Luis Suares qalmaqalsız ötüşə bilmir

Luis Suares qalmaqalsız ötüşə bilmir



Texnikalı oyunu ilə yanaşı, tez-tez xoşagəlməz hərəkətləri ilə də diqqət mərkəzinə düşən "Barselona"nın futbolçusu Luis Suares yeni qalmaqal yaşayıb.
Uuruqvaylı hücumçu İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin "Espanyol"la ilk görüşündə rəqib futbolçularla konfliktdə olub.

İspaniya mətbuatına açıqlama verən matçın baş hakimi Martines Munuera Suaresin "Espanyol"lu futbolçuları insidentə çəkdiyini bildirib.
O, görüşdən sonra tuneldə az qala dava düşəcəyini, lakin digər şəxslərin müdaxiləsi sayəsində bunun baş vermədiyini deyib: "Tuneldə Suares pilləkənlə qalxan "Espanyol"lu futbolçulara "zibillər" deməklə, onlardan birini mübahisə etməyə, məsələni aydınlaşdırmağa çağırdı. Dava-dalaşa imkan verməmək üçün stadionun təhlükəsizlik xidmətinin əməkdaşları dərhal işə qarışdılar. Bundan əlavə, hər iki komandanın məşqçiləri də məsələyə müdaxilə etdilər".

Oyunu izləyən bəzi ispaniyalı jurnalistlər isə Suaresin rəqib futbolçular tərəfindən təzyiqə məruz qaldığını və bu səbəbdən oyundan sonra elə davrandığını bildiriblər.
Qeyd edək ki, "Barselona"nın 4:1 hesablı qələbəsi ilə başa çatan matçda Suares sarı, qonaqların futbolçuları Ernan Peres və Pape Diop isə qırmızı vərəqə ilə cəzalandırılıblar.