununun gedişində mərdliyin aşağıdakı kimi proqram tələblərini məsləhət görmək olar: çöldə, meşədə yaşayış yerlərində qaranlıqda tək qalmaq, susuzluğa və azlığa dözmək; qışın sərt soyuğuna və yayın qızmar istisinə tab gətirmək; uçurumdan, sıldırım qayalıqdan, ildırım çaxmasından, göyün guruldamasından qorxmamaq, yanğın, daşqın zamanı onun zərərsizləşdirilməsində iştirak etmək; yaralanan vaxt, qan itirərkən, əzilərkən ağrıya mərdliklə tab gətirmək, həyatı ölüm təhlükəsində onları xilas etməyə hazır olmaq və s.
Qeyd edilməlidir ki, bu tələblərin yerinə yetirilməsi üçün hərbi idman oyunları geniş imkanlara malikdir. Mərdliyin bu proqram tələblərinə gənclərin necə əməl etdiklərini, onların mərdliyini bir sıra sınayıcı tapşırıqlarla yoxlamaq olar. Bu cür sınayıcı tapşırıqların sırasına gecə vaxtı keçirilən hərbi oyunlar; keşikdə dayanmaq, gecə qaranlıqda müəyyən məsafədə qoyulmuş əşyanı götürüb gətirmək və s. daxil edilə bilər.
Onu da qeyd edək ki, bu kimi sınayıcı tapşırıqlar pedaqoqlar tərəfindən tərtib olunan "uşaq necə oynayırsa, gələcəkdə elə işləyəcəkdir” düsturuna əsasən məsləhət görülür. Hazırda respublikamızın qabaqcıl gənc hərbi rəhbərləri diqqətlərini daha çox oyunun bu cür təşkilinə yönləndirirlər. Əksər hərbi müəllimlər, hərbi idman oyunlarının çoxunu gecə qaranlığında keçirir. Bu üsul əsasən gənclərdə mərdlik əlamətlərinin dərinləşməsinə gətirib çıxarır. Qaranlıqda keçirilən "Gecə növbətçisi” hərbi idman oyunu daha maraqlıdır. Oyunun şərtinə əsasən uşaqlar növbə ilə 10 dəqiqə ərzində keşik çəkməli, kəşfiyyata çıxmalı, "təxribatçı dəstənin” xeyli uzaqda qoyduğu planını götürüb gətirməlidirlər. Keşikçilərdən yayınan "təxribatçılar” hay-küy qaldırır, müxtəlif quş səsləri çıxararaq onların yanlarından ötüb keçirlər. Oyun rəhbəri bütün bu vasitələrlə uşaqların nə vəziyyət alacaqlarını, onların sayıqlığını yoxlamağa çalışır. Bütün bunlardan aydın olur ki, hərbi idman oyunlarının məzmununda verilmiş bir sıra çətinliklər, özünü ələ almağı tələb edən amillər gənclərin iradəli və mərd böyümələri üçün əvəzsiz rola malikdir.

Hərbi idman oyunları kollektivçilik və
yoldaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir

Kollektivçilik kollektivin məqsədi uğrunda mübarizə aparmaqda, şəxsin öz istək və arzularını kollektivin mənafeyinə tabe etməsində, kollektivin bütün üzüvlərinə yoldaşlıq köməyi göstərmək səyində ifadə olunur. Kollektivçi kimi tərbiyə olunub böyüyən adam özünü kollektivin ayrılmaz üzvü hesab edir, kollektivin mənafeyinin pozulmasına dözə bilmir və onu həmişə öz şəxsi mənafeyi kimi müdafiə etməyə hazır olur. Belələrinin kollektiv üzvləri ilə münasibəti qarşılıqlı qayğı və kömək, inam və etibar, tələbkarlıq və hörmət hissi ilə müəyyən olunur. Gənc nəslin kollektivçi kimi tərbiyə olunub yetişdirilməsi cəmiyyətin təbiətindən, onun prinsiplərinin həyatiliyindən irəli gəlir. Bu baxımdan, gəncləri kollektivçilik ruhunda tərbiyə edib yetişdirmək bir zərurət kimi meydana çıxır. Bu keyfiyyəti aşılayarkən bir sıra əlverişli vasitələrdən istifadə olunur ki, bunlardan biri də oyunlardır. Tədqiqatçılar kollektivçi nəsil yetişdirmək üçün müəllimlərə oyunlardan geniş istifadə etməyi tövsiyə edərək, uşaq oyunlarını tərbiyəvi cəhətdən düzgün seçməyə çağırırlar. Tədqiqatçıların fikrincə bağçayaşlı uşaqlar çox vaxt tək oynamağı sevirlərsə, 8-12 yaşlı uşaqlar.artıq kollektiv oyunlara can atırlar. Bu mərhələdə uşaq artıq cəmiyyətin bir üzvü kimi çıxış edir, lakin onun cəmiyyəti hələ uşaq cəmiyyəti olaraq qalır.
Oyunların uşağın cəmiyyət üzvü kimi fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Oyunun gedişində kollektiv münasibətlərin bütün cəhətlərdən təzahür etməsində geniş imkanlar yaranır; kollektiv qarşısında duran əsas məsələ ümumi məqsəd uğrunda birgə mübarizə etmək, bu məqsədə çatmaq üçün hər cür əziyyətə qatlaşmaq; kollektivin qərarına tabe olmaq kollektivin müvəkkili kimi, yoldaşına əmr etmək; öz növbəsində müvəkkillərinin sərəncamını yernə yetirmək, kollektivin ümumi işinə mane olan heç bir hərəkət yol verməmək (yoldaşları gözlətməmək, qoyulmuş qaydaları pozmamaq) kollektivin tapşırıqlarına məsuliyyətlə yanaşmaq; öz vəzifəsini yoldaşının üzərinə atmamaq; oyunun gedişində yoldaşa yardım göstərmək və onu dardan qurtarmaq və s. Sadalanan bu əlamətlər hərbi idman oyunlarında daha düzgün şəkildə özünü göstərir. Buna görə də hərbi idman oyunları gənclərin kollektivçilik tərbiyəsində təsirli vasitələrdən biri hesab edilir. Oyunda hər bir gənc öz şəxsi hərəkətini kollektivin digər üzvlərinin hərəkətləri ilə uzlaşdırmaq, oyunun şərtinə əməl etmək zərurəti qarşısında qalaraq yoldaşlarının hüquq və mənafeləri ilə hesablaşmağa məcbur olur. Hərbi idman oyunları prosesində gənclərdə məsuliyyət hissi, ümumi məqsəd uğrunda mübarizə aparmaq, inkişaf edir və kollektivçilik vərdişləri formalaşır. Bu dövrdə uşağın kollektivdəki davranışı üzərində məktəbin və kollektivin nəzarəti də lazımdır.

Azər Əlizadə

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.