"Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurdu. Olimpnews.az saytının klubun mətbuat xidmətindən aldığı məlumata görə, "qartallar” toplanışın son günündə yoxlama oyununda qüvvəsini sınadı. Rəqib Rumıniyanın güclü klublarından "Tırqu-Mureş” idi.
Baş məşqçi Adil Şükürov start heyətində Anar Nəzirov, Sadiq Quliyev, Yovan Krneta, Tellur Mütəllimov, Aleksandr Şemonayev, Viktor İqbekoyi, Tato, İqor İvanoviç, Nicat Qurbanov, Nurlan Novruzov və Nelson Bonillaya şans vermişdi. Oyuna yaxşı başlayan komanda tezliklə hesabı açdı. Təşkil olunan baxımlı hücumu Tato qolla tamamladı – 1:0.
İkinci hissədə Rəşad Abdullayev, Vüsal İsgəndərli və Ruslan Poladov da meydana çıxdı. Fasiləyə qədər hesab dəyişmədi. Fasilədən sonra "Tırqu-Mureş”li futbolçular nisbətən fəallığı artırdılar. Ancaq "Zirə" xüsusi ilə sürətli hücumlarla bir neçə dəfə hesabı artırmaq imkanı qazandı. Son dəqiqələrdə Nurlan Novruzovun fərqlənməsinə qapı dirəyi imkan vermədi. Buna qədər isə Nelson və Rəşadın qarşısını qapıçı kəsmişdi. Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatdı.
Qeyd edək ki, Dieqo de Souza ilə Tərzin Cahangirov zədə səbəbindən, Təmkin Xəlilzadə isə xəstəlikdən sonra tam hazır olmadığından oyunda iştirak edə bilmədilər.