Qələbə uğrunda 26 şahmatçı yarışdı

Qələbə uğrunda 26 şahmatçı yarışdı


Hər il aprel ayının ikinci həftəsi şahmat məsələlərinin həlli üzrə Azərbaycan çempionatının keçirilməsi artıq ənənə halını alıb. İlk dəfə 1979-cu ildə keçirilən çempionat bu il sayca 34-cü idi. Şahmat bəstəçiliyi həvəskarları, həllçilər və şahmat bəstəçiləri bu günü böyük həvəslə gözləyirlər. Axı biz şahmat bəstəçilərini yalnız şahmat diaqramının üzərindəki ad və soyadları ilə tanıyırıq. Bu yarışda isə nəinki özünü həlletmədə sınayırsan, həmçinin həmkarlarla yaradıcılıq söhbətləri etmək imkanı yaranır.

Azərbaycan şahmat bəstəçiliyinin böyük ənənələri var. Ölkəmizin şahmat bəstəçiləri dünya bəstəçilik nəzəriyyəsinə 10-dan artıq mövzu bəxş ediblər, həllçilərimiz isə son illər Avropa və dünya çempionatlarında uğurları ilə bizi sevindirirlər. Ancaq, heyflər olsun ki, böyük ənənələri olan bir sıra şəhərlərimizin şahmatçıları artıq bir neçə ildir ki, çempionatda iştirak edə bilmirlər. Bu siyahıda xüsusi ilə Gəncə şəhərinin adını çəkmək istərdik. Səbəb isə ondan ibarətdir ki, Gəncə şahmatçıları həlletmə çempionatına ezam edilmirlər. Qeyd etmək lazımdır ki, ölkəmizin tanınmış şahmat bəstəçisi Salman Cavadzadə və 1-ci Azərbaycan çempionatının iştirakçısı olan Eldar Cabbarov Gəncə şəhərində yaşayırlar. Bütün çətinliklərə baxmayaraq, son anda E.Cabbarovun və 18 yaşlı ölkə çempionu Səbinə İbrahimovanın bu yarışda Gəncəni təmsil edəcəkləri xəbəri bütün iştirakçıları sevindirdi.
Aprelin 13-də Respublika Şahmat Mərkəzində (klubu) 34-cü Azərbaycan çempionatı start götürdü. Qələbə uğrunda 26 şahmatçı mübarizəyə qatıldı. Yarışda dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -80 dəq, yardımlımat-50 dəq, çoxgedişli-80 dəq, əksmat-50 dəq) ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.
Qeyd etmək lazımdır ki, çempionatın məsələləri ölkə şahmat bəstəçilərinin yaxın dostu, serbiyalı məşhur şahmat bəstəçisi və həllçisi, beynəlxalq qrossmeyster Milan Velimirovicin (21.04.1952 - 25. 02. 2013) xatirəsinə və yaradıcılığına həsr olunmuşdu. Təqdim edilən 18 məsələdən 10-u onun əsərləri idi.
Çempionatda əsas mübarizənin həlletmə üzrə ölkə yığma komandasının üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Misrətdin İskəndərov (Sumqayıt) və Zaur Məmmədov (Bakı) arasında gedəcəyi gözlənilirdi. Gərgin mübarizədə qaliblər yalnız sonuncu, 6-cı turdan sonra məlum oldu. 1-ci yeri ilk dəfə olaraq, 18 yaşlı Sumqayıt şahmatçısı Misrətdin İskəndərov 90 mümkün xaldan 78 ( 301 dəq) xal toplayaraq tutdu və 11-ci ölkə çempionu adını qazandı. Üçqat ölkə çempionu Ramil Cavadov 77,5 (306 dəq) xalla 2-ci, 14 qat ölkə çempionu Araz Alməmmədov 73,5 (324 dəq) xalla 3-cü, Azərbaycan çempionu, beynəlxalq usta Zaur Məmmədov isə 64 (309 dəq) xalla 4-cü yeri tutdu. Beynəlxalq usta Bəhruz Rzayev (Bakı) 55,5 (254 dəq) xalla 5-ci, 16 yaşlı Azərbaycan çempionu Murad Nuri (Sumqayıt) isə 41,5 (287 dəq) xalla 6-cı oldular.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, üçgedişli, etüdlər və əksmat - Misrətdin İskəndərov (Sumqayıt); yardımlımat-Araz Alməmmədov və Ramil Cavadov (hər ikisi 11 xal , 50 dəqiqə; çoxgedişli - Araz Alməmmədov.
Qadınlar arasında 1-ci yeri 23 ( 322 dəq) xalla Nərmin Məmmədova (Bakı) tutdu, Səbinə İbrahimova (Gəncə) 22 (337 dəq) xalla 2-ci, Aydan Hüseynzadə (Qəbələ) isə 15,5 ( 259 dəq) xalla 3-cü oldu. Veteranlar arasında ən yaxşı nəticəni Anatoli Piriverdiyev (Bakı) göstərdi.
Çempionatda 11 yaşlı Emin Kazımovun nəticəsini xüsusi qeyd etmək istərdik. Yaşının az olmasına və ilk dəfə həlletmə yarışlarında iştirak etməsinə baxmayaraq, 18 xal toplayan Bakı şahmatçısı bir çox tanınmış həllçiləri geridə qoyaraq 13-cü yeri tutdu.
Komanda hesabında da nəticələr müəyyən edildi. Yeddi komanda arasında Sumqayıt (Misrətdin İskəndərov və Murad Nuri) və Bakı-1 (Zaur Məmmədov və Bəhruz Rzayev) komandaları 119,5 xalla 1-2-ci yeri bölüşdürdü. Daha az vaxt (563 dəq) sərf etdiyinə görə çempion adını Bakı-1, gümüş medalı isə 588 dəqiqə ilə Sumqayıt komandası qazandı. Bürünc medalı 93 xalla İsmayıllı (Ramil Cavadov və Cahangir Niftəliyev), 4-cü yeri 88,5 xalla Qəbələ (Araz Alməmmədov və Aydan Hüseynzadə), 5-ci yeri isə Bakı-2 (Aqşin Məsimov və Anatoli Piriverdiyev) komandası tutdu.
Ölkə çempionatı ilə yanaşı paytaxt çempionatının da nəticələri məlum oldu. Zaur Məmmədov 1-ci, Bəhruz Rzayev 2-ci, Aqşin Məsimov isə 3-cü oldu. Bölmələrdə qaliblər: ikigedişli, etüdlər, çoxgedişli - Bəhruz Rzayev, yardımlımat və əksmat - Zaur Məmmədov, üçgedişli - Aqşin Məsimov.
Qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olundu. Yarışın cədvəli və tapşırıqları ilə http://ulvichess.az saytında tanış ola bilərsiniz.






