Lionel Messi 5-ci dəfə “Qızıl Top” mükafatını qazanıb

Lionel Messi 5-ci dəfə “Qızıl Top” mükafatını qazanıb


FİFA-nın mənzil-qərargahının yerləşdiyi İsveçrənin Sürix şəhərində "Kongresshaus”da keçirilən "FİFA Qızıl Top-2015” mərasimində dünyanın ən yaxşı futbolçusunun adı müəyyənləşib.

Olimpnews.az saytının məlumatına görə, mükafata "Qızıl Top”un dördqat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, "Barselona”nın digər futbolçusu Neymar və üç dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş "Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo namizəd olublar. Səsvermənin nəticələrinə əsasən, 2015-ci ilin ən yaxşı futbolçusu adına Lionel Messi layiq görülüb. Argentinalı bu mükafata beşinci dəfə sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb. Qadın futbolçular arasında isə "Qızıl Top”un sahibi ABŞ yığmasının yarımmüdafiəçisi Carli Lloyd olub.

"Ən yaxşı məşqçi” nominasiyasında seçim Pep Qvardiola (İspaniya), Luis Enrike (İspaniya) və Xorxe Sampaoli (Argentina) arasında aparılıb. "Barselona”nın çalışdırıcısı Luis Enrike dünyanın ən yaxşı kişi baş məşqçisi, ABŞ-ın qadın yığmasına rəhbərlik edən Jill Ellis isə dünyanın ən yaxşı qadın məşqçisi seçilib. Bundan əlavə, Braziliya yığmasının hücumçusu Vendell Liranın qolu 2015-ci ilin ən yaxşı qolu seçilib və "Puşkaş” mükafatına layiq görülüb.

Səsvermədə FİFA-ya üzv olan 207 ölkənin yığma komandaların baş məşqçiləri, kapitanları, eləcə də jurnalistlər iştirak ediblər. Respondentlər birinci yer üçün 5, ikinci yer üçün 3 və üçüncü yer üçün 1 xal verirlər və yekunda ən çox xal toplamış namizəd həmin nominasiya üzrə qalib elan olunur.

Kişilər arasında ilin ən yaxşı futbolçusu: Lionel Messi ("Barselona", Argentina yığması);

Qadınlar arasında ilin ən yaxşı futbolçusu: Karli Lloyd ("Hyuston", ABŞ yığması);

Kişilər arasında ilin ən yaxşı məşqçisi: Luis Enrike ("Barselona");

Qadınlar arasında ilin ən yaxşı məşqçisi: Cil Ellis (ABŞ yığması);

İlin ən yaxşı qolu: Vendell ("Atletiko Qoyanense"), "Qoyanezi"nin qapısına;

İlin simvolik yığması: Manuel Noyer, Tyaqo Silva, Marselo, Dani Alves, Serxio Ramos, Andres İnyesta, Luka Modriç, Pol Poqba, Neymar, Lionel Messi, Kristianu Ronaldo;

"Fair-Play" mükafatı: Cerald Asamoa (Qana əsilli almaniyalı keçmiş futbolçu).