"Neftçi” klubu qış fasiləsinə son qoyub. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, yanvarın 5-6-da tibbi müayinədən keçən komanda üzvləri ayın 7-də məşqlərə başlayıblar.
Klubun təlim-məşq bazası, "Bakcell Arena” və Bakı Olimpiya stadionunda təşkil olunacaq təlim-məşq toplanışı müddətində "ağ-qaralar” 3 yoxlama oyunu keçirməyi planlaşdırırlar. "Neftçi”nin yoxlama oyunlarının 14, 19 və 23 yanvar tarixlərində "Bakcell Arena”da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Neftçi” Topaz Premyer Liqasının üçüncü dövrəsindəki ilk oyununu yanvarın 30-da keçirəcək. Əsgər Abdullayevin yetirmələri həmin gün "Sumqayıt” klubunu qəbul edəcəklər.