962. İslam Kazımov (Bakı) 1.Th3! (2.Txf3#). 963. Vilali Şevçenko, İvan Borisenko (Ukrayna) a) 1.Qc7! (2.Vb8#), b) 1.Vxe7! (2.Va3#). 964. Aleksandr Tsaplin (Ukrayna, MFS) 1.Ff6! z.1...g5 2.Vxg5+ Şh7 3.Vg7#, 1...Şh7 2.Vc7+ Şh6 3.Vh2#, 2...Şg8 3.Vg7#. 965. Leonid Makaronez (İsrail) 1.Ac5! (2.Va4+ Şd5 3.Tf5#), 1...dc 2.Va4+ Şd5 3.Td7#, 1...Şd5 3.Te7+ Şd4 3.Te4#, 1...Tb6 2.Va2+ Şb5 3.Va4#, 1...Şb5 2.Va4+ Şb6 3.Ad7#. 
 966. Leonid Makaronez (İsrail) 1.Fb7! Şf3 2.Fc6+ Şg4 3.Ae3#, 1...Şe5 2.Tc6+ Şe4 3.Td6#, 1...Şd3 2.Td6+ Şc4 3.Fa6#, 1...f4 2.Tf4+ Şd3 3.Af2#. 967. Vilali Şevçenko, Leonid Borodatov (Ukrayna) 
1.Şc7! 1...b6 2.Ac6 - 3.Ac8 b5 4.Axb6#, 1...Şa7 2.Ac8+ Şa8 3.Ad5 ~ 4.Adb6#.

İ. Əliyev (Sumqayıt),
beynəlxalq hakim