Premyer Liqanın XX turunun iki qarşılaşması baş tutub

Premyer Liqanın XX turunun iki qarşılaşması baş tutub



Fevralın 6-da Azərbaycan Premyer Liqasının XX turunun daha iki qarşılaşması baş tutub.
İlk oyun Sumqayıtda eyniadlı klubla "Zirə” arasında keçirilib.
"Sumqayıt” üç oyun dalbadal məğlubiyyət acısına son verə bilməyib. Əvəzində Adil Şükürovun yetirmələri hazırda qərarlaşdıqları ikinci pilləni qorumaq üçün qarşılaşmadan üç xalla ayrılıb - 0:2. Qonaqların heyətində 4-cü dəqiqədə Nelson Bonilla, ikinci hissənin əlavə edilmiş ikinci dəqiqəsində isə Rəşad Abdullayev fərqləniblər.
Günün ikinci matçında isə son çempion "Qarabağ”la "Xəzər-Lənkəran” üz-üzə gəlib. Ağdam təmsilçisi bu turadək dörd oyunda qələbə qazana bilməmişdi. Qurban Qurbanovun yetirmələri "Xəzər-Lənkəran”ın qapısından üç cavabsız top keçirərək qələbə qazanıblar. Hər üç qol ikinci yarıya təsadüf edib. 71-ci dəqiqədə Dani cərimə zərbəsindən topu tora göndərib. 88-ci dəqiqədə Riçard Almeyda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunun əsas vaxtına artırılan ikinci dəqiqədə isə Samuel Armenteros komandasının sonuncu qolunu rəsmiləşdirib.
Beləliklə, "Qarabağ” turnir cədvəlində xallarının sayını 41-ə çatdırıb. "Xəzər-Lənkəran” isə 13 xalla doqquzuncu sırada yerini qoruyub.
Tura fevralın 7-də oynanılacaq daha iki görüşlə yekun vurulacaq.