Dünən gecə "Barselona” və "Espanyol” komandaları arasında İspaniya kuboku uğrunda oyun keçirilib.
"Barselona”nın super ulduzu Leonel Messi komandanın "Espanyol” klubu ilə qarşılaşmasında vurduğu ilk qoldan dərhal sonra əyilərək həmkarı Arda Turanın qulağına nəsə deyib. "Barselona”da ilk formasını geyən türkiyəli futbolçu Messiyə: "Aramızda qalsın, bu, kiçik bir zarafatdır”, - deyə cavab verib.
İspaniya mətbuatı isə argentinalı ulduzun bu qolunu Arda Turana həsr etdiyi barədə yazıb. "Barsa”nın texniki direktoru Luis Enrike Arda Turanın ilk oyunundan çox razı olduğunu söyləyib.
Türkiyəli tanınmış futbolçu matçdan dərhal sonra öz fikirlərini ölkəsinin NTV Spor kanalı ilə bölüşüb: "Təbii ki, həyəcan var, amma çox rahatam. "Uşaqlıqda ən böyük arzum "Qalatasaray” komandasında oynamaq idi. İndi isə "Barselona” kimi məşhur klubun heyətində forma geyinirəm. Matç çox yaxşı keçdi və qələbədən məmnunuq. İlk oyunda qazandığımız üçün özümü əla hiss edirəm. "Barsa”da dünyanın tanınmış futbolçuları oynayır. Qazanmasaq təbii ki, üzülərdim. Messi qoldan sonra qulağıma bəzi sözlər dedi, amma bunları açıqlamaq istəmirəm. Bu, ikimizin arasında olan bir şeydir”.
Arda Turan meydançaya 7 nömrəli formada çıxıb.