
Buyaxınlarda Bakı şəhər kənd və qəsəbələrin 16 yaşından yuxarı həvəskar futbolçular arasında qış və yaz birinciliyinə start verilib. Olimpnews.az saytının məlumatına görə, AFFA, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda iştirak edir. "Rabotniçki” (Əhmədli), "Gənclik” (Buzovna), "Sabunçu” (Sabunçu), "Atəşgah” (Yeni Suraxanı), "Binə” (Binə), "Ələt” (Ələt), "Qobustan” (Qobustan) və "Balaxanı” (Balaxanı) komandaları çempionluq yarışında güclərini sınayırlar.
Artıq turnirdə bir neçə oyun geridə qalıb. İlk oyun günü "Rabotniçki” evdə "Gənclik” komandasına minimum hesabla məğlub olub - 3:4. "Sabunçu” - "Atəşgah” komandalarının qarşılaşmasında 4 qol vurulsa da, qalib müəyyənləşməyib (2:2).
İkinci oyun günü 1 matçla yadda qalıb. "Gənclik” doğma azarkeşlər önündə "Binə” klubunu sınağa çəkib. Matç meydan sahiblərinin 1:5 hesablı məğlubiyyəti ilə nəticələnib.
Yanvarın 17-də təşkil olunan matçlarda maraqlı nəticələr qeydə alınıb. "Rabotniçki” ilk oyunda olduğu kimi, bu dəfə də məğlub olub. "Ələt” həmin komandanı xalsız qoyub. "Qobustan” və "Sabunçu” klubları isə meydanı qələbə ilə tərk ediblər.
Qeyd edək ki, ev və səfər prinsipi ilə keçirilən yarış 2 dövrədən ibarətdir. Birinci dövrə başa çatdıqdan sonra komandalar istirahət etməyəcəklər. Onlar mərhum futbolçu, "Şöhrət” ordenli Anatoli Banişevskinin 70 illiyinə həsr olunmuş ənənəvi keçici kubok turnirində güclərini sınayacaqlar.
10 yanvar
"Rabotniçki” (Əhmədli) - "Gənclik” (Buzovna) - 3:4
"Sabunçu” (Sabunçu) - "Atəşgah” (Yeni Suraxanı) - 2:2
13 yanvar
"Gənclik” - "Binə” (Binə) - 1:5
17 yanvar
"Ələt” (Ələt) - "Rabotniçki” - 2:1
"Atəşgah” - "Qobustan” (Qobustan) - 0:2
"Sabunçu” - "Balaxanı” (Balaxanı) - 4:0
21 yanvar
"Binə” - "Ələt”
"Sabunçu” - Qobustan
"Balaxanı” - "Atəşgah”