“Zirə” almanlara məğlub oldu

“Zirə” almanlara məğlub oldu

"Zirə” Türkiyənin Antaliya şəhərində təşkil olunan təlim-məşq toplanışında bu gün ikinci yoxlama oyununda qüvvəsini sınadı. Olimpnews.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komandamız Almaniyanın Regional liqası təmsilçilərindən "Optik”lə qarşılaşdı. Oyundan öncə klubumuz tərəfindən 20 Yanvar faciəsi ilə bağlı kompaniya keçirildi. Üzərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin təsvir olunduğu şəkillər və faciə haqqında yazılı məlumatların yer aldığı kağızlar üç dildə hazırlanaraq, həm Almaniya təmsilçisinə, həm də komandamızın futbolçularına təqdim edildi. Futbolçularımız meydana qara sarğıyla çıxdılar və oyundan öncə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla anıldı.

Oyuna gəlincə, "Zirə” meydana Anar Nəzirov, Sadiq Quliyev, Yovan Krneta, Aleksandr Şemonayev, Tellur Mütəllimov, Dieqo Souza, Vüqar Mustafayev, İqor İvanoviç, Rəşad Abdullayev, Nurlan Novruzov "11-liyi” ilə çıxmışdı.

Qarşılaşmanın əvvəllərindən "qartallar” üstünlüyü ələ aldılar. Təşkil olunan hücumlar zamanı bir neçə dəfə hesabı açmaq imkanı yarandı. Təəssüf ki, hələ hissənin əvvəllərində Dieqo Souza zədələnərək meydanı tərk etdi. Onun yerinə isə Tato oyuna daxil oldu. Qarşılaşmanın ilk yarısında qapılara qol vurulmadı. Oyunun 2-ci hissəsində baş məşqçi Adil Şükürov meydana Kamal Bayramov, Adil Nağıyev, Ruslan Poladov, Nicat Qurbanov, Tərzin Cahangirov və Nelson Bonillanı buraxdı. Fasilədən sonra da üstünlük "Zirə”nin tərəfində idi. Ancaq çox keçməmiş rəqib oyun ərzində yaratdığı yeganə təhlükəli vəziyyətdən istifadə edərək hesabı açdı. Bundan sonra da təşəbbüs "qartallar”da idi. Amma futbolçularımız real qol vəziyyətlərindən yararlana bilmədilər və oyun rəqibin 1-0 hesablı qələbəsi ilə başa çatdı.

"Zirə” toplanış zamanı son oyununu yanvarın 22-də Rumıniyanın "Tırqu-Mureş” klubuna qarşı keçirəcək.