FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən uzaqlaşdırılıb. Ali futbol qurumunun rəsmi saytının verdiyi məlumata görə, bu barədə FİFA-nın Fövqəladə Komitəsi qərar qəbul edib.
Qərar dərhal qüvvəyə minib. Artıq Jerom Valke ilə bağlanan əmək müqaviləsi ləğv edilib. Bundan sonra baş katib vəzifəsini Markus Kattner icra edəcək.
Qeyd edək ki, ötən ilin sentyabrında FİFA-dakı rüşvət qalmaqalı ilə əlaqədar Jerom Valke baş katib vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılmışdı. Oktyabrda isə Etika Komitəsinin qərarına əsasən, sonradan 45 gün müddətinə də uzadılmasının mümkünlüyü şərti ilə, baş katibi tutduğu vəzifədən 90 gün müddətinə kənarlaşdırılıb. Yanvarın 7-də isə qurumun Etika Komitəsinin Arbitraj Palatası tərəfindən keçmiş məmura qarşı cinayət işi açılıb.
Yeri gəlmişkən deyək ki, FİFA prezidentliyinə seçkilər yaxınlaşdıqca namizədlər arasında rəqabət də artmaqdadır. Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim Əl-Həlifə sensasiyalı bəyanatla çıxış edib. O bildirib ki, beynəlxalq futbol qurumuna rəhbər seçilərsə, 2018 və 2022-ci illərdə təşkil olunacaq dünya çempionatlarının iştirak ərizələrini yenidən nəzərdən keçirəcək.
Bu açıqlama isə ondan xəbər verir ki, 2018-ci ildə Rusiyada keçirilməsi planlaşdırılan dünya çempionatının baş tutması artıq indidən sual altındadır.
Dünya bukmeykerlərinin proqnozuna görə, şeyx Əl-Həlifə fevralın 26-da keçiriləcək FİFA prezidentliyinə seçkilərdə favorit və başlıca namizəd hesab edilir.