Dünyanın ən böyük stadionundan söhbət düşəndə ilk növbədə "Marakana”nın adı çəkilirdi. Amma dövr dəyişdi, infrastruktur inkişaf etdi, yeni-yeni nəhəng arenalar tikildi. 200 minə yaxın tamaşaçı tutumuna malik olan "Marakana” özünün "nəhənglik” statusunu itirdi və indi heç "ilk iyirmilik”də belə, yer almır. Buna səbəb rekonstruksiyadan sonra arenanın tamaşaçı tutumunun 73531-ə qədər azaldılmasıdır.
Maraqlı olacağını nəzərə alaraq, Olimpnews.az saytı dünyanın ən böyük 25 stadionunu oxuculara təqdim edir. Bu siyahıda təkcə futbol yox, kriket arenaları da yer alıb.
25. "Burc Əl-Ərəb”
Tutumu: 86000
Misirin ən böyük, tamaşaçı sayına görə isə Afrikanın ikinci stadionudur. 2006-cı ildə Misir ordusunun mühəndisləri tərəfindən inşa olunan arena Aleksandriya yaxınlığındakı Burc Əl-Ərəbi adlı kurort şəhərində yerləşir. Bu stadion əslində DÇ-2010-a ev sahibliyi etmək üçün tikilmişdi. Amma Misir ev sahibliyi uğrunda mübarizədə CAR-a uduzdu. "Burc Əl-Ərəb”də Misir kubokunun finalı, yığmanın oyunları və yerli klubların vacib oyunları keçirilir.
24. "Memorial” stadionu
Tutumu: 87091
1923-cü ildə ABŞ-ın Nebraska ştatının Linkoln şəhərində tikilib. Burada Nebraska Universitetinin komandası Amerika futbolu üzrə oyunlarını keçirir.
23. "Cordan-Heyr”
Tutumu: 87451
1939-cu ildə Alabama (ABŞ) ştatının Obern şəhərində tikilən arenada şəhərin Amerika futbolu üzrə ixtisaslaşmış "Obern pələngləri” ("Auburn Tigers”) komandası ev oyunlarını keçirir.
22. "Bunq Karno”
Tutumu: 88083
İndoneziyanın paytaxtı Cakartada yerləşən arena 1960-cı ildə tikilib. Asiya Oyunları (1962) burada keçirilib. Ölkənin ən böyük stadionu olan "Bunq Karno” hazırda İndoneziya millisinin oyunlarını qəbul edir.
21. "Ben Hill Qriffin”
Tutumu: 88548
Florida (ABŞ) ştatının Qeynsvill şəhərində yerləşir. Bura universitetin "Florida Gators” ("Floridalı alliqatorlar”) adlı Amerika futbolu komandasına məxsusdur.
20. "Uembli”
Tutumu: 90000
2007-ci ildə Londonda yenidən tikilən bu möhtəşəm arenada İngiltərə millisi ev oyunlarını keçirir. Həmçinin burada İngiltərə kubokunun final oyunları təşkil edilir. "Saracens” reqbi komandası da "Uembli”də oynayır.
19. "Azadi”
Tutumu: 91623
Stadion 1971-ci ildə inşa edilib və Asiya Oyunları-1974 burada keçirilib. İran millisinin bir çox oyunları burada təşkil olunur. "Persepolis” və "Esteqlal” klubları da "Azadi”dən yararlanır.
Hazırladı:
Leyla Əsədova
(ardı var)