Böyük Britaniyanın "Sky Sports” telekanalının futbol üzrə İngiltərə milli komandasının 1966-cı ildə dünya çempionatındakı qələbəsinin 50 illiyinə həsr olunmuş layihə hazırladığı barədə məlumat vermişdik. Olimpnews.az saytının məlumatına görə, həmin layihə əsasında təqdim olunan veriliş yanvarın 4-də efirdə göstərilib. Kanalın eksperti Ceymi Karrager və aparıcı Ed Cemberlen statistik göstəricilər və kompüter qarfikasının köməyi ilə İngiltərə-Almaniya oyununu analiz ediblər. Verilişdə həmin oyunun iştirakçıları, eləcə də qapıçı Qordon Benks və həmin görüşdə 3 qolun müəllifi olan Cefri Herst ilə müsahibə yayımlanıb.
Telekanalın bu layihəsində ən maraqlı məqam 1966-cı ildə keçirilən dünya çempionatının final görüşündə AFR-in qapısına vurulan topun qapı xəttini keçib-keçməməsi ilə bağlı müzakirələr olub. Videotəkrarların yenidən təhlili sübut edib ki, həmin görüşdə həmyerlimiz, əfsanəvi hakim Tofiq Bəhramov düzgün qərar verib. Ən müasir texnoloji avadanlıqların köməyi ilə araşdırılan mübahisəli məqam İngiltərə yığma komandasının və "Liverpul” klubunun keçmiş üzvü Ceymi Karrager və aparıcı Ed Cemberlen tərəfindən təhlil olunub. Nəhayət, 50 ildən bəri mübahisələr doğuran suala aydınlıq gətirilib: Tofiq Bəhramovun ingilis futbolçusu Ceffri Herstin zərbəsindən sonra topun AFR yığmasının qapısından keçməsi ilə bağlı verdiyi qərar doğru imiş.
Xatırladaq ki, 1966-cı ildə keçirilən dünya çempionatının finalında İngiltərə və AFR yığmaları qarşılaşmışdı. Görüşə əlavə edilmiş 11-ci dəqiqədə vurulan qol, demək olar ki, oyunun taleyini həll etmişdi. Bu qoldan sonra hesab bərabərləşmişdi - 2:2. Qalan vaxtda ingilislər daha iki top vuraraq (4:2), dünya çempionu adına layiq görülmüşdülər.