“Əminəm ki, çempionat Rusiyada təşkil olunacaq”

“Əminəm ki, çempionat Rusiyada təşkil olunacaq”

FIFA prezidentliyinə namizəd şeyx Salman bin İbrahim əl-Xəlifə əmindir ki, 2018-ci ilin dünya çempionatı Rusiyada keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, o, FİFA-nın seçkilərində qalib gələcəyi təqdirdə turnirin məhz Rusiyada keçirilməsi üçün əlindən gələn hər şeyi edəcəyini vurğulayıb.

Şeyx Salman Rusiyanın "P-Sport” agentliyinə müsahibəsində deyib: "Məndə olan məlumatlara əsaslanaraq bildirirəm ki, 2018-ci ildə dünya çempionatının Rusiyada keçirilməyəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Əminəm ki, çempionat Rusiyada təşkil olunacaq. Prezident seçiləcəyim təqdirdə bunun baş tutması üçün əlimdən gələni edəcəyəm. Dünya çempionatına hazırlıq zamanı Rusiyanın artıq nümayiş etdirdiyi inanılmaz tərəqqidən xəbərim var. Dünya çempionatının startının Rusiyada bayram ediləcəyi anı səbirsizliklə gözləyirəm. 2022-ci ildə Qətərdə keçiriləcək turnir barədə də eyni sözləri deyə bilərəm”.

Qeyd edək ki, daha əvvəl KİV-lər şeyx Salmanın seçkiqabağı səsləndirdiyi başqa fikirləri də sitat gətirmişdilər. O, FİFA-nın prezidenti seçkilərində qalib gələcəyi halda 2018 və 2022-ci illərin dünya çempionatlarının sifariş ərizələrinə yenidən baxmağa hazır olduğunu bildirmişdi.

Şeyx Salman demişdi: "İrqçilik barədə çığır-bağır salanlar Rusiyanın ünvanına ittihamlar yağdırmazdan əvvəl öz ölkələrinə diqqət yetirməlidirlər. Əlbəttə, biz hər yerdə irqçiliyin kökünü kəsməliyik. Amma açıq-aşkar görünənlərə göz yummaq olmaz. Bəzi ölkələrdəki gizli irqçilik çox vaxt stadionda ədəbsiz sözlər söyləyən hansısa bir fanatın hərəkətindən daha pisdir. Elə ölkələr var ki, orada irqçilik az qala qanuniləşdirilib. Odur ki, gəlin ayıq-sayıq olaq, amma ədalətli qərarlar verək”.
Bukmekerlərin fikrincə, şeyx Salman bin İbrahim əl-Xəlifə fevralın 26-da keçiriləcək FİFA prezidenti seçkilərində əsas favoritdir.

Onunla yanaşı seçkilərdə FİFA-nın baş katibinin keçmiş birinci müavini, fransız Jerom Şampan, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Cənubi afrikalı Tokio Seksvale və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi Canni İnfantino iştirak edəcəklər.