FİFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini ömürlük futbol fəaliyyətindən kənarlaşdırıla bilər.
"Sky Sports” saytının verdiyi xəbərə görə, ali futbol qurumunun Etika Komitəsinin istintaq palatası hər iki məmurun futboldan uzaqlaşdırılması üçün fəaliyyətə keçib. Məsələyə dair münasibət bildirən komitənin mətbuat katibi Andreas Bantelın qeyd edib ki, onlara qarşı sözügedən qərarın çıxarılmasına nail olmaq üçün apelyasiya şikayəti veriləcək.
"FİFA-nın apelyasiya komitəsinə şikayəti təqdim etmək üçün bizim hələ yeddi günümüz var. Biz bu qərarın qəbul edilməsi üçün fikrimizdə qətiyik”, -deyə Andreas Bantelin bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl beynəlxalq futbol qurumunun Etika Komitəsinin arbitraj palatası tərəfindən Blatterlə Platininin səkkiz il futbol fəaliyyətindən məhrum edilməsi haqda qərar qəbul edilmişdi.