Baş məşqçimiz reytiqdə irəlilədi

Baş məşqçimiz reytiqdə irəlilədi

"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri sıralamasında 490-cı yerdə qərar tutub. Olimpnews.az-ın "World Coach Ranking”ə istinadən məlumatına görə, ağdamlıların baş məşqçisinin aktivində 1238 reytinq xalı var.

Bu mövsüm ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil etmiş digər klubumuzun - "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə sıralamada 606-cı pillədə qərarlaşıb. Onun reytinqi isə 937 xala bərabərdir.

Qeyd edək ki, "World Coach Ranking” son siyahını 2015-ci il dekabrın 28-də açıqlayıb. Bundan əvvəl açıqlanmış siyahıya görə, Qurbanov bir pillə irəliləyib, Qriqorçuk isə olduğu yerdə qalıb.

Ən yaxşı məşqçilərin sıralamasında ilk pilləni "Barselona”nın baş məşqçisi Luis Enrike (18 896 xal) "özəlləşdirib”. İkincilik Unay Emeriyə ("Sevilya”, 13 198 xal), üçüncü yer isə Pep Qvardiolaya məxsusdur. "Bavariya”lının aktivində 13021 xal var.