Ronaldonun Dubayda muzeyi açıldı

Ronaldonun Dubayda muzeyi açıldı
"Real”ın və Portuqaliya millisinin hücumçusu Kristianu Ronaldo bu dəfə ilin ən yaxşısı seçilmədi. Olimpnews.az saytının məlumatına görə, amma bu, onun populyarlığına ciddi zərbə vurmur.

Belə ki, bu günlərdə Dubayda nüfuzlu ticarət kompleksinin restoran və butikləri arasında, Fars körfəzinin sahilində açıq səmada portuqaliyalı ulduzun fərdi muzeyi açılıb.

Yanvarın 31-nə kimi fəaliyyət göstərəcək sərgidə Ronaldonun qazandığı titulların və mükafatların orijinal nümunələri nümayiş olunacaq: Sərginin mərkəzi hissəsində forvardın mumdan hazırlanmış fiquru qoyulub. Ziyarətçilər bu fiqurla xatirə şəkilləri çəkdirmək üçün növbəyə düzülür.


Muzeyi idarə edən və Ronaldonun karyerası haqda məlumat verən onun ən yaxın dostu Migel Payşaudur. Muzeyin çıxışında üstündə bəzəkli "CR7” loqotipi olan suvenirlər satılır.

Yeri gəlmişkən deyək ki, "Real” futbol klubunun prezidenti Florentino Peres komandanın lideri olan Ronaldonu satmaq istəyir. Buna səbəb prezident ilə futbolçu arasında yaranan soyuq münasibətdir.

Məlumata görə, Ronaldonun tezliklə komandadan uzaqlaşdırılmasının qarşısını alan "Kral klubu”na qarşı tətbiq edilən transfer qadağası olub. Əks təqdirdə, Peres 30 yaşlı portuqalıyalı forvardın bu yay satışını reallaşdırmağı düşünürmüş.

Hazırda Ronaldoya bir sıra nəhəng klublar maraq göstərir. Onların arasında Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted” və "Mançester Siti” klubları da yer alır.

Transfer dəyəri 105 milyon avro qiymətləndirilən portuqaliyalı ulduz özü isə bir müddət əvvəl ABŞ-ın MLS liqasına həvəs göstərdiyini bildirmişdi